Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Bakıda 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan “İnsan hüquqları: həyatımızın əsas dəyərləri” mövzusunda xüsusi tədbir keçirilib.
Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Birləşmiş Millətlər Təşkilatının
Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Bakıda 10 dekabr -
Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “İnsan Hüquqları: həyatımızın əsas
dəyərləri” mövzusunda xüsusi tədbir keçirilib.
Tədbirdə BMT-nin Rezident Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçi, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov, vəkillər və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə açılış nitqi ilə
çıxış edən BMT-nin Rezident Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçi
günün əhəmiyyətindən və insan hüquqlarının qorunmasının vacibliyindən danışıb.
Ombudsman Aparatının rəhbəri
Aydın Səfixanlı isə çıxışında bildirib ki, Azərbaycanda hüquqlar yalnız bəyan
edilməklə kifayətlənməmiş, onların müdafiəsi istiqamətində addımlar atılmış və
çoxsəviyyəli hüquq müdafiə mexanizmləri yaradılmışdır.
Vəkillər Kollegiyasının sədr
müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov mərasimin
açılışında çıxış edərək iştirakçıları Kollegiya və bütün vəkil korpusu adından
salamlayıb, tədbirin işinə uğurlar arzulayıb.
Çıxışında Şahmar Məmmədov
diqqətə çatdırıb ki, insan hüquq və azadlıqlarının qorunması mühüm əhəmiyyət kəsb
edir. Bu il 30 illiyi qeyd olunan Azərbaycan Konstitusiyasında hər kəsin
doğulduğu andan malik olduğu toxunulmaz, pozulmaz və ayrılmaz hüquqların təminatı
xüsusi vurğulanır. Bu hüquqların müdafiəsi və keyfiyyətli hüquqi yardımın göstərilməsi
isə vəkillərin üzərinə düşən peşə borcudur.
Sədr müavini bildirib ki,
10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü bu baxımdan xüsusi əhəmiyyət
daşıyır və Vəkillər Kollegiyası tərəfindən hər zaman diqqət mərkəzində
saxlanılır. Bu məqsədlə vəkilliyə namizədlərin icbari təlim proqramlarında, həmçinin
vəkillərin davamlı tədris kurslarında insan hüquq və azadlıqlarına dair
mövzular geniş yer tutur.
Eyni zamanda hər il ənənəvi
olaraq respublika üzrə “Açıq qapı” günü təşkil edilir. Bu aksiyalar çərçivəsində
yüzlərlə aztəminatlı və həssas kateqoriyadan olan şəxslərə pulsuz hüquqi yardım
göstərilir.
Tədbir çərçivəsində Vəkillər Kollegiyasının üzvlərinin, Ombudsman Aparatının və BMT-nin əməkdaşlarının iştirakı ilə “Fibonacci” intellektual oyunu da təşkil edilib. Maraqlı və dinamik mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən Vəkillər Kollegiyasının komandası qalib adını qazanıb.



