2025-ci il dekabrın 27-də “Hilton” mehmanxanasında 28 dekabr - Vəkil Günü peşə bayramı münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) üzvlüyünə yeni qəbul olunan vəkillərin təntənəli andiçmə və peşə fəaliyyəti dövründə fərqlənən vəkillərin təltif olunması mərasimi keçirilib.
Tədbirdə VK rəhbərliyi
ilə yanaşı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin və Azərbaycan
Respublikasının Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Azərbaycan
Respublikasının Baş prokuroru Kamran Əliyev, Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin
Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, vəkil
qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri, eləcə də kütləvi informasiya
vasitələrinin nümayəndələri iştirak ediblər.
Mərasimdən əvvəl
Kollegiya rəhbərliyi, onun orqanları və qurum rəhbərləri Fəxri xiyabanı ziyarət
edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül qoyulub, dahi şəxsiyyətin
əbədiyaşar xatirəsi dərin ehtiramla yad edilib. Eyni zamanda görkəmli
oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə
tər çiçəklər düzülüb.
Sonra Kollegiyanın rəhbərliyi,
orqanları və qurum rəhbərləri Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın
müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman
Vətən övladlarının xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə tər
çiçəklər düzüblər və xatirə şəkli çəkdiriblər.
Daha sonra tədbir Qadın
Vəkillər Alyansının üzvlərinin ifasında Azərbaycan Respublikasının Dövlət
Himninin və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb. Ardınca müasir müstəqil
Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi
və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Tədbirdə Kollegiyanın
il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat xarakterli
videoçarx nümayiş olunub.
Açılış nitqi ilə çıxış
edən Kollegiyanın üzvü, VK-nın Ağsaqqallar Şurasının sədri, respublikanın əməkdar
hüquqşünası İkram Kərimov çıxış edərək vəkilliyə yeni qəbul olunmuş namizədləri
təbrik edib, onların peşə yolunda uğurlar qazanacaqlarına əminliyini ifadə
edib. Vəkillik fəaliyyətinin yüksək peşəkarlıq, etik prinsiplər və böyük məsuliyyət
tələb etdiyini vurğulayan Ağsaqqallar Şurasının sədri gənc vəkillərə insan
hüquq və azadlıqlarının müdafiəsində prinsipial mövqe nümayiş etdirməyi, bilik
və bacarıqlarını daim təkmilləşdirməyi, eləcə də vəkillik institutunun
nüfuzunun daha da artırılması istiqamətində səylə çalışmağı tövsiyə edib.
Mərasimdə Baş prokuror
Kamran Əliyev çıxış edərək xüsusilə vəkil korpusunu peşə bayramı münasibətilə təbrik
edib, onlara məsul və şərəfli fəaliyyətlərində yeni uğurlar arzulayıb, prokurorluq
və vəkillik institutunun bir-birinə çox yaxın institutlar olduğunu vurğulayıb.
Baş prokuror deyib ki, vəkillik cəmiyyətin tərkib hissəsidir. Cəmiyyətin
inkişafından və onun mövcudluğundan danışarkən vəkillik institutunu ondan ayrı,
izolyasiya olunmuş şəraitdə baxıb, onun rolunu cəmiyyətdə ədalət mühakimə
sistemindən ayrıca təhlil edə bilmərik.
Kamran Əliyevin sözlərinə
görə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra vəkillik institutunun
dinamikasında, inkişafında, ədalət mühakimə sistemində rolu tamamilə müsbətə
doğru dəyişib, daha aktiv olub. Baş prokuror son zamanlar vəkillik institutunun
nə qədər inkişaf etdiyinin və cəmiyyətdə aktiv olduğunun şahidi olduğunu diqqətə
çatdırıb. Vəkillik institutuna maraq artıb. Yaxşı istintaqçı, prokuror daim
savadlı, təcrübəli vəkillərin bilik və bacarıqlarından istifadə etməlidir. Məqsədimiz
vətəndaşların hüquqlarını qorumaq, cinayətkarlığa qarşı mübarizə aparmaq,
mühakimə sisteminin ədalətli aparılmasını təmin etməkdən ibarətdir. Vəkillər və
istintaqçılar arasında sağlam əməkdaşlıq olanda bu, ancaq işin xeyrinə olur.
