Azərbaycan dövlətinin müasir inkişaf yolu Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi fundamental dövlətçilik prinsipləri üzərində qurulub və milli maraqlara söykənən bu siyasi kurs ölkəmizin uzunmüddətli strateji hədəflərini müəyyən edir. Bu gün Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində tam müstəqil hüquqi dövlətin institusional əsasları yaradılıb, Azərbaycan regional və beynəlxalq proseslərdə etibarlı və prinsipial tərəfdaş kimi tanınıb.
Qeyd
olunan siyasi xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda davam
etdirilir və fikrimizcə yeni mərhələyə keçid edərək, dövlətimizin suverenliyini
yalnız hüquqi deyil, faktiki və siyasi müstəvidə də tam təmin edib. Ali Baş Komandanın
başçılığı ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi şanlı Zəfər milli
iradənin, güclü liderliyin və düşünülmüş dövlət strategiyasının təcəssümü kimi
müasir Azərbaycan tarixinin dönüş nöqtəsinə çevrilib. Zəfərdən ötən beş il ərzində
formalaşan yeni reallıqlar ölkəmizin regional və qlobal mövqelərini əhəmiyyətli
dərəcədə möhkəmləndirib.
Postmüharibə
dövründə həyata keçirilən ardıcıl diplomatik təşəbbüslər, aparıcı beynəlxalq
siyasi mərkəzlərdə aparılan yüksək səviyyəli dialoqlar və strateji əhəmiyyətli
təmaslar Azərbaycanın müstəqil mövqeyinin beynəlxalq miqyasda qəbul olunduğunu
bir daha nümayiş etdirib. Prezident İlham Əliyevin balanslaşdırılmış və
prinsipial xarici siyasəti nəticəsində Azərbaycan enerji təhlükəsizliyi, nəqliyyat
və regional əməkdaşlıq məsələlərində mühüm subyektə çevrilib.
Azərbaycanın
artan beynəlxalq nüfuzu, qlobal təşəbbüslərdə fəal iştirakı və mühüm beynəlxalq
platformalara ev sahibliyi etməsi dövlətimizin müstəqil siyasətinin uğurla həyata
keçirildiyini təsdiqləyir. Əldə edilən bu nailiyyətlər hüquqi dövlət
quruculuğunun möhkəmləndirilməsi, konstitusion dəyərlərin qorunması və milli
suverenliyin institusional təminatı ilə bilavasitə bağlıdır.
Məhz
bu tarixi mərhələdə, Zəfərin 5-ci ildönümünün qeyd olunduğu bir dövrdə, ölkə
başçısının müvafiq Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik
İli” Azərbaycan dövlətçiliyinin gücünü, milli iradənin sarsılmazlığını və gələcəyə
yönəlmiş strateji baxışının hüquqi əsaslarına verdiyi dəyəri bir daha bəyan
edir. Bu il müstəqil dövlətimizin hüquqi əsaslarının və suverenliyimizin daha
da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Məhz
Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və onun şah əsəri olan, 30 illiyini qeyd
etdiyimiz Azərbaycan Respublikasının Konstitusiyası bu gün ölkəmizin hüquqi və
siyasi sisteminin təməlini təşkil edir. Konstitusiya dövlət hakimiyyətinin təşkili
prinsiplərini, insan və vətəndaş hüquq və azadlıqlarını, onların təminatını müəyyən
etməklə, müstəqil dövlətçiliyimizin ideoloji və normativ çərçivəsini
formalaşdırıb.
Təsadüfi
deyil ki, Konstitusiyanın 61-ci maddəsində hər kəsin yüksək keyfiyyətli hüquqi
yardım almaq hüququnun təsbit edilməsi insan hüquqlarının müdafiəsinə verilən
xüsusi əhəmiyyətin bariz ifadəsidir. Bu konstitusion təminat hüquqların formal
deyil, real və səmərəli şəkildə həyata keçirilməsini hədəfləyən hüquqi
mexanizmlərin mövcudluğunu zəruri edir.
Məhz
bu kontekstdə vəkillik institutu konstitusion hüquq və azadlıqların müdafiəsində,
ədalətli məhkəmə araşdırmasının təmin olunmasında və hüquqi dövlət prinsipinin
praktiki reallaşmasında mühüm rol oynayır. Vətəndaşların keyfiyyətli hüquqi
yardıma çıxışının təmin edilməsi, müdafiə hüququnun effektiv icrası və məhkəmə
icraatında tərəflərin bərabərliyinin qorunması tam müstəqil vəkillik fəaliyyətinin
konstitusion əsasını və cəmiyyətdəki əhəmiyyətini bir daha təsdiqləyir. Bu
prinsiplərin hüquqi reallığa çevrilməsi isə Azərbaycanda vəkillik institutunun
institusional baxımdan müstəqil və dayanıqlı şəkildə formalaşdırılmasını zəruri
edib.
Ümummilli
Lider Heydər Əliyev hüquqi dövlət quruculuğunda vəkilliyin zəruriliyinə hər
zaman önəm verirdi. Onun hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində
apardığı uzaqgörən və qətiyyətli siyasəti nəticəsində vəkillik institutu dövlətin
hüquq sistemində layiqli yerini tutmuşdur. Ulu Öndər insan hüquqlarının təminatında
vəkilin rolunu xüsusi qiymətləndirərək bu sahənin müstəqilliyinin və peşəkarlığının
vacibliyini daim önə çəkmişdir. Belə ki, onun təşəbbüsü ilə 1978-ci il tarixli
Azərbaycan SSR Konstitusiyasında ilk dəfə vəkillik institutu haqqında müddəalar
öz əksini tapmış, bununla da vəkilliyə konstitusion status verilmişdir. Heydər
Əliyevin rəhbərliyi ilə 1980-ci il noyabrın 13-də qəbul edilən “Azərbaycan SSR
vəkilliyi haqqında Əsasnamə” isə bu institutun fəaliyyətinin hüquqi bazasını müəyyənləşdirmişdir.
Həmin sənəd əsasında fəaliyyət göstərən Vəkillər Kollegiyası Azərbaycanın hüquq
tarixində mühüm mərhələ təşkil etməklə, vəkilliyin institusional əsaslarının
möhkəmləndirilməsinə xidmət edib.
Məhz
bu konseptual yanaşmanın davamı olaraq 1995-ci ildə Konstitusiyamızın qəbulundan
sonra postsovet məkanında ilk dəfə vəkilliyə
müstəqil status 1999-cu ildə Ulu Öndər tərəfindən qəbul edilmiş “Vəkillər və vəkillik
fəaliyyəti” haqqında Qanunla təsbit olunmuşdur.
Bununla
da vəkillik təsisatı tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan
hüquqi institut kimi formalaşdı.
