10 yanvar 2026-cı il tarixində Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Əqdlərin etibarsızlığı və ləğvi: nəzəriyyə və praktika” mövzusunda əyani qaydada interaktiv təlim keçirilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları
salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı məsələlərə toxunub. Qeyd
olunub ki, bu sahənin elmi və praktik baxımdan hərtərəfli öyrənilməsi mülki
hüququn effektivliyinin artırılmasına və hüquq sisteminin təkmilləşdirilməsinə
mühüm töhfə verir.
Təlimçi - Vəkillər
Kollegiyasının, Vəkillərin İxtisas Komissiyasının üzvü, Bakı şəhəri 6 saylı Vəkil
Bürosunun vəkili, Xəzər Universitetinin müəllimi Akif Əlizadənin çapdan çıxmış
“Ailə hüquqlarının müdafiəsi” adlı dərs vəsaiti barədə bildirilib ki, bu vəsait,
ailənin milli və beynəlxalq qanunvericilikdə nəzərdə tutulan sosial, hüquqi və
iqtisadi müdafiə hüquqlarını sistemli şəkildə izah edərək, həmin hüquqlardan səmərəli
istifadə və müdafiə mexanizmlərinin düzgün anlaşılmasını formalaşdıran, hüquqi
şüurun artmasına və ailə institutunun möhkəmlənməsinə xidmət edən əhəmiyyətli mənbədir.
Həmçinin “Azərbaycan vəkili”
elmi-praktik hüquq jurnalı iştirakçılara təqdim olunub, jurnalın elmi əhəmiyyəti
onların diqqətinə çatdırılıb.
Təlimin əsas hissəsində Akif
Əlizadə əqdlərin etibarsızlığı anlayışının nəzəri əsasları, etibarsız əqdlərin
hüquqi nəticələri, əqdlərin ləğvi zamanı tərəflərin hüquq və vəzifələri, məhkəmə
təcrübəsində müqavilə mübahisələrinin həlli mexanizmləri və digər əlaqəli məsələlər
üzrə geniş çıxış edib.
Təlimçi mövzu üzrə mövcud
məhkəmə praktikasında qarşılaşdığı işlər barədə öz təcrübəsini vəkillərlə
bölüşüb.
Təlimin sonunda çoxsaylı
suallar birgə müzakirə olunub.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 45 üzvü iştirak edib.