Bu, son nəticədə ədalətli qərar qəbul olunmasına gətirib çıxarır.
Ali Məhkəmənin və Məhkəmə-Hüquq
Şurasının sədri İnam Kərimov isə çıxışında qeyd edib ki, vəkillik sadəcə bir
peşə deyil, hüququn canlı müdafiəsi, insan ləyaqətinin təminatı və məhkəmədə tərəflər
arasında bərabərliyin real mexanizmidir. Sədr bildirib ki, ədalətli məhkəmə
araşdırması yalnız müstəqil və qərəzsiz məhkəmə ilə deyil, peşəkar, prinsipial
və məsuliyyətli vəkil fəaliyyəti ilə mümkündür.
İnam Kərimov nəzərə
çatdırıb ki, Məhkəmə-Hüquq Şurasında, Hakimlərin Seçki Komitəsində və Ali Məhkəmə
yanında Elmi-məsləhət Şurasında vəkillərin təmsil olunması məhkəmə-vəkil əməkdaşlığının
institusional əsaslara malik olduğunu bir daha nümayiş etdirir. Vəkillər tərəfindən
qaldırılan məsələlər daim diqqətdə saxlanılır və onların həlli istiqamətində
müvafiq tədbirlər görülür. Bu mənada Femida Dialoq Platforması çərçivəsində Vəkillər
Kollegiyasının üzvləri ilə mütəmadi görüşlərimiz xüsusi qeyd edilməlidir. Bu
platforma məhkəmə və hüquq sisteminin bütün maraqlı tərəfləri - məhkəmə
hakimiyyəti, vəkillər, hüquqşünaslar və vətəndaş cəmiyyəti ilə davamlı müzakirələr
təşkil etməyə xidmət edir.
Sədr bildirib ki,
hazırda fəaliyyət göstərən hakimlərin bəziləri əvvəllər Vəkillər Kollegiyasının
üzvü olublar. Eyni zamanda təqaüd yaşına çatan bir sıra təcrübəli hakimlərin də
vəkillik fəaliyyətinə üz tutması məhkəmə və vəkillik institutları arasında peşəkar
qarşılıqlı keçidin mövcudluğunu nümayiş etdirir. Bütün bu hallar məhkəmə
hakimiyyəti ilə vəkillik institutu arasında formalaşmış əməkdaşlığın hüquqi
dövlətin möhkəmləndirilməsində və ədalətli məhkəmə təminatının reallaşdırılmasında
mühüm rol oynadığının bariz nümunəsidir.
Prezident
Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin
göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov çıxış edərək söyləyib
ki, vəkil olmaq təkcə ixtisas sahibi olmaq deyil, məsuliyyət daşımaq, vicdan
qarşısında cavabdeh olmaq və hər zaman qanunun aliliyinə sadiq qalmaq deməkdir.
O vurğulayıb ki, vəkil cəmiyyətlə dövlət arasında və fərdlə ədalət mühakiməsi
sistemi arasında etimad körpüsüdür. Bu körpünün möhkəmliyi isə biliklə yanaşı,
peşəkarlıq və yüksək mənəvi keyfiyyətlərdən asılıdır.
Sektor müdiri qeyd edib
ki, Azərbaycanda vəkillik uzun və zəngin inkişaf yolu keçib, dövlətçiliyimizin
bərpasından sonra hüquqi dövlət quruculuğu prosesi vəkillik institutunun formalaşmasını
və möhkəmlənməsini zəruri etmişdir. Vəkilliyin müstəqil təsisat kimi
yaradılması bilavasitə müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan
Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyəti
dövründə qəbul edilmiş 1999-cu ilin 18 dekabr tarixli “Vəkillər və vəkillik fəaliyyəti
haqqında” Qanunla Azərbaycan vəkilliyinin əsası qoyulub. Ölkəmizin tarixində
ilk dəfə olaraq vəkillik hakimiyyətin heç bir qolundan asılı olmayan bir
institut kimi formalaşmışdır.
