10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə pulsuz hüquqi yardımla bağlı respublika üzrə fəaliyyət göstərən vəkil qurumlarında ənənəvi “Açıq qapı” günü təşkil edilib.
Bu çərçivədə “Pro Bono”, “Presedent”, “Union” Vəkil büroları, Bakı şəhəri 5, 7 və 38 saylı Vəkil büroları, eləcə də Abşeron rayon, Gəncə Regional, Şəki Regional və Şirvan Regional Vəkil bürolarının vəkilləri aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstəriblər.
Müraciət edən vətəndaşların
əsas şikayət və sorğuları cinayət və inzibati işlər, mülkiyyət hüququ, hüquqi
faktların müəyyən edilməsi, pensiya təminatı, kredit mübahisələri, mənzil məsələləri
və digər sosial xarakterli hüquqi problemlərlə bağlı olub. Vəkillər tərəfindən
mövcud problemlərin araşdırılması, onların həlli istiqamətində ilkin tədbirlərin
görülməsi, hüquqi sənədlərin tərtibi və davamlı hüquqi yardımın göstərilməsi təmin
edilib.
Aksiya çərçivəsində ümumilikdə 60-dan çox vətəndaş keyfiyyətli hüquqi məsləhətlərlə təmin olunub və onlara zəruri yazılı ərizələr hazırlanıb.







































