2025-ci il dekabrın 17-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində ELSA Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının tam dəstəyi ilə təşkil olunan Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının XI buraxılışının final mərhələsi keçirilib.
Tədbirin açılışında
Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Ziya Qasımov çıxış edərək
iştirakçıları salamlayıb, müsabiqənin tələbələrin hüquqi bilik və praktiki
bacarıqlarının formalaşmasında mühüm rol oynadığını vurğulayıb və onlara
uğurlar arzulayıb.
Sonra Konstitusiya Məhkəməsinin
İnsan hüquqları və analitik şöbəsinin müdiri Anar Cəfərov çıxış edərək
iştirakçılara gələcək fəaliyyətlərində uğurlar diləyib, belə yarışların insan
hüquqlarının müdafiəsi mexanizmlərinə və hüquqi düşüncə mədəniyyətinin
formalaşmasına mühüm töhfə verdiyini qeyd edib.
Eyni zamanda ELSA Azərbaycanın
rəhbəri Tarif Hüseynov və təşkilatın Səhnələşdirilmiş Məhkəmə Müsabiqələri üzrə
vitse-prezidenti Səmayə Abbasquliyeva çıxış edərək ELSA Azərbaycan və Vəkillər
Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində keçirilən Avropa İnsan Hüquqları
Məhkəməsi Simulyasiyasının əhəmiyyətindən danışıb, yarışın qaydaları barədə məlumat
veriblər.
Daha sonra səhnələşdirilmiş
məhkəmə prosesi keçirilib.
Final mərhələsində hakimlər
qismində 9 nəfərlik tərkibdə Kollegiyanın Aparat rəhbərinin müavini Səttar Məmmədov,
Kollegiyanın üzvləri - Sevinc Əliyeva, Şəfa Camalzadə, Sadiq Bağırov və Qəndab
Fərəcova, habelə hüquqşünaslar Füzuli Cəbrayıllı, Nəzrin Əliyeva, Orxan Bəşirli
və Kamil Dəmirli iştirak ediblər.
Həlledici mərhələdə
“Aletheia” və “Corpus Delicti” komandaları üz-üzə gəlib. Müsabiqənin nəticələrinə
əsasən, “Corpus Delicti” komandasını təmsil edən Bakı Dövlət Universitetinin
III kurs tələbələri Gülnar Mütəllibova və Zəhra Hüseynova I yerə layiq görülüb,
həmçinin “Ən yaxşı memorial (cavabdeh kimi)” nominasiyası üzrə qalib elan
olunublar.
“Aletheia” komandasının
üzvləri, Bakı Dövlət Universitetinin II kurs tələbələri Aydan Məcidli və Aytac
Məmmədova II yeri tutaraq “Ən yaxşı memorial (ərizəçi kimi)” nominasiyasına
layiq görülüblər. Eyni zamanda Gülnar Mütəllibova müsabiqənin “Ən yaxşı natiqi”
seçilib.
Sonda Vəkillər Kollegiyasının
Aparat rəhbərinin müavini Səttar Məmmədov bağlanış nitqi ilə çıxış edərək qalib
komandaları təbrik edib. Ardınca Səttar Məmmədov və Konstitusiya Məhkəməsinin
Aparat rəhbərinin müavini Ziya Qasımov tərəfindən qaliblərə mükafatlar təqdim
olunub.
Müsabiqədə iştirak edən hər iki komandaya pul mükafatları (I yer – 500 AZN, II yer – 250 AZN) və sertifikatlar, qalib komandanın üzvlərinə isə kuboklar ilə təltif ediliblər.






















