Cari il dekabrın 11-13 tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniya Vəkillər Kollegiyasının (RVK) dəvəti ilə bu ölkənin paytaxtı Buxarest şəhərində rəsmi səfərdə olub.
SƏFƏRİN
İLK GÜNÜ
Ulu Öndər Heydər Əliyevin abidəsini
ziyarət
Nümayəndə heyəti
Buxarestin Tey Parkında ucaldılmış müasir müstəqil Azərbaycanın memarı və
qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin abidəsini
ziyarət edib. Abidənin önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi
böyük ehtiram və dərin hörmətlə anılıb.
Ədliyyə Nazirliyində görüş
Səfər çərçivəsində nümayəndə
heyəti Rumıniyanın Ədliyyə Nazirliyində görüş keçirib.
Görüş zamanı Azərbaycan və
Rumıniya arasında mövcud olan səmimi və dostluq münasibətləri xüsusi
vurğulanıb, ikitərəfli əlaqələrin hüquqi sahədə daha da genişləndirilməsi
istiqamətində görülən işlər və gələcək əməkdaşlıq perspektivləri ətrafında
geniş fikir mübadiləsi aparılıb.
Rumıniyanın Ədliyyə
Nazirliyinin Dövlət katibi Roksana Simona Momeu ölkəsinin ədliyyə sistemində həyata
keçirilən islahatlar, praktiki tətbiqlər barədə ətraflı məlumat verib, həmçinin
Rumıniya Vəkillər Kollegiyasının fəaliyyəti və birgə əməkdaşlıq sahəsində görülən
işlər haqqında danışıb.
Kollegiyanın sədri Anar
Bağırov qarşı tərəfə göstərilən səmimi qəbula və dəvətə görə təşəkkür edərək
Rumıniyanın Azərbaycan üçün mühüm tərəfdaş ölkələrdən biri olduğunu vurğulayıb.
Sədr iki ölkə arasında siyasi və iqtisadi sahələrdə inkişaf edən münasibətlərin
hüquqi əməkdaşlıq üçün də möhkəm zəmin yaratdığını qeyd edib. Həmçinin sədr
VK-nın son illərdə gördüyü işlər, həyata keçirilən layihələr barədə ətraflı məlumat
verib və ötən dövrlər vəkillərin sayının 3 dəfədən çox artdığını nəzərə
çatdırıb.
Anar Bağırov Vəkillər
Kollegiyasının tam müstəqil təsisat kimi fəaliyyət göstərdiyini vurğulayaraq,
Ədliyyə Nazirliyi ilə səmərəli və konstruktiv əməkdaşlıq çərçivəsində həyata
keçirilən tədbirlər haqqında danışıb. Sədr Ədliyyə Akademiyasında vəkilliyə
namizədlər üçün icbari təlim proqramlarının əhəmiyyətini, eləcə də vəkillər
üçün davamlı tədris kurslarının peşə hazırlığının artırılmasında mühüm rol
oynadığını xüsusi qeyd edib.
Görüş zamanı qarşılıqlı
maraq doğuran digər məsələlər də müzakirə olunub.
SƏFƏRİN
İKİNCİ GÜNÜ
VK sədri Anar Bağırovun rəhbərlik
etdiyi nümayəndə heyəti Azərbaycan bu ölkədəki səfirliyini ziyarət edib.
Ziyarət zamanı nümayəndə
heyəti səfirliyin heyəti ilə görüşüb, iş şəraiti ilə maraqlanıb.
Azərbaycanın Rumıniyadakı
fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov nümayəndə heyətini səmimiyyətlə
salamlayaraq görüşdən məmnunluğunu ifadə edib, Azərbaycan-Rumıniya münasibətlərinin
son illər dinamik şəkildə inkişaf etdiyini diqqətə çatdırıb.
Anar Bağırov çıxış edərək
dəvətə və səmimi qəbula görə təşəkkürünü bildirib, Rumıniyaya səfərin əsas məqsədinin
iki ölkə arasında vəkillik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi,
qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi olduğunu vurğulayıb.
Sədr Azərbaycanda məhkəmə-hüquq
sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi, vəkillik fəaliyyətinin
davamlı inkişafı istiqamətində həyata keçirilən islahatlardan bəhs edib, vəkillik
institutunun müstəqilliyinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən
qoyulduğunu vurğulayıb. Anar Bağırov müstəqil Azərbaycanın Konstitusiyasının məhz
Ulu Öndərin rəhbərliyi ilə hazırlandığını xatırladaraq, bu sənədin hüquqi dövlət
quruculuğunda mühüm rolunu xüsusi qeyd edib.
Görüş zamanı qarşılıqlı
maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Anar Bağırov səfirlik
binasına Kollegiyanın rəsmi emblemini və nəfis şəkildə hazırlanmış Konstitusiya
kitabını hədiyyə edib.
İllik Konfrans
Nümayəndə heyəti RVK-nın
İllik Konfransında iştirak edib.
