2025-ci il dekabrın 24-də Ədliyyə Akademiyasında ədliyyə orqanlarına işə qəbul olunan şəxslər üçün təşkil edilən icbari tədris çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri, hüquq üzrə fəlsəfə doktoru (h.ü.f.d) Anar Bağırov tərəfindən “Ədalət mühakiməsinin təmin edilməsində vəkillik institutunun rolu” mövzusu tədris olunub.
Tədris zamanı Kollegiyanın
sədri ədliyyə sisteminə qoşulan yeni əməkdaşları təbrik edərək, onlara peşə fəaliyyətlərində
uğurlar arzulayıb. Anar Bağırov çıxışında son illərdə vəkillik institutunun
inkişafı istiqamətində həyata keçirilən islahatlardan, dövlət tərəfindən göstərilən
davamlı dəstəkdən, habelə bu sahədə müəyyənləşdirilmiş strateji prioritetlərdən
ətraflı bəhs edib.
Sədr xüsusilə qeyd edib
ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 fevral
2018-ci il tarixli Sərəncamı vəkilliyin inkişafında keyfiyyətcə yeni mərhələnin
əsasını qoyub. Həmin sənədin icrası nəticəsində ölkədə hüquqi yardımın keyfiyyəti
yüksəlib, vəkillərin sayı əhəmiyyətli dərəcədə artıb və bu dəyişikliklər
bütövlükdə ədliyyə sistemində peşəkarlığın və vətəndaş məmnunluğunun gücləndirilməsinə
xidmət edib.
Eyni zamanda Anar Bağırov
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş mütərəqqi və sistemli
dəyişikliklərə toxunaraq, həmin yeniliklərin vəkillik institutunun
institusional baxımdan daha da möhkəmləndirilməsinə, eləcə də peşə fəaliyyətinin
səmərəli, çevik və müasir tələblərə uyğun şəkildə təşkilinə xidmət etdiyini
vurğulayıb.
Tədris çərçivəsində sədr
hüquqi biliklərin daim artırılmasının vacibliyini, etik davranış qaydalarına
ciddi riayət edilməsinin əhəmiyyətini, qeyri-prosessual münasibətlərdən yayınmağın
zəruriliyini və vəkillərlə işgüzar əməkdaşlığın hüquqi əsaslarını
iştirakçıların diqqətinə çatdırıb. Həmçinin vəkillik institutunun hüquq
sistemindəki yeri, ədliyyə orqanları ilə qarşılıqlı münasibətlərin prinsipləri
və etik normaların praktiki tətbiqi barədə geniş izahlar verilib.
Sonda tədris interaktiv müzakirə formatında davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və praktik təcrübəyə əsaslanan fikir mübadiləsi aparılıb.

