Rumıniya Vəkillər Kollegiyasının (RVK) dəvəti ilə bu ölkənin paytaxtı Buxarest şəhərində səfərdə olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti 2025-ci il dekabrın 12-də RVK-nın İllik Konfransında iştirak edib.
RVK-nın sədri Traian
Briciu açılış nitqi ilə çıxış edərək nümayəndə heyətini səmimiyyətlə salamlayıb
və dəvəti qəbul edərək Buxarest şəhərinə səfər etdiyi üçün VK rəhbərliyinə dərin
minnətdarlığını ifadə edib. O, iki ölkənin qurumları arasında əməkdaşlığın
inkişafının mühüm əhəmiyyət daşıdığını söyləyib.
VK-nın sədri Anar Bağırov
İllik Konfransda çıxış edərək göstərilən yüksək qonaqpərvərliyə və səmimi qəbula
görə təşəkkürünü bildirib. Sədr Azərbaycan və Rumıniya Vəkillər kollegiyaları
arasında mövcud əməkdaşlığın əhəmiyyətini nəzərə çatdıraraq bu cür görüşlərin
iki ölkə vəkilləri arasında peşəkar münasibətlərin möhkəmləndirilməsində mühüm
rol oynadığını qeyd edib. Eyni zamanda Anar Bağırov qurumlar arasında əməkdaşlığın
gələcəkdə də daha sistemli, məqsədyönlü və geniş formatda davam etdiriləcəyinə əminliyini
ifadə edib.
İllik Konfrans çərçivəsində
nümayəndə heyətinə xüsusi diqqət və ehtiram əlaməti olaraq “Ədliyyənin rəqəmsal
gələcəyi” mövzusunda təqdimat Azərbaycan dilində nümayiş etdirilib.
Daha sonra iki qurum
arasında geniş tərkibdə görüş keçirilib.
Görüşdə Kollegiyanın sədri
Anar Bağırov son illərdə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları və
bu islahatların tərkib hissəsi olaraq VK-da görülən genişmiqyaslı işlər, mühüm
yeniliklər, habelə əldə olunan nəticələr barədə məlumat verib. Sədr xüsusilə vəkillərin
sayının əhəmiyyətli dərəcədə artmasını, vəkillik institutunun nüfuzunun yüksəlməsini
və peşə fəaliyyətinin daha müasir standartlara uyğunlaşdırılmasını qeyd edib. Həmçinin
Anar Bağırov vəkilliyə qəbul qaydalarında tətbiq olunan şəffaf və obyektiv
mexanizmlər, göstərilən elektron xidmətlərin genişləndirilməsi, Kollegiyanın
maliyyə müstəqilliyi istiqamətində görülən işlər və gənc hüquqşünaslara verilən
dəstək haqqında söz açıb.
Bununla yanaşı, sədr vəkillərin
davamlı tədris proqramlarında iştirakının əhəmiyyətini vurğulayıb, pulsuz və
dövlət hesabına göstərilən hüquqi yardımlar, sosial layihələr, aztəminatlı şəxslərə
dəstək tədbirləri, maddi-texniki bazanın gücləndirilməsi, eləcə də Hüquqi
Yardım və Tədris Mərkəzlərinin və digər qurumlarının fəaliyyəti barədə danışıb.
Eyni zamanda sədr “Vəkillər
və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş mütərəqqi köklü dəyişiklikləri
diqqətə çatdıraraq bu Qanunun vəkillik institutunun daha da gücləndirilməsinə,
peşə fəaliyyətinin səmərəli və müasir tələblərə uyğun təşkilinə xidmət etdiyini
vurğulayıb, Azərbaycanın bu sahədə formalaşmış müsbət təcrübəsini görüş
iştirakçıları ilə bölüşüb.
Anar Bağırov bildirib ki,
Azərbaycan torpaqları Ermənistanın 30 illik işğalından azad edildikdən sonra
dövlətimizin beynəlxalq səviyyədə tanınan sərhədləri, ərazi bütövlüyü və
suverenliyi tam bərpa olunub. Hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa
və quruculuq işləri aparılır, yeni yaşayış məntəqələri inşa olunur və keçmiş məcburi
köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Nəzərə çatdırılıb ki, ölkələr
arasında mövcud olan regional və beynəlxalq əməkdaşlığın hər iki dövlət
arasında ticarət və iqtisadi əlaqələrin genişlənməsi fonunda vətəndaşlara
keyfiyyətli hüquqi yardımın göstərilməsi, hüquqi xidmətlərin təşkili və
qarşılıqlı əməkdaşlığın gücləndirilməsi də təmin olunacaq.
Sonra VK Aparatının Beynəlxalq
əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə Kollegiyanın fəaliyyəti və əsas
istiqamətləri üzrə görülən işlərə dair təqdimatla çıxış edib.
Həmçinin görüş zamanı
iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb, ikitərəfli əməkdaşlığın
daha da dərinləşdirilməsi istiqamətləri nəzərdən keçirilib. Tərəflər qarşılıqlı
maraq doğuran müxtəlif məsələləri müzakirə edərək gələcək birgə fəaliyyət üçün
potensial imkanlar barədə razılıqlarını ifadə ediblər.
Eyni zamanda görüş çərçivəsində
iştirakçılar arasında qarşılıqlı hədiyyələr təqdim olunub və sonda rəsmi ziyafət
təşkil edilib.
Qeyd edək ki, geniş tərkibdə görüşdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov da iştirak edib.









