Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının sədr müavini Polis Akademiyasında “Müasir dövrdə insan hüquqlarının təminatının aktual problemləri” mövzusunda respublika elmi-praktik konfransda çıxış edib

21 dekabr 2025    761 share share

19 dekabr 2025-ci il tarixində Polis Akademiyasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin 77-ci ildönümünə həsr olunmuş “Müasir dövrdə insan hüquqlarının təminatının aktual problemləri” mövzusunda respublika elmi-praktik konfrans keçirilib. 

Tədbirdə Milli Məclisin deputatları, Konstitusiya Məhkəməsi, Hüquq və İnsan Haqları İnstitutu, Mediasiya Şurası, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, “Azərbaycan Hakimlər İttifaqı” İctimai Birliyi, Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və DİN-in struktur bölmələrinin nümayəndələri, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və DİN-in Polis Akademiyasının professor-müəllim heyəti, tələbələr və kursantları iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda şəhid olanların xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib.

Ardınca Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov konfransı açıq elan edərək 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi elan olunmasının insan hüquqlarının təminatı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və elmi-praktik konfransın işinə uğurlar arzulayıb.

Konfransda çıxış edən Milli Məclisin deputatları Əli Hüseynli və Zahid Oruc tədbirin konstitusion dəyərlərin aktuallaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını, “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin insan hüquq və azadlıqları sahəsində fundamental beynəlxalq sənəd olduğunu qeyd ediblər.

Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov çıxış edərək iştirakçıların hər birini salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Sədr müavini bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqlarının tanınması, qorunması və müdafiəsi dövlətin ali məqsədi kimi müəyyən edilib. Konstitusiyanın ruhu ondan ibarətdir ki, insan hüquqları yalnız bəyan edilən prinsiplər deyil, real həyatda təmin olunan hüquqi imkanlardır. Bu baxımdan hüquq-mühafizə orqanlarının, o cümlədən polis əməkdaşlarının və vəkillərin fəaliyyəti arasında qarşılıqlı əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edən digər rəsmi şəxslər və alimlər insan hüquqlarının müasir çağırışlar fonunda qorunması, konstitusion dəyərlərin möhkəmləndirilməsi, qlobal təhlükəsizlik və süni intellektin hüquqi tənzimlənməsi məsələlərinə toxunublar.

Konfrans müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.