Həsən Bağırovun sözlərinə
görə, hazırkı dövrdə ölkəmizdə həyata keçirilən məhkəmə hüquq islahatları ilə
yanaşı, vəkillik institutunun gücləndirilməsi də Prezident İlham Əliyevin rəhbərliyi
ilə aparılan dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Son illər vəkillik
sahəsində həyata keçirilən norma yaradıcı, institusional fəaliyyət nəticəsində
vəkillərin sayı bir neçə dəfə artıb, onların peşə hazırlığı gücləndirilib,
regionlarda hüquqi yardıma əlçatanlılıq genişləndirilib, gənc hüquqşünasların vəkilliyə
qəbul olunması istiqamətində müvafiq tədbirlər görülüb.
Daha sonra Kollegiyanın sədri Anar Bağırov çıxış edərək qonaqları salamlayıb, qarşıdan gələn
28 dekabr – Vəkil Günü peşə bayramı, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə bütün iştirakçıları səmimi qəlbdən təbrik edib,
onlara uğurlar və xoş arzularını çatdırıb.
Kollegiyanın son 8 il ərzindəki
fəaliyyətinə nəzər salan sədr ölkəmizdə vəkillik institutunun keçdiyi tarixi
inkişaf yoluna toxunub, son illərdə bu sahədə həyata keçirilən ardıcıl və
sistemli islahatlardan bəhs edib. Anar Bağırov vəkillərin sayında əhəmiyyətli
artımın baş verdiyini, peşəkar hazırlıq səviyyəsinin yüksəldildiyini, davamlı tədris
mexanizmlərinin formalaşdırıldığını və müasir tələblərə uyğun təkmilləşdirildiyini
söyləyib.
Eyni zamanda sədr Ulu
Öndər Heydər Əliyevin 1999-cu il 28 dekabr tarixli “Vəkillər və vəkillik fəaliyyəti
haqqında” Qanununun Azərbaycan vəkilliyinin müstəqil hüquqi institut kimi
formalaşmasında əsaslı dönüş nöqtəsi olduğunu vurğulayıb. Həmin qanunvericilik
bazası ilə ölkə tarixində ilk dəfə vəkillik hakimiyyətin heç bir qolundan asılı
olmayan, çəkişmə prinsipi əsasında fəaliyyət göstərən bərabərhüquqlu peşə təsisatına
çevrilib.
Anar Bağırov Prezident
İlham Əliyevin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin
inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının, eləcə də “Vəkillər və
vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş mütərəqqi və sistemli dəyişikliklərin
vəkillik sahəsində mühüm institusional islahatlara zəmin yaratdığını bildirib.
Qeyd olunub ki, dövlət başçısının bu sahəyə göstərdiyi ardıcıl diqqət və dəstək
ölkədə hüquq sisteminin təkmilləşdirilməsinə, vəkillik institutunun gücləndirilməsinə
və müdafiə hüququnun daha effektiv təmin olunmasına xidmət edir. Eyni zamanda
Prezidentin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə28 dekabrın Vəkil Günü
kimi təsbit edilməsi isə ölkəmizdə vəkillik institutuna, vəkillərin əməyinə və
onların ədalətin təmin olunmasında oynadığı rola verilən yüksək qiymətin təzahürüdür.
Sədr vurğulayıb ki,
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti bu gün
Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban xanım Əliyeva tərəfindən ardıcıl şəkildə davam etdirilərək ölkənin
hüquqi dövlət quruculuğunda yeni mərhələyə yüksəlib.
Həmçinin sədr çıxışında
Baş Prokurorluq və Ali Məhkəmədə son illər həyata keçirilən mühüm islahatlardan
bəhs edib. Bu islahatların ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına,
hüquqların müdafiəsinin gücləndirilməsinə mühüm töhfə verdiyi diqqətə
çatdırılıb. Sədr VK-nın hər iki qurumla səmərəli əməkdaşlıq əlaqələrindən söz
açaraq bu əməkdaşlığın hüquq sisteminin inkişafına xidmət etdiyini qeyd edib.