RVK-nın sədri Traian
Briciu açılış nitqi ilə çıxış edərək nümayəndə heyətini səmimiyyətlə salamlayıb
və dəvəti qəbul edərək Buxarest şəhərinə səfər etdiyi üçün VK rəhbərliyinə dərin
minnətdarlığını ifadə edib. O, iki ölkənin qurumları arasında əməkdaşlığın
inkişafının mühüm əhəmiyyət daşıdığını söyləyib.
VK-nın sədri Anar Bağırov
İllik Konfransda çıxış edərək göstərilən yüksək qonaqpərvərliyə və səmimi qəbula
görə təşəkkürünü bildirib. Sədr Azərbaycan və Rumıniya Vəkillər kollegiyaları
arasında mövcud əməkdaşlığın əhəmiyyətini nəzərə çatdıraraq bu cür görüşlərin
iki ölkə vəkilləri arasında peşəkar münasibətlərin möhkəmləndirilməsində mühüm
rol oynadığını qeyd edib. Eyni zamanda Anar Bağırov qurumlar arasında əməkdaşlığın
gələcəkdə də daha sistemli, məqsədyönlü və geniş formatda davam etdiriləcəyinə əminliyini
ifadə edib.
İllik Konfrans çərçivəsində
nümayəndə heyətinə xüsusi diqqət və ehtiram əlaməti olaraq “Ədliyyənin rəqəmsal
gələcəyi” mövzusunda təqdimat Azərbaycan dilində nümayiş etdirilib.
Geniş tərkibdə görüş
Görüşdə Kollegiyanın sədri
Anar Bağırov son illərdə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları və
bu islahatların tərkib hissəsi olaraq VK-da görülən genişmiqyaslı işlər, mühüm
yeniliklər, habelə əldə olunan nəticələr barədə məlumat verib. Sədr xüsusilə vəkillərin
sayının əhəmiyyətli dərəcədə artmasını, vəkillik institutunun nüfuzunun yüksəlməsini
və peşə fəaliyyətinin daha müasir standartlara uyğunlaşdırılmasını qeyd edib. Həmçinin
Anar Bağırov vəkilliyə qəbul qaydalarında tətbiq olunan şəffaf və obyektiv
mexanizmlər, göstərilən elektron xidmətlərin genişləndirilməsi, Kollegiyanın
maliyyə müstəqilliyi istiqamətində görülən işlər və gənc hüquqşünaslara verilən
dəstək haqqında söz açıb.
Bununla yanaşı, sədr vəkillərin
davamlı tədris proqramlarında iştirakının əhəmiyyətini vurğulayıb, pulsuz və
dövlət hesabına göstərilən hüquqi yardımlar, sosial layihələr, aztəminatlı şəxslərə
dəstək tədbirləri, maddi-texniki bazanın gücləndirilməsi, eləcə də Hüquqi
Yardım və Tədris Mərkəzlərinin və digər qurumlarının fəaliyyəti barədə danışıb.
Eyni zamanda sədr “Vəkillər
və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş mütərəqqi köklü dəyişiklikləri
diqqətə çatdıraraq bu Qanunun vəkillik institutunun daha da gücləndirilməsinə,
peşə fəaliyyətinin səmərəli və müasir tələblərə uyğun təşkilinə xidmət etdiyini
vurğulayıb, Azərbaycanın bu sahədə formalaşmış müsbət təcrübəsini görüş
iştirakçıları ilə bölüşüb.
Anar Bağırov bildirib ki,
Azərbaycan torpaqları Ermənistanın 30 illik işğalından azad edildikdən sonra
dövlətimizin beynəlxalq səviyyədə tanınan sərhədləri, ərazi bütövlüyü və
suverenliyi tam bərpa olunub. Hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa
və quruculuq işləri aparılır, yeni yaşayış məntəqələri inşa olunur və keçmiş məcburi
köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Nəzərə çatdırılıb ki, ölkələr
arasında mövcud olan regional və beynəlxalq əməkdaşlığın hər iki dövlət
arasında ticarət və iqtisadi əlaqələrin genişlənməsi fonunda vətəndaşlara
keyfiyyətli hüquqi yardımın göstərilməsi, hüquqi xidmətlərin təşkili və
qarşılıqlı əməkdaşlığın gücləndirilməsi də təmin olunacaq.
Həmçinin görüş zamanı
iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb, ikitərəfli əməkdaşlığın
daha da dərinləşdirilməsi istiqamətləri nəzərdən keçirilib.
Eyni zamanda görüş çərçivəsində
iştirakçılar arasında qarşılıqlı hədiyyələr təqdim olunub və sonda rəsmi ziyafət
təşkil edilib.
Qeyd edək ki, Ədliyyə
Nazirliyində və geniş tərkibdə görüşlərdə Azərbaycanın Rumıniyadakı səfiri
Qüdsi Osmanov da iştirak edib.
Bununla da VK-nın nümayəndə heyətinin Rumıniyaya rəsmi səfəri başa çatıb.


















