2026-cı il yanvarın 14-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan
Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər
və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Sonra iclasın gündəliyinə
uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə baxılıb. Belə ki, ixtisas
imtahanlarının yazılı və şifahi mərhələlərini, həmçinin icbari təlim
proqramlarını uğurla tamamlayan namizədlər üçün andiçmə mərasimi keçirilib.
Namizədlər vəkil etikası normalarına və peşə borcuna sadiq qalacaqlarına dair
and içərək Kollegiyanın üzvlüyünə qəbul olunublar. Onlara vəkil vəsiqələri təqdim
edilib və gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2025-ci il tarixli Sərəncamı ilə
hakim vəzifəsinə təyin edilən VK-nın 8 üzvü – Alməmmədov Nəriman Əli oğlu,
Əliyeva Aytəkin Güləli qızı, Qazıbəyov İbrahim Mehman oğlu, Maxsudova Ülkər
Taleh qızı, Mirzəzadə Asim Vilayət oğlu, Mustafayev Cavidan Mustafa oğlu, Səfərli
Günel Adil qızı, Süleymanov Cavid Loğman oğlunun mükafatlandırılmaları və fəaliyyətlərinə
xitam verilməsi məsələsinə baxılıb və müsbət qərar verilib.
Bundan başqa, bəzi vəkillərin
digər vəkil qurumlarına keçməsi və vəkil kabinetinin ləğv edilməsi ilə barədə
müraciətlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.
İclasın davamında Vəkillərin
İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları
ilə yol verdikləri pozuntulara görə 7 vəkil barəsində intizam tənbehi tədbirləri
tətbiq edilib və 2 vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə
ciddi riayət etmələri tapşırılıb.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul olunub.