Anar Bağırov çıxışının
davamında bildirib ki, 2018-ci ildən bu günədək vəkilliyə qəbul məqsədilə
ümumilikdə 16 test imtahanı təşkil olunub. Bu imtahanlarda 6 893 namizəd
iştirak edib, onlardan 1975 nəfər icbari təlim mərhələsini uğurla başa vuraraq
and içib Kollegiyanın üzvü olub. Tədbir çərçivəsində isə daha 60 namizəd təntənəli
andiçmə mərasimində iştirak edərək Kollegiyanın sıralarına qəbul edilib.
Bununla da ölkə üzrə fəaliyyət göstərən vəkillərin ümumi sayı 2 836 nəfərə
çatıb. Yeni qəbul olunan vəkillərdən 32-si kişi, 28-i qadındır. Onlardan 3 nəfər
regionlarda, 57 nəfər isə Bakı şəhərində fəaliyyət göstərəcək. Sədr qeyd edib
ki, qadın vəkillərin sayında da artım müşahidə olunur. Belə ki, hazırda qadın vəkillərin
ümumi üzvlər arasındakı payı 22 faizə yüksəlib və onların sayı 633 nəfərə
çatıb.
Tədbirdə elan edilib
ki, Rəyasət Heyətinin qərarına əsasən VK ilə səmərəli əməkdaşlığa görə Ali Məhkəmə
2025-ci ilin “Vəkilliyin dostu” mükafatı ilə, Kamran Əliyev isə Kollegiyanın “Fəxri
vəkili” adı ilə təltif olunub. Eyni zamanda Baş prokurora rəmzi vəkil mantiyası
təqdim edilib.
Mərasim çərçivəsində vəkilliyə
qəbul üzrə ixtisas imtahanlarını uğurla keçən, icbari təlim mərhələsini
tamamlayan və şifahi müsahibədən müsbət nəticə əldə edən namizədlərin təntənəli
andiçmə mərasimi keçirilib. Namizədlər Azərbaycan Respublikasının Dövlət
Bayrağı önündə and içərək vəkil peşəsini şərəflə, vicdanla və məsuliyyətlə icra
edəcəklərinədair öhdəlik götürüblər.
Tədbir zamanı yeni qəbul
olunan vəkillərə vəkil vəsiqələri təqdim edilib.
Çıxış edən vəkillər bu
şərəfli peşəyə qəbul olunmağın onlar üçün böyük qürur mənbəyi olduğunu bildirərək,
vəkilliyə qəbul prosesinin şəffaf, ardıcıl və sistemli şəkildə təşkilinə görə
VK-nın Rəyasət Heyətinə təşəkkürlərini ifadə ediblər.
Həmçinin mərasimdə
2025-ci il ərzində fəaliyyətində fərqlənən vəkillər və vəkil qurumları
mükafatlandırılıb. Kollegiyanın ictimai fəaliyyətinə verdiyi töhfəyə görə
"Pro Bono" Vəkil Bürosu “İlin vəkil qurumu”, il ərzində sosial
aksiyaların keçirilməsində fəallığına görə Qadın Vəkillər Alyansı “İlin vəkil
komitəsi”, VK-nın ictimai fəaliyyətinə verdiyi töhfəyə görə Deontologiya Komitəsi
“İlin vəkil komitəsi”, il ərzində ən çox bəraət əldə edən Lənkəran şəhər Vəkil
Bürosunun vəkili Həsənov İbarət Əhəd oğlu ilə Sumqayıt Regional Vəkil Bürosunun
vəkili İsayev Elşad Nəsrəddin oğlu “İlin vəkili” və il ərzində keçirilən təlimlərdə
fəal iştirakına görə “Universal” Vəkil Bürosunun vəkili Piriyev Vəfadar Namiq
oğlu isə “İlin təlimçi vəkili” elan olunub.
Sonda fəaliyyətində fərqlənmiş və yubiley yaşını qeyd edən Kollegiyanın bir qrup üzvü də təltif olunub.




