Yeni
Qanunun qəbulundan sonra 3 noyabr 2004-cü ildə Azərbaycan Respublikasının Vəkillər
Kollegiyası təsis edilib və ilkin mərhələdə onun 356 üzvü olub. Bu addım vəkilliyin
peşəkar, şəffaf və institusional əsaslar üzərində yenidən təşkilinə mühüm təkan
verib. Sonrakı illərdə Azərbaycan vəkilliyi təkcə hüquqi yardım göstərən təsisat
kimi deyil, həm də insan hüquqlarının müdafiəsi, hüquqi maarifləndirmə, ədalət
mühakiməsinin təminatçısı və hüquqi dövlətin əsas dayaqlarından biri kimi fəaliyyət
göstərir. Bu gün Kollegiyanın üzvlərinin sayı artıq 2 836 nəfərə çatır ki, bu da ölkəmizdə vəkilliyin nüfuzunun və
əhatə dairəsinin artdığını göstərir.
Ulu
Öndərin siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə vəkilliyin inkişafı dövlət siyasətinin
mühüm istiqamətlərindən birinə çevrilib. 2005-ci il 11 mart tarixli “Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının maddi-texniki təminatının
yaxşılaşdırılması üzrə tədbirlər barədə” Sərəncam dövlətin bu sahəyə göstərdiyi
real dəstəyin bariz nümunəsidir.
Hüquqi
islahatlar çərçivəsində vəkillik institutunun inkişafında dönüş nöqtəsi hesab
edilən mühüm sənədlərdən biri də cənab Prezidentin 22 fevral 2018-ci il tarixli
“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər
haqqında” Sərəncamıdır. Sərəncamla vəkillik fəaliyyətinin institusional əsaslarının
möhkəmləndirilməsi, Vəkillər Kollegiyasının fəaliyyət imkanlarının genişləndirilməsi
və maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində konkret
tapşırıqlar müəyyən edilib. Bu çərçivədə Kollegiyanın müvafiq binalarla təmin
olunması, dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən məbləğin üç dəfə
artırılması və digər vacib mexanizmlər hüquqi müdafiə sisteminin daha
funksional və əlçatan olmasına xidmət edən mühüm addımlar kimi qiymətləndirilir.
Bu sənədlərlə yanaşı, vəkillərin fəaliyyət şəraitinin yaxşılaşdırılması, hüquqi
xidmətlərin rəqəmsallaşdırılması, “Elektron vəkil orderi” sisteminin tətbiqi və
“Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya kimi mühüm yeniliklər də həyata
keçirilib.
Prezident
İlham Əliyevin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində
islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ölkəmizdə ədalət mühakiməsinin
səmərəliliyinin artırılması və vəkillik institutunun inkişafı istiqamətində
atılan mühüm strateji addım olub. Həmin Fərmanla 2020-ci ildən etibarən dövlət
hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Vəkillər Kollegiyasına
ayrılması qərara alınıb. Eyni zamanda Prezidentin 25 dekabr 2019-cu il tarixli
Sərəncamı ilə hər il 28 dekabrın Vəkil Günü kimi qeyd olunması təsbit edilib.
Bu Sərəncam ölkəmizdə vəkillik institutuna, vəkillərin əməyinə, həmçinin cəmiyyətdə
ədalətin və hüququn qorunmasında onların roluna verilən yüksək qiymətin bariz
nümunəsidir. Sözügedən sənədlər və qəbul edilən qərarlar vəkilliyin müstəqilliyinin
möhkəmlənməsinə, peşə nüfuzunun artmasına və vəkillərin cəmiyyət qarşısında
ictimai məsuliyyətinin daha da güclənməsinə zəmin yaradıb.
Prezident
İlham Əliyevin 19 noyabr 2025-ci il tarixli Fərmanı ilə Mülki Prosessual Məcəlləyə,
Cinayət-Prosessual Məcəlləyə, Cəzaların İcrası Məcəlləsinə və “Vəkillər və vəkillik
fəaliyyəti haqqında” Qanuna edilən dəyişikliklər ölkəmizdə hüquq sisteminin
daha da təkmilləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir. Sənəddə
müdafiə hüququnun səmərəli təmin edilməsi və vəkilliyin institusional əsaslarının
gücləndirilməsi məqsədilə zəruri mexanizmlər müəyyən edilib. Ölkə başçısının
hüquq sahəsinə göstərdiyi davamlı diqqət və qayğı, xüsusilə də vəkillik fəaliyyətinin
inkişafına yönəlmiş ardıcıl islahatlar, vəkillərin peşəkar hazırlığının
artırılmasına, fəaliyyət imkanlarının genişlənməsinə və hüquqi müdafiə
sistemində nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.
Son
illərdə ölkəmizdə vəkillik institutunun regionlarda da möhkəmləndirilməsi
istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Bu çərçivədə
Sumqayıt, Şəki, Şirvan və Gəncə şəhərlərində regional vəkil qurumları yaradılıb
ki, bu da əhalinin peşəkar hüquqi yardıma əlçatanlığının artırılmasına mühüm töhfə
verib.
Cari ildə sayca 4-cü Regional Vəkil Bürosu olan Gəncə Regional Vəkil
Bürosunun yeni inzibati binasının açılışı baş tutub. Büro Kollegiyanın tam
maddi vəsaiti hesabına müasir standartlara uyğun şəkildə yenilənib və zəruri
texniki avadanlıqlarla təmin olunub. Gəncə Regional Vəkil Bürosunun yeni
inzibati binası vətəndaşların konstitusion hüquqlarından biri olan keyfiyyətli
hüquqi yardım almaq hüququnun daha yaxşı realizə olunması, region sakinlərinin ədalət
mühakiməsinə çıxış imkanlarının genişləndirilməsi və vəkillərin peşəkar fəaliyyəti
üçün daha əlverişli şəraitin yaradılması deməkdir. Eyni zamanda yeni inzibati
bina gənc hüquqşünaslar üçün də mühüm inkişaf imkanları yaradır. Gəncə Regional
Vəkil Bürosu artıq öz funksional imkanları ilə Qərb bölgəsində hüquqi xidmətlərin
mərkəzinə çevrilir. Bu Regional Vəkil Bürosunun fəaliyyəti yalnız hüquqi yardım
göstərilməsi ilə məhdudlaşmır, eyni zamanda regionda hüquqi maarifləndirmə
işinin təşkili, əhalinin hüquqi biliklərinin artırılması və vətəndaşların
hüquqlarının müdafiəsi sahəsində ictimai şüurun formalaşdırılmasında da aktiv
iştirak edir.
