2025-ci il dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Qadın Vəkillər Alyansının üzvləri Mehriban Qadın və Uşaq Sığınacağını ziyarət ediblər.
Ziyarət zamanı vəkillər
sığınacaqda yaşayan uşaqlarla səmimi ünsiyyət qurub, onlarla birgə vaxt keçirərək
bayram ab-havasını bölüşüblər. Uşaqlara müxtəlif hədiyyələr təqdim olunub,
onların sevincinə və mənəvi dəstəyinə xüsusi diqqət göstərilib.
Sığınacağın rəhbəri
Mehriban Zeynalova çıxış edərək qonaqları salamlayıb, Kollegiyanın sədri Anar
Bağırova və Qadın Vəkillər Alyansının üzvlərinə uşaqlara göstərilən diqqət və
qayğıya görə minnətdarlığını ifadə edib.
Qadın Vəkillər Alyansının
sədri Dilarə Əfrasiyabova çıxışında bildirib ki, Alyansın əsas məqsədi
sığınacaqda yaşayan uşaqlara yalnız hüquqi biliklərin çatdırılması ilə kifayətlənməyərək,
eyni zamanda onlara sevgi, inam və gələcəyə ümid aşılamaqdır. O, bu cür sosial
təşəbbüslərin davamlı olacağını vurğulayıb.
Ziyarət çərçivəsində Alyans üzvləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Bakıda keçirilən “Qarabağ” – “Ayaks” (2:4) oyununu Qadın və Uşaq Sığınacağında tək izləyən azyaşlı Əkbər Zülfüqarovla da görüşüblər. Ona sevimli komandaya aid forma və xatirə hədiyyələri təqdim olunaraq xüsusi diqqət göstərilib.






