Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə “İnzibati məhkəmə icraatında nəzəri və praktiki problemlər” mövzusunda təlim keçirilib

22 dekabr 2025    592 share share

Dekabrın 20-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “İnzibati məhkəmə icraatında nəzəri və praktiki problemlər” mövzusunda əyani qaydada interaktiv təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı məsələlərə toxunub. Qeyd olunub ki, bu sahədə mövcud boşluq və ziddiyyətlərin aşkar edilməsi inzibati ədalət mühakiməsinin səmərəliliyini artırır, vətəndaşların hüquqlarının müdafiəsini gücləndirir və inzibati orqanların qanunauyğun fəaliyyətinə töhfə verir.

Həmçinin “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalının “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş xüsusi buraxılışı iştirakçılara təqdim olunub, jurnalın elmi əhəmiyyəti onların diqqətinə çatdırılıb. Eyni zamanda, iştirakçılara təlim mövzusu üzrə materiallar paylanılıb.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü Vəfadar Piriyev inzibati məhkəmə icraatının hüquqi təbiəti, inzibati məhkəmə icraatında tərəflərin prosessual statusu, inzibati məhkəmələrdə qərarların əsaslandırılması problemləri, o cümlədən inzibati məhkəmə təcrübəsində normativ aktların şərhi, iddia strategiyasının qurulması və digər əlaqəli məsələlər üzrə geniş çıxış edib.

Təlimçi mövzu üzrə mövcud məhkəmə praktikasında qarşılaşdığı işlər barədə öz təcrübəsini vəkillərlə bölüşüb.

Təlimin sonunda çoxsaylı suallar müzakirə olunub.

Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 32 üzvü iştirak edib.