Həmçinin
vurğulamalıyam ki, Lənkəran şəhərində də vəkillər üçün yeni inzibati binaların
tikintisi istiqamətində mühüm layihələr icra olunmaqdadır. Bu layihələr regionlarda
infrastrukturun yenilənməsi və vəkillik fəaliyyətinin müasir şəraitdə həyata
keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Hazırda isə Bakı şəhəri, Nərimanov
rayonu, Zaur Nudirəliyev küçəsində yerləşən Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının yeni inzibati binasında – “Vəkil evi”ndə Kollegiyanın vəsaiti ilə
tikinti və əsaslı təmir işləri uğurla davam etdirilir. Ən müasir tələblərə
uyğun inşa olunan bu bina vəkilliyin institusional inkişafına, həmçinin Kollegiyanın
fəaliyyətinin daha yüksək səviyyədə təşkili üçün mühüm baza rolunu oynayacaq.
Tikinti və təmir işlərinin 2026-cı ilin əvvəlində yekunlaşdırılması və “Vəkil
evi”nin təntənəli açılış mərasiminin keçirilməsi planlaşdırılır.
Hazırda
ölkə üzrə ümumilikdə 144 vəkil
qurumu fəaliyyət göstərir. Bu qurumlar paytaxtla yanaşı, regionları da əhatə
edir və vətəndaşlara göstərilən hüquqi yardımın daha əlçatan və operativ
olmasına xidmət edir. Bu göstərici son illərdə vəkillik institutunun inkişafı
istiqamətində həyata keçirilən islahatların və sistemli tədbirlərin bariz nəticəsidir.
Regionlarda yeni Vəkil bürolarının yaradılması, infrastrukturun gücləndirilməsi,
habelə vəkillərin sayının artması və peşəkarlıq səviyyəsinin yüksəlməsi hüquqi
yardım sisteminin keyfiyyətini əhəmiyyətli dərəcədə artırıb.
Ölkəmizdə
hüquqi dövlət quruculuğu və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi
istiqamətində mühüm addımlar atılmaqdadır. Bu istiqamətdə atılan ən vacib
addımlardan biri də əhalinin hüquqi yardıma əlçatanlığının təmin olunması və bu
sahədə fəaliyyət göstərən vəkillərin sosial təminatının gücləndirilməsidir. Belə
ki, 2025-ci il ərzində Baş nazir Əli Əsədovun qərarı ilə dövlət hesabına göstərilən
hüquqi yardıma görə vəkillərə ödənilən vəsaitin məbləği artırılıb. Yeni qərara əsasən
hüquqi yardımın göstərilməsinə görə vəkillərə ödənilən haqq hər iş saatı üçün 6
manatdan 11 manata qədər artırılıb. Bu dəyişiklik hüquqi yardımın keyfiyyətinin
yüksəldilməsi və vəkillərin əməyinin daha layiqli qiymətləndirilməsi baxımından
xüsusi əhəmiyyət daşıyır.
Konstitusion
hüquq olan peşəkar hüquqi yardım almaq hüququnun realizəsini həyata keçirən Vəkillər Kollegiyasının fəaliyyəti çoxşaxəlidir.
Kollegiyanın fəaliyyəti həm vəkilliyin inkişafı, həm də vətəndaşlara göstərilən
hüquqi xidmətlərin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət kəsb
edir.
Bu
kontekstdə ilk növbədə Vəkillər
Kollegiyası Rəyasət Heyətinin və digər qurumlarının fəaliyyəti xüsusi
vurğulanmalıdır. Belə ki, 2025-ci il ərzində Rəyasət Heyətinin 21 iclası keçirilib. İclaslarda vəkilliyə
qəbul üzrə ixtisas imtahanlarını və icbari təlim mərhələsini müvəffəqiyyətlə
başa vuran namizədlərin andiçmə mərasimləri təşkil olunub. Bu mərasimlər gənc
hüquqşünasların peşəkar fəaliyyətə başlamasında, vəkillik institutunun daha da
güclənməsində mühüm rol oynayıb. Həmçinin Rəyasət Heyətinin iclaslarında Vəkillərin
İntizam Komissiyasının rəylərinə baxılıb, bəzi vəkillərin dövlət qulluğuna qəbulu
ilə əlaqədar fəaliyyətlərinin dayandırılması, mükafatlandırılması, öz ərizələri
əsasında fəaliyyətlərinə xitam verilməsi, üzvlük haqqından müəyyən müddətə azad
edilməsi, maddi yardım göstərilməsi, üzvlük haqqı borclarının silinməsi və digər
vəkil qurumlarına keçməsi ilə bağlı müraciətlər üzrə qərarlar qəbul edilib.
Ümumilikdə,
bu il Rəyasət Heyəti tərəfindən 790 qərar
qəbul olunub. Qərarların əhəmiyyətli hissəsi vəkillərin sosial rifahının
yaxşılaşdırılması, onların fəaliyyət şəraitinin və hüquqlarının müdafiəsi ilə
bağlı olub. Belə ki, Rəyasət Heyətinin qərarları ilə xəstəliklə əlaqədar olaraq
4 vəkilə Vəkilliyin İnkişafı
Fondundan maddi yardım göstərilib, 82
vəkil isə analıq məzuniyyəti, təhsil və digər əsaslara görə üzvlük haqqı ödəməkdən
azad edilib.
2025-ci
ildə vəkillərin və vətəndaşların müraciətlərinin operativ və şəffaf şəkildə
cavablandırılması məqsədilə Vəkillər Kollegiyası Rəyasət Heyətində mütəmadi
olaraq vətəndaş qəbulları təşkil olunub, ümumilikdə 719 vətəndaş qəbul edilib. Rəyasət Heyətinə daxil olan müraciətlərin
hər biri araşdırılıb, aidiyyəti üzrə baxılıb və qanunvericiliyə uyğun şəkildə
cavablandırılıb. Ümumilikdə isə 2025-ci ildə Rəyasət Heyətinə 4 688 sənəd daxil olub, vətəndaşlara
və dövlət qurumlarına isə 2 050
məktub cavab olaraq göndərilib.
2025-ci
il ərzində Vəkillər Kollegiyasının fəaliyyəti çərçivəsində intizam və hüquqi
normayaratma istiqamətlərində mühüm addımlar atılıb. Belə ki, bu il Vəkillər
Kollegiyasının Rəyasət Heyətinə ümumilikdə 893
şikayət daxil olub. İntizam icraatlarının nəticələri üzrə Rəyasət Heyəti tərəfindən
170 qərar qəbul edilib.
