"Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Məclis və Vəkillər Kollegiyasının birgə təşəbbüsü ilə aztəminatlı və sosial həssas qruplardan olan şəxslərə pulsuz hüquqi yardım göstərilməsi məqsədilə regionlarda növbəti sosial-hüquqi aksiyalar keçirilib.
2025-ci il 10 və 11 dekabr
tarixlərində təşkil olunan aksiyalar çərçivəsində Beyləqan və Göyçay
rayonlarında vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi təşkil olunub.
Belə ki, Beyləqan rayon
Heydər Əliyev Mərkəzində deputat Şahin İsmayılov və Göyçay rayonu Heydər Əliyev
Mərkəzində deputat Sabir Hacıyevin təşəbbüsü və Kollegiyanın dəstəyi ilə vətəndaşlara
pulsuz hüquqi yardımın göstərilməsi təmin edilib.
Aksiyalarda Beyləqan, Ağcabədi
və Göyçay rayon Vəkil bürolarının vəkilləri tərəfindən ümumilikdə 80 vətəndaşa
müxtəlif hüquq sahələri üzrə pulsuz hüquqi yardım göstərilib.
Vətəndaşlara inzibati işlər, mülkiyyət hüquqlarının müdafiəsi, torpaq mübahisələri, aliment tələbləri, əlilliyin təyin olunması və digər sosial xarakterli məsələlər üzrə hüquqi məsləhətlər verilib, müraciətlər fərdi qaydada araşdırılaraq aidiyyəti qurumlara yönləndirilib.









