Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə “Şəxsi məlumatlar və kiberistismar - internet cinayətləri” mövzusunda təlim keçirilib

16 dekabr 2025    542 share share

Dekabrın 13-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Şəxsi məlumatlar və kiberistismar - internet cinayətləri” mövzusunda əyani qaydada təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı məsələləri qeyd edib. Qeyd olunub ki, şəxsi məlumatların qorunması və kiberistismara qarşı mübarizə müasir hüquqi sistemin qarşısında duran əsas məsələlərdəndir. İnternetin sürətli inkişafı ilə əlaqədar olaraq, bu məsələlərin hüquqi tənzimlənməsi hər keçən gün daha da önəmli hala gəlir.

Həmçinin “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalının “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş xüsusi buraxılışı iştirakçılara təqdim olunub, jurnalın elmi əhəmiyyəti onların diqqətinə çatdırılıb.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, “Kibercinayətkarlıq” Komitəsinin sədri, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin “Hüquq klinikası”nın rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Asif Mustafayev şəxsi məlumatların qanunsuz istifadəsi və hüquqi nəticələri, məlumatların məxfi saxlanmasına dair hüquqi tələblər, kiberhücumların hüquqi tənzimlənməsi, elektron məlumatların təhlükəsizliyi və digər əlaqəli məsələlər barədə geniş çıxış edib.

Sonda vəkillərin müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb, məhkəmə praktikasındakı müxtəlif işlər birgə müzakirə edilib.

Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 27 üzvü iştirak edib.