Bundan
başqa, Vəkillər Kollegiyası dövlət və qeyri-dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində
qanunvericiliyin təkmilləşdirilməsi prosesində də aktiv iştirak edib. Belə ki,
2025-ci il ərzində Kollegiya tərəfindən 50-dən
çox normativ hüquqi akt layihəsinə rəy və təkliflər təqdim olunub. Bu,
Kollegiyanın hüquqi islahatlarda və normayaratma proseslərində mühüm tərəfdaş
kimi rolunu bir daha təsdiqləyib.
Eyni
zamanda Konstitusiya Məhkəməsi ilə əldə edilmiş razılıq əsasında Vəkillər
Kollegiyası il ərzində 26 iş üzrə
mütəxəssis mülahizəsi təqdim edib. Bu mülahizələr ölkədə hüquq tətbiqi təcrübəsinin
təkmilləşdirilməsi, məhkəmə qərarlarının hüquqi əsaslarının möhkəmləndirilməsi
və hüquqi mövqenin formalaşması baxımından əhəmiyyətli töhfə hesab olunur.
Vəkillər
Kollegiyasının fəaliyyət istiqamətlərindən biri kimi beynəlxalq əməkdaşlıq
münasibətlərinin inkişafı xüsusi əhəmiyyət daşıyır.
2025-ci
il Vəkillər Kollegiyası üçün beynəlxalq müstəvidə uğurlu və əlamətdar dövr
olub. Kollegiya fəaliyyətini beynəlxalq əməkdaşlığın genişləndirilməsi, vəkillərin
peşəkar inkişafı və ölkəmizin hüquqi imicinin gücləndirilməsi istiqamətində
ardıcıl şəkildə davam etdirib. Kollegiyanın üzvü, “Gənc Vəkillər” Komitəsinin həmsədri
və Avropa Gənc Vəkillər Assosiasiyasında (EYBA) səlahiyyətli nümayəndə qismində
təmsil olunan Yunis Nəsibovun EYBA-nın İcraiyyə Komitəsinə üzv seçilməsi xüsusi
qeyd edilməlidir. Eyni zamanda 2026-cı ildə EYBA-nın payız konfransının Bakıda
keçirilməsi barədə qəbul edilən qərar Azərbaycan vəkilliyinin beynəlxalq
nüfuzunun artmasının daha bir göstəricisi olub.
Son
illər ərzində Kollegiya Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri
Şurası (CCBE), Asiya və Sakit Okean Hüquq Assosiasiyası (LAWASIA), Beynəlxalq Vəkillər
Assosiasiyası (UIA) və Avropa Vəkillər Assosiasiyası (AEA-EAL) kimi nüfuzlu
qurumların üzvüdür. 2025-ci ildə də Kollegiya bu təşkilatlarla, eləcə də Birləşmiş
Millətlər Təşkilatının ixtisaslaşmış qurumları və Avropa Şurası ilə səmərəli əməkdaşlığı
davam etdirib.
Bu
il Vəkillər Kollegiyasının rəhbərliyi və üzvləri Avstriya, Qırğız Respublikası,
İtaliya, Türkiyə, Niderland, Özbəkistan Küveyt, Çin, Gürcüstan, Fransa və Rumıniya
kimi ölkələrdə keçirilən beynəlxalq konfrans və tədbirlərdə iştirak edib, həmçinin
vebinar və simpoziumlarda onlayn formatda çıxışlar ediblər. Tədbirlər çərçivəsində
Azərbaycan vəkilliyi layiqincə təmsil olunub, fikir və təcrübə mübadiləsi
aparılıb.
Bundan
əlavə, Bakıda keçirilən beynəlxalq tədbirlərdə Vəkillər Kollegiyasının rəhbərliyinin
fəal iştirakı nəticəsində xarici qonaqlarla görüşlər təşkil edilib, əməkdaşlıq əlaqələri
daha da möhkəmləndirilib. 2025-ci ildə Kollegiyanın Rəyasət Heyətinə beynəlxalq
təşkilatlardan ümumilikdə 67 sənəd
daxil olub. Bütün bu fəaliyyətlər Azərbaycan vəkilliyinin beynəlxalq hüquqi
müstəvidə mövqeyinin güclənməsinə, ölkəmizin hüquqi sisteminin tanıdılmasına və
qarşılıqlı etimadın artmasına mühüm töhfə verib.
2025-ci
il fevralın 25-28-də Vəkillər Kollegiyasının rəhbərliyi Avstriyaya rəsmi səfər
edib. Səfər çərçivəsində fevralın 25-də heyət Avstriyanın Laksenburq əyalətində
yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasına baş çəkərək Akademiyanın
rektoru Slagjana Taseva ilə görüş keçirib. Görüşdə tərəflər qarşılıqlı əməkdaşlıq
strategiyalarını müzakirə edib, vəkillərin peşəkar inkişafı və təhsilinin dəstəklənməsi
istiqamətində konkret addımlar barədə razılığa gəliblər.
Fevralın
26-da nümayəndə heyəti Avstriyanın paytaxtı Vyana şəhərində CCBE-nin “Mübadilə,
əməkdaşlıq və dəstək platforması” Komitəsinin iclasında iştirak edib və
Kollegiyada son illər görülən işlər barədə məlumat verib.
Fevralın
27-də isə heyət CCBE-nin Daimi Komitələrinin iclaslarında iştirak edərək gündəlikdəki
məsələləri müzakirə edib və təşkilatın gələcək fəaliyyət istiqamətlərinə dair qərarlarda
iştirak edib.
Səfərin
yekun günü - fevralın 28-də Kollegiyanın nümayəndə heyəti Avstriya Vəkillər
Kollegiyasının dəvəti ilə Avropa Vəkillər Kollegiyaları rəhbərlərinin 53-cü
konfransında iştirak edib. Konfrans çərçivəsində iştirakçılar Avstriya Federal
Kansleri və Avstriya federal ədliyyə nazirinin qəbulunda olublar.
Fevral-mart
aylarında Kollegiyanın nümayəndələri Qırğızıstanda vəkilliyin 100 illik
yubileyində, İtaliyanın Roma şəhərində EYBA-nın beynəlxalq konfransında, eləcə
də Türkiyənin İzmir şəhərində keçirilən “Ətraf mühit hüququnun müasir problemləri”
mövzusunda beynəlxalq konqresdə iştirak ediblər. Həmin tədbirlərdə Azərbaycan vəkilliyinin
təcrübəsi, qanunvericilik islahatları və hüquqi təhsil sahəsindəki yeniliklər təqdim
olunub.
