2025-ci il dekabrın 29-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) rəhbərliyinin iştirakı ilə Bakı şəhəri 1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi keçirilib.
Tədbirdə VK-nın rəhbərliyi
ilə yanaşı, vəkillər və büro əməkdaşları iştirak ediblər.
Açılış mərasimi çərçivəsində
qonaqlara yeni ofis təqdim olunub. Bakı şəhəri 1 saylı Vəkil Bürosunun rəhbəri
İlqar Bəhrəmiyyə büro barədə ətraflı məlumat verərək bildirib ki, Bakı şəhəri, Nərimanov
rayonu, Azadlıq prospekti, giriş 225, M3, m2 ünvanda müasir standartlara uyğun
şəkildə qurulan ofis vəkillərin peşə fəaliyyətinin səmərəli təşkili üçün bütün
zəruri şəraitlə təmin edilib. Ümumi sahəsi 216 kvm olan büroda geniş və işıqlı
vəkil otaqları, konfidensial görüş üçün ayrıca otaq, konfrans zalı, mətbəx, mühasibat otağı və sanitar qovşağı mövcuddur. Otaqlar müasir texniki avadanlıqlar və mebellə
təchiz olunub, vəkillərin istirahəti, vətəndaşların qəbulu üçün rahat imkanlar
yaradılıb.
Kollegiyanın sədri Anar
Bağırov açılış mərasimində çıxış edərək iştirakçıları salamlayıb, yeni büronun
fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırıb və kollektivə uğurlar
arzulayıb. Sədr son illər VK tərəfindən həyata keçirilən islahatlardan, vəkillik
institutunun inkişafı istiqamətində görülən işlərdən, habelə vəkillərin sayında
müşahidə olunan artımdan bəhs edib.
Anar Bağırov vurğulayıb
ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr
2019-cu il tarixli Sərəncamı ilə 28 dekabr tarixinin Vəkil Günü kimi təsbit
edilməsi ölkəmizdə vəkillik institutuna, vəkillərin peşəkar fəaliyyətinə və
onların ədalət mühakiməsinin təmin olunmasında mühüm roluna göstərilən yüksək
dövlət diqqətinin və dəyərin bariz nümunəsidir.
Sədr bildirib ki hazırda ölkə üzrə fəaliyyət göstərən vəkil bürolarının sayı 144-ə çatıb və bu qurumların əksəriyyəti beynəlxalq standartlara cavab verən maddi-texniki baza ilə təmin olunub. Qeyd edilib ki, bu addımlar vətəndaşların keyfiyyətli və əlçatan hüquqi yardımla təmin edilməsinə xidmət göstərir.
Eyni zamanda sədr
respublika üzrə bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin
yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin görüldüyünü, Kollegiya tərəfindən
bu məsələyə xüsusi diqqət yetirildiyini vurğulayıb.
Tədbirin sonunda büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilib. Görüş zamanı vəkillərin peşə fəaliyyəti ilə bağlı qarşılaşdıqları məsələlər və təklifləri dinlənilib, VK-nın Rəyasət Heyəti tərəfindən son dövrdə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verilib, həmçinin vəkilləri maraqlandıran suallar ətraflı cavablandırılıb.








