2026-cı il yanvarın 14-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) rəhbərliyi tərəfindən hakim vəzifəsinə yeni təyin edilən vəkillərlə görüş keçirilib və təltif ediliblər.
Görüş zamanı Kollegiyanın
sədri Anar Bağırov yeni təyin olunan hakimləri salamlayaraq onlara gələcək fəaliyyətlərində
uğurlar arzulayıb, bu məsuliyyətli və şərəfli vəzifədə qanunun aliliyinə və ədalət
prinsiplərinə daim sadiq qalacaqlarına əminliyini ifadə edib.
Sədr çıxışında qeyd edib
ki, demokratik hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə məhkəmə-hüquq
islahatlarının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu
islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir. Bu islahatların əsas
məqsədi məhkəmə sisteminin daha şəffaf, səmərəli və vətəndaşların hüquqlarının
etibarlı müdafiəsini təmin edən mexanizmə çevrilməsidir.
Anar Bağırov məhkəmə fəaliyyətinin
təkmilləşdirilməsi istiqamətində görülən işlərdən, Məhkəmə-Hüquq Şurasının rolu
və fəaliyyəti, hakimlərin seçilməsi ilə bağlı keçirilən müsabiqələr, eləcə də gənc,
bilikli və peşəkar kadrların irəli çəkilməsi məsələlərindən ətraflı danışıb.
Hazırda Kollegiya həm Məhkəmə-Hüquq Şurasında, həm də Hakimlərin Seçki Komitəsində
təmsil olunur. Bu gün Azərbaycanda hakimlərin seçimi və təyinatı ən demokratik
və şəffaf prosedurlara uyğun olaraq aparılır.
Anar Bağırov söyləyib ki,
hakim vəzifəsinə təyin olunan vəkillər öz bilik, təcrübə və peşəkarlıq səviyyələri
ilə məhkəmə-hüquq islahatlarına layiqli töhfə verəcəklər. Yeni hakimlərə şərəfli
hakim adını daim uca tutmağı, fəaliyyətlərində obyektivlik, qərəzsizlik, şəffaflıq
və etik davranış prinsiplərinə ciddi əməl etməyi tövsiyə edib.
Dövlət başçısının 25
dekabr 2025-ci il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin edilən şəxslər
arasında 8 nəfərin VK-nın üzvü olduğunu nəzərə çatdıran sədr bunu yüksək göstərici
kimi dəyərləndirib. Bildirilib ki, mövcud göstəricilər vəkilliyin yalnız hüquqi
yardım institutu kimi deyil, eyni zamanda məhkəmə hakimiyyəti üçün peşəkar kadr
bankı rolunu oynadığını təsdiqləyir.
Qeyd olunub ki, vakant
hakim vəzifələrinə qəbulla bağlı elan edilən müsabiqədə yüksək bilik və peşəkarlıq
nümayiş etdirən Kollegiyanın 8 üzvü – Alməmmədov Nəriman Əli oğlu Ağcabədi
Rayon Məhkəməsinə, Əliyeva Aytəkin Güləli qızı Biləsuvar Rayon Məhkəməsinə,
Qazıbəyov İbrahim Mehman oğlu Quba Rayon Məhkəməsinə, Maxsudova Ülkər Taleh
qızı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə, Mirzəzadə Asim Vilayət oğlu Qax
Rayon Məhkəməsinə, Mustafayev Cavidan Mustafa oğlu Laçın Rayon Məhkəməsinə, Səfərli
Günel Adil qızı Qusar Rayon Məhkəməsinə, Süleymanov Cavid Loğman oğlu Bakı şəhəri
Sabunçu Rayon Məhkəməsinə Prezidentin 25 dekabr 2025-ci il tarixli Sərəncamı ilə
hakim vəzifəsinə təyin olunublar.
Tədbirin sonunda Anar
Bağırov VK Rəyasət Heyətinin müvafiq qərarına əsasən hakim vəzifəsinə təyin
edilən şəxslərə Fəxri Fərmanları təqdim edib.
Sonda görüş iştirakçıları
ilə birlikdə xatirə fotoşəkli çəkdirilib.