Aprel
ayında Vəkillər Kollegiyasının Akademiyasının (indiki Vəkillər Kollegiyasının Tədris
Mərkəzi) da təşkilatçısı olduğu “5-ci İdarə Hüququ və İdari Məhkəmə Beynəlxalq
Simpoziumu”nda Kollegiya üzvləri müxtəlif mövzularda elmi tezislərlə çıxış
ediblər. May ayında Daşkənddə keçirilən “Daşkənd Hüquq Baharı” IV Beynəlxalq
Hüquq Forumunda çıxış edən Vəkillər Kollegiyasının sədri Azərbaycanda vəkillik
sistemində tətbiq olunan innovativ və rəqəmsal yanaşmalar barədə məlumat verib.
İlin
ikinci yarısında Vəkillər Kollegiyasının rəhbərliyi və nümayəndələri Niderland,
Özbəkistan, Portuqaliya, Çin, Küveyt, Gürcüstan, Fransa və Rumıniyada keçirilən
beynəlxalq konfrans və forumlarda iştirak ediblər. Kollegiya sədri, müavinləri
və Rəyasət Heyətinin üzvləri çıxışlarında ölkəmizdə hüquqi islahatlar, vəkillərin
rolu və beynəlxalq əməkdaşlığın əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Həmçinin
il ərzində Vəkillər Kollegiyasının təşəbbüsü ilə Türkiyə və digər ölkələrin vəkil
qurumları ilə görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin
genişləndirilməsi istiqamətində razılaşmalar əldə olunub.
Dekabr
ayı ərzində Vəkillər Kollegiyası beynəlxalq əlaqələrin genişləndirilməsi
istiqamətində fəaliyyətini davam etdirib. Ayın 11–13-də Kollegiyanın sədrinin rəhbərlik
etdiyi nümayəndə heyəti Rumıniya Vəkillər Kollegiyasının dəvəti ilə Buxarest şəhərində
rəsmi səfərdə olub. Səfər çərçivəsində Rumıniyanın Ədliyyə Nazirliyində keçirilən
görüşdə iki ölkə arasında mövcud olan səmimi və dostluq münasibətləri xüsusi
vurğulanıb, ikitərəfli əlaqələrin hüquqi sahədə daha da genişləndirilməsi
istiqamətində görülən işlər və gələcək əməkdaşlıq perspektivləri ətrafında
geniş fikir mübadiləsi aparılıb. Eyni
zamanda nümayəndə heyəti Azərbaycanın Rumıniyadakı səfirliyini ziyarət edib. Dekabrın
12-də isə nümayəndə heyəti Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında
iştirak edib.
Vəkillər
Kollegiyasının fəaliyyətinin elektronlaşması mühüm istiqamətlərdən biridir.
Qeyd olunduğu kimi cənab Prezident İlham Əliyevin “Azərbaycan
Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22
fevral 2018-ci il tarixli Sərəncamı ilə Kollegiyanın və vəkillərin fəaliyyətində
müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və hüquqi xidmətlərin
elektron formada göstərilməsi təcrübəsini genişləndirmək, bunun üçün vəkilliyin
vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə”
informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlərin görülməsi Vəkillər
Kollegiyasına tövsiyə edilib.
Bu tövsiyə Vəkillər Kollegiyasının fəaliyyətində yeni mərhələnin əsasını
qoyub. “Elektron Vəkil Platforması” yaradılıb, habelə Kollegiyanın nəzdində
“Elektron vəkillik” Komitəsi təsis edilib. Eyni zamanda Kollegiyanın rəsmi
veb-saytı, habelə vəkillərin onlayn reyestri, vəkillər üçün elektron məhkəmə ilə
inteqrə olunmuş elektron şəxsi-kabinetin yaradılması elektronlaşmanın ilk mərhələlərindən
olub.
Elektronlaşmanın davamı olaraq vəkilliyə qəbulla bağlı sənəd qəbulunun
tam elektronlaşması mühüm əhəmiyyət kəsb edir. Kollegiya üzvlüyünə qəbulla
bağlı tələblərə cavab verən namizədlər ixtisas imtahanının test mərhələsində
iştirak üçün heç yerə getmədən, olduqları yerdə Vəkillər Kollegiyasının
veb-saytında qeydiyyatdan keçir, müvafiq məlumatlarını doldurur və ödənişi
onlayn qaydada bank kartları vasitəsilə həyata keçirirlər. Bu da həm şəffaflıq,
həm səmərəlilik, həm də vaxta qənaət deməkdir.
Hüquqi
yardım haqqında müqavilənin elektron bağlanması (elektron müqavilə) və elektron
vəkil orderi hüquq xidmətlərində inqilabi yenilik yaradıb. Bu sistemlər vasitəsilə
şəxslər dünyanın istənilən nöqtəsindən vəkil bürolarına getmədən onlayn qaydada
vəkillərlə hüquqi yardım haqqında müqavilə bağlaya bilirlər. Bununla da vətəndaşlar
həm öz vaxtlarına, həm də resurslarına qənaət etmiş olurlar. Düzdür, bu layihəyə
başlayarkən müəyyən tərəddüdlər vardı. Çünki elektronlaşma hər yerdə eyni sürətlə
getmir və bütün vətəndaşlar da rəqəmsallaşmadan eyni dərəcədə istifadə etmirlər.
Bu səbəbdən müqavilələrin elektron qaydada bağlanması və elektron orderin tətbiqi
ilk olaraq 5 Vəkil Bürosunda pilot layihə kimi tətbiq edilib, daha sonra isə
bütün ölkə üzrə geniş istifadə olunmağa başlayıb.
Statistik rəqəmlər
layihənin effektivliyini aydın şəkildə göstərir:
• 2023-cü ildə – 21 elektron order,
• 2024-cü ildə – 13 661 elektron order,
• 2025-ci ildə
– 55 576 elektron order
rəsmiləşdirilib.
Həmçinin vəkillər tərəfindən
bağlanan müqavilələrlə bağlı statistika isə aşağıdakı kimidir:
• 2023-cü ildə – 26 elektron müqavilə,
• 2024-cü ildə – 20 476 elektron müqavilə,
• 73 034
elektron müqavilə bağlanılıb.
Bu artım vətəndaşların
rəqəmsal hüquqi xidmətlərə etimadını, sistemin isə səmərəliliyini nümayiş
etdirir.
Qeyd olunan yeniliklərdən əlavə, yaxın zamanda Kollegiyanın “Elektron vəkillik”
Komitəsi tərəfindən hazırlanan “Pro
Bono” chat botu istifadəyə veriləcəkdir. Bu bot süni intellektdən
istifadə edərək vətəndaşlara Pro Bono hüquqi yardım göstərəcəkdir. Rəqəmsallaşmada
növbəti mərhələ elektron vəkil sorğusu layihəsidir. Bu funksional imkan
vəkil sorğularının elektron qaydada təqdim edilmə imkanı tanıyacaq. Beləcə, vəkillər
bir çox məlumatı real vaxt rejimində, bəzi məlumatları isə elektron qaydada
rahatlıqla əldə edə biləcək. Vurğulanmalıdır ki, burada normativ hüquqi tənzimləmə
ilə bağlı müəyyən problemlər mövcuddur. Bu problemlərin aradan qaldırılması
istiqamətində Kollegiya tərəfindən müvafiq qanun layihələri hazırlanır. Lazımi
dəyişikliklər tamamlandıqdan dərhal sonra sistem istifadəyə veriləcək.
Vəkillər
Kollegiyasının fəaliyyətində prioritet istiqamətlərdən biri də yerli əməkdaşlıq
əlaqələrinin gücləndirilməsidir.
Son
illərdə Vəkillər Kollegiyası ilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası
arasında əməkdaşlıq çərçivəsində ixtisasartırma təlimləri uğurla həyata
keçirilir və hazırda da davam etdirilir. 2025-ci il ərzində təşkil olunan təlimlər
vəkillərin peşə bacarıqlarının artırılmasına, hüquqi biliklərin yenilənməsinə və
göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli töhfə
verir. Təlimlərdə iştirak edən vəkillər müasir hüquqi problemlərin həlli
yolları, qanunvericilikdəki yeniliklər, məhkəmə praktikasının təhlili və vəkillik
fəaliyyəti ilə bağlı digər aktual məsələlər barədə ətraflı məlumat əldə edirlər.
Belə
ki, 2025-ci ildə Kollegiya vətəndaşlara hüquqi yardımın əlçatanlığının
artırılması, vəkillik institutunun inkişafı və əməkdaşlığın genişləndirilməsi
istiqamətində intensiv fəaliyyət göstərib. İl ərzində Kollegiya rəhbərliyi və
üzvləri beynəlxalq təşkilatlarla yanaşı, dövlət qurumları və yerli icra
hakimiyyətləri ilə bir sıra görüşlər və əməkdaşlıq tədbirləri keçirib.
Bu
çərçivədə Vəkillər Kollegiyası ilə Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası və Ədliyyə Akademiyası ilə görüşlər keçirərək
qarşılıqlı əməkdaşlığın hüquqi əsaslarını möhkəmləndirən memorandumlar
imzalayıb. İmzalanmış sənədlər hüquqi maarifləndirmə, peşəkar potensialın
artırılması və sosial yönümlü layihələrin birgə icrası baxımından mühüm əhəmiyyət
daşıyır.
Vəkillər
Kollegiyasının rəhbərliyi paytaxt Bakıda və ölkənin müxtəlif məkanlarında
keçirilən nüfuzlu beynəlxalq və respublika səviyyəli tədbirlərdə də fəal
iştirak edib. Belə ki, Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr
olunan “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq
konfransında, “Azərbaycan Arbitraj Günləri 2025” beynəlxalq konfransında, “Konstitusiya
ədalət mühakiməsinin həyata keçirilməsi yolu ilə Konstitusiyanın aliliyinin təmin
edilməsində müasir tendensiyalar” mövzusunda beynəlxalq konfransda, Polis
Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr olunan “Zəfərə aparan yol-Qarabağ
Salnaməsi” mövzusunda konfransda, Türk Dünyası Konstitusiya Yurisdiksiyaları
Konfransının birinci konqresində, eləcə də Beynəlxalq Hakimlər Assosiasiyasının
67-ci Baş Assambleyasının açılış mərasimində və Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə Heydər Əliyev Mərkəzində "Mədəniyyət və hüquq: müasir çağırışlar”
mövzusunda forumda çıxışlar edilib.
Həmçinin
Kollegiyanın rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasında “Konstitusiya milli iradənin və suverenliyin təzahürü
kontekstində: yeni reallıqlar, strateji hədəflər” mövzusunda respublika
elmi-praktik konfransda, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes
Assosiasiyası tərəfindən təşkil olunan Milli Biznesin İnkişafı Forumunda, eləcə
də Polis Akademiyasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümumdünya
İnsan Hüquqları Bəyannaməsinin 77-ci ildönümünə həsr edilmiş elmi-praktik
konfransda açılış nitqləri ilə çıxış ediblər.
Hər
zaman olduğu kimi sosial yönümlü fəaliyyətlər də diqqət mərkəzində olub. Belə
ki, Vəkillər Kollegiyasının rəhbərliyi Şəmkir rayonunda Milli Məclisin sədri
Sahibə Qafarovanın təşəbbüsü və Kollegiyanın dəstəyi ilə vətəndaşlar üçün pulsuz
hüquqi yardım aksiyasında çıxış edib. Eyni zamanda rəhbərlik tərəfindən Ədliyyə
Akademiyasında hakimliyə namizədlər və ədliyyə orqanlarına yeni qəbul olunan əməkdaşlar
üçün təşkil edilən icbari tədris çərçivəsində “Ədalət mühakiməsinin təmin edilməsində
vəkillik institutunun rolu” mövzuları tədris olunub, Azərbaycan Qiymətləndiricilər
Palatasının Rəyasət Heyətinin üzvləri ilə əməkdaşlıq görüşü keçirilib.
Ali
Məhkəmədə "Femida Dialoq Platforması" çərçivəsində Vəkillər
Kollegiyasının iştirakı ilə növbəti dəfə görüş keçirilib. Görüşdə Kollegiyanın
rəhbərliyi və vəkillərlə yanaşı, Ali Məhkəmənin rəhbərliyi, habelə hakimləri və
Məhkəmə-Hüquq Şurasının üzvləri də iştirak ediblər. Tədbirdə Ali Məhkəmə tərəfindən
vəkillik fəaliyyəti zamanı qarşıya çıxan problemlərin araşdırılması, onların
operativ şəkildə həlli və əməkdaşlıq mühitinin daha da gücləndirilməsi istiqamətində
atılan addımlar təqdirəlayiq hesab edilib.
Ümumilikdə,
Vəkillər Kollegiyası birgə əməkdaşlıq mexanizmləri çərçivəsində məcburi köçkünlər,
aztəminatlı şəxslər, qazilər və digər sosial həssas qruplar üçün ölkə üzrə
pulsuz hüquqi yardım aksiyaları həyata keçirib. Kollegiyanın Hüquqi Yardım Mərkəzi,
Milli Məclis, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Penitensiar və Probasiya
xidmətləri və yerli icra hakimiyyətləri ilə əməkdaşlıq nəticəsində minlərlə vətəndaş
və məhkum pulsuz hüquqi məsləhətlə təmin olunub.
Gənclərə
dəstək, vəkil peşəsinə marağın artırılması, sosial aksiyalar və yarışlar Vəkillər
Kollegiyasının prioritet istiqamətlərindən biridir.
Vəkillər
Kollegiyası gənc hüquqşünasların vəkillik peşəsinə marağının artırılmasını
prioritet fəaliyyət istiqaməti kimi müəyyən edib. Bu çərçivədə məktəb və
universitetlərdə maarifləndirici görüşlər, müzakirələr və təcrübə proqramları həyata
keçirilir, tələbələr Vəkil bürolarında təcrübə keçərək nəzəri biliklərini
praktik bacarıqlarla tamamlayırlar. Belə ki, “Femida Könüllüləri” və müxtəlif təcrübə
proqramları çərçivəsində 256 gənc
iştirak edib.
Həmçinin
bu il dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Səbuhi Göyüşov 1 illik fərdi
inkişaf mentorluq proqramı çərçivəsində idarəçi rəhbər olan Kollegiyanın sədri
ilə mütəmadi görüşlər keçirib. Eyni zamanda beşinci “Yüksəliş” müsabiqəsinin
final mərhələsində Kollegiyanın sədri mentor kimi iştirak edib.
Bundan
əlavə, Kollegiya tərəfindən maliyyə və təşkilati dəstək göstərilən maarifləndirici
layihələr, kitab təqdimatları və beynəlxalq təhsil proqramlarında iştirak
imkanları gənclərin peşəkar inkişafına və vəkillik peşəsinə marağın
artırılmasına mühüm töhfə verir.
2025-ci
ildə Vəkillər Kollegiyasının Komitələri və Qadın Vəkillər Alyansı sahəsində
geniş və məqsədyönlü fəaliyyət göstərib. Yanvarın 10-da Kollegiyanın rəhbərliyi
Deontologiya Komitəsi ilə görüş keçirib, Komitənin gələcək işləri, “Vəkillərin
davranış qaydaları haqqında” Əsasnamənin kommentariyasının hazırlanması və bu
işdə Vəkillərin İntizam Komissiyası üzvləri və Kollegiya üzvü olan vəkillərin
iştirakı müzakirə olunub. Bununla yanaşı, Rəyasət Heyətinin iclaslarında bu sahədə
əməkdaşlıq üzrə İşçi Qruplarının (həm hüquq mühafizə orqanları, həm də məhkəmə
orqanları ilə əlaqəli şəxslər) yaradılması təsdiqlənib.
Bu
il də ötən dövrlərdəki kimi, sosial sahədə
Kollegiya üzvləri uşaq evləri və internat məktəblərinə ziyarətlər təşkil edərək
onlara dəstək göstərib. Bundan başqa, Kollegiya tərəfindən idman, intellektual
və bədii müsabiqələr keçirilib. Bunlara beynəlxalq və yerli futbol və şahmat
turnirləri, intellektual yarış, ədəbiyyat və digər yaradıcılıq müsabiqələri
daxildir.
Qadın
Vəkillər Alyansı sosial məsuliyyət layihələrində aktiv iştirak edib, uşaq
sığınacaqlarında və müxtəlif tədbirlərdə gənclərlə görüşlər təşkil edib.
Kollegiyanın “Legal Eagles” futbol komandası beynəlxalq yarışlarda uğurla çıxış
edərək Azərbaycan vəkilliyini təmsil edib.
Vəkillər
Kollegiyasının prioriteti: Hüquqşünasların, xüsusilə gənclərin Kollegiya
üzvlüyünə qəbulu və imtahanların davamlılığı.
22
fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə
bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına
uyğun olaraq, Vəkillər Kollegiyası tərəfindən vəkilliyə qəbul prosesi müntəzəm
şəkildə həyata keçirilir. Qeyd edilməlidir ki, test üsulu ilə vəkilliyə qəbul
2004-cü ildən tətbiq olunmağa başlanılıb. 2004-2018-ci illər ərzində yalnız 5
yazılı test imtahanı keçirilib. Son 8 ildə isə bu rəqəm 16-ya çatdırılıb və nəticədə ölkədə vəkillərin sayı üç dəfədən çox
artırılıb.
2025-ci
ildə Vəkillərin İxtisas Komissiyası tərəfindən şifahi imtahan mərhələsi üzrə 34 iclas, yazılı test imtahanları üzrə
isə 2 mərhələ təşkil olunub. 6 iyul
və 28 noyabr 2025-ci il tarixlərində keçirilən yazılı test imtahanlarında
ümumilikdə 823 namizəd iştirak edib, onlardan 420 nəfəri müvəffəqiyyət qazanıb.
Bu il ərzində 469 nəfər şifahi
müsahibədə iştirak edib, 366 nəfər
növbəti mərhələyə keçib. İl ərzində isə 347
nəfər vəkil and içərək Kollegiyanın üzvlüyünə qəbul olunub. Nəticədə, 2025-ci
ildə ölkədə vəkillərin ümumi sayı 2 836
nəfərə çatıb. Bu göstəricilər vəkillik institutunun davamlı inkişafını və peşə
üzrə tələb və marağın artdığını açıq şəkildə nümayiş etdirir.
Vəkil
köməkçiləri institutu Kollegiyanın əsas inkişaf hədəflərindən biridir. Hazırda
Vəkillər Kollegiyasında 400-dən
artıq vəkil köməkçisi fəaliyyət göstərir. İl ərzində Kollegiya rəhbərliyi yeni
qəbul edilən vəkil köməkçiləri ilə bir sıra görüşlər təşkil edib, onlara tövsiyələr
verib.
Kollegiyanın
əsas məqsədlərindən biri vəkillərin peşəkarlığının artırılması və davamlı təlimlərin
genişləndirilməsidir.
2025-ci
ildə Vəkillər Kollegiyası tərəfindən ümumilikdə 113 təlim təşkil olunub və həmin təlimlərdə 5 113 vəkil iştirak edib. Bu, onu göstərir ki, bir vəkil bir
neçə təlimə qoşularaq bilik və bacarıqlarını artırıb. Təlimlərin 25-i Ədliyyə Akademiyası ilə birgə
ixtisasartırma proqramı çərçivəsində keçirilib və burada 645 vəkil iştirak edib.
Qalan 84 təlim isə Kollegiyanın öz təşəbbüsü
ilə təşkil olunub və bu tədbirlərə 4 468
vəkil cəlb olunub. Bundan əlavə, “Vəkildən gənc hüquqşünasa” layihəsi çərçivəsində
keçirilən 4 təlimdə 133 gənc hüquqşünas iştirak edərək, vəkillik
peşəsinə hazırlıq və peşəkar biliklərini artırma imkanı əldə edib. Bu fəaliyyətlər
Kollegiyanın vəkillərin davamlı peşəkar inkişafını təmin etməklə, vəkillik sahəsində
biliklərin müasirləşməsinə verdiyi önəmi bir daha təsdiqləyir.
“Azərbaycan
Vəkili” jurnalının 2025-ci il buraxılışları: hüquqi düşüncənin inkişafına mühüm
töhfə
2025-ci
ildə “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının növbəti sayları beynəlxalq
standartlara uyğun şəkildə, müasir nəşr tələbləri və peşəkar yanaşmalar əsasında
çap olunaraq oxuculara təqdim edilib. Qeyd olunmalıdır ki, "Azərbaycan Vəkili"
elmi-praktik hüquq jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali
Attestasiya Komissiyasının Azərbaycan Respublikasında məqalələrin dərc olunması
tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil olunmuşdur. Vəkillər Kollegiyasının təsis etdiyi jurnal
il ərzində ənənəvi olaraq iki dəfə nəşr olunub və hər iki buraxılış hüquq
ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Bu il işıq üzü görən ikinci
say xüsusi əhəmiyyət kəsb edib. Belə ki, sözügedən buraxılış ölkəmizdə
Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci il üçün elan olunmuş
“Konstitusiya və Suverenlik İli”nə həsr edilib. Jurnalda konstitusion
hüquqların əhatəsində insan hüquqlarının müdafiəsi, müasir dövrdə hüququn müxtəlif
sahələrinin inkişaf tendensiyalarına uyğun mövzuları əhatə edən elmi-praktik məqalələrə
yer ayrılıb. Dərc olunan məqalələr həm hüquqşünaslar, həm də geniş oxucu
auditoriyası üçün aktual hüquqi biliklərin təbliğinə və peşəkar dünyagörüşünün
inkişafına xidmət edir.
Aprelin
11-də Hüquq və İnsan Haqları İnstitutu tərəfindən hüquq sahəsi üzrə məqalə dərc
edən jurnallarla bağlı hazırlanan II Monitorinq Hesabatı ictimaiyyətə təqdim
olunub. Sorğu nəticələrinə əsasən “Azərbaycan Vəkili” jurnalı ölkədə ən çox
oxunan hüquqi nəşrlər siyahısında birinci olub. Respondentlərin 57,2%-i tərəfindən
üstünlük verilən jurnal ölkənin aparıcı hüquqi tribunasına çevrildiyini bir
daha təsdiqləyir.
Beləliklə,
2025-ci ildə “Azərbaycan Vəkili” jurnalının fəaliyyət istiqamətləri, məzmun
keyfiyyəti və ictimaiyyət arasında nüfuzu ölkəmizdə hüquqi maariflənmə prosesinə,
peşəkar hüquq mədəniyyətinin inkişafına və vəkillik institutunun elmi-praktik əsaslarla
daha da möhkəmlənməsinə dəyərli töhfə verib.
Vətəndaşlara
pulsuz hüquqi yardımın genişləndirilməsi: Vəkillər Kollegiyasının sosial məsuliyyət
missiyası
Vətəndaşların
keyfiyyətli hüquqi yardıma bərabər və maneəsiz çıxışını təmin etmək Vəkillər
Kollegiyasının prioritet fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə
2025-ci il ərzində Kollegiya tərəfindən ölkənin bütün regionlarını əhatə edən
genişmiqyaslı sosial-hüquqi tədbirlər həyata keçirilib və aztəminatlı şəxslərə
pulsuz hüquqi yardım göstərilib. İl ərzində ümumilikdə “Konstitusiya və
Suverenlik İli” üzrə Tədbirlər Planı çərçivəsində 10 mindən çox vətəndaş Vəkillər
Kollegiyasının təşkil etdiyi pulsuz hüquqi yardım imkanlarından faydalanıb.
Ənənəvi
olaraq hər il qeyd edilən Beynəlxalq İnsan Hüquqları Günü, Beynəlxalq Qadınlar
Günü, Milli Qurtuluş Günü, Uşaqların Beynəlxalq Müdafiəsi Günü, Silahlı Qüvvələr
Günü, Zəfər Günü, Dövlət Bayrağı Günü, Konstitusiya Günü, Vəkil Günü və digər əlamətdar
tarixlər münasibətilə Kollegiya tərəfindən müxtəlif məkanlarda pulsuz hüquqi
yardım aksiyaları keçirilib. Bu aksiyalar cəmiyyətin müxtəlif təbəqələrindən
olan şəxslərə hüquq sahəsində əlçatanlığın təmin olunmasına xidmət göstərib.
2025-ci
il üçün Kollegiyanın Rəyasət Heyətinin təsdiq etdiyi pulsuz hüquqi yardım
proqramlarının daha da intensivləşdirilməsi nəzərdə tutulub. Həmin Tədbirlər
Planından irəli gələrək il ərzində müxtəlif dövlət qurumları ilə əməkdaşlıq şəraitində
çoxsaylı hüquqi yardım aksiyaları təşkil olunub.
Qeyd
olunan tədbirlər Vəkillər Kollegiyasının sosial məsuliyyət prinsiplərinə
sadiqliyini, hüquqi yardıma ehtiyacı olan şəxslərin müdafiəsinin təmin edilməsini
və cəmiyyətin hüquqi maarifləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl
fəaliyyətin bariz nümunəsidir.
Sonda
böyük qürur və məmnunluq hissi ilə bir daha qeyd edilməlidir ki, Azərbaycan
Respublikası postsovet məkanında vəkillik institutuna müstəqil fəaliyyət imkanı
verən ilk ölkələrdən biri kimi hüquqi sistemində mühüm islahatlara imza atıb. Məhz
bu addım ölkəmizdə hüquqi dövlət quruculuğunun inkişafında xüsusi əhəmiyyət kəsb
edib, vəkil peşəsinin nüfuzunun artırılmasına geniş imkanlar yaradıb. Hazırda
isə Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilən və dövlətin əsas
vəzifələrindən biri kimi dəyərləndirilən yüksək keyfiyyətli, peşəkar və hər kəs
üçün əlçatan hüquqi yardımın göstərilməsi missiyasını ölkəmizdə 106 yaşını qeyd
edən Azərbaycan Respublikası Vəkillər Kollegiyası peşəkarlıqla yerinə yetirir və
bu istiqamətdə institusional potensialını davamlı şəkildə gücləndirərək, müasir
hüquqi çağırışlara adekvat cavab verən, vətəndaş məmnunluğunu və hüquqların
effektiv müdafiəsini prioritet hesab edən fəaliyyət xəttini ardıcıl şəkildə
davam etdirəcəkdir. Unutmamalıyıq ki, vətəndaşların yüksək keyfiyyətli hüquqi
yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının
etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və
nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır.
Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri,
hüquq üzrə fəlsəfə doktoru Anar Bağırov