2026-cı il yanvarın 16-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov işə yeni qəbul olunan vəkil köməkçiləri ilə görüş keçirib.
Kollegiyanın inzibati
binasında təşkil olunan görüş zamanı sədr Anar Bağırov vəkil köməkçilərini
salamlayaraq onları yeni fəaliyyət mərhələsinə başlamaları münasibətilə təbrik
edib, gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşdə son illər VK-da
aparılan islahatlar, vəkillik institutunun gücləndirilməsi istiqamətində görülən
ardıcıl tədbirlər barədə ətraflı məlumat verən Anar Bağırov bildirib ki,
hazırda Kollegiyada 400-dən artıq vəkil köməkçisi fəaliyyət göstərir. Bu göstərici
vəkillik institutuna marağın artdığını və gənc hüquqşünasların peşəyə
inteqrasiyasının genişləndiyini nümayiş etdirir.
Sədr vurğulayıb ki, hüquqi
dövlət quruculuğu, hüquq sisteminin möhkəmləndirilməsi və cəmiyyətin hüquqi
maariflənməsi prosesində vəkillər xüsusi və məsuliyyətli missiya daşıyırlar. Bu
baxımdan yüksək bilik səviyyəsinə malik, məsuliyyətli və peşə etikası
qaydalarına sadiq hüquqşünasların hazırlanması hər zaman prioritet istiqamət
olaraq qalır.
Anar Bağırov qeyd edib ki,
Kollegiya vəkil köməkçilərinin peşə hazırlığının artırılmasına xüsusi önəm
verir və onların real təcrübə mühitinə inteqrasiyası üçün zəruri şərait
yaradır. Həmçinin sədr gənc hüquqşünasları fəal olmağa, təcrübəli vəkillərlə
sıx əməkdaşlıq etməyə, bilik və bacarıqlarını daim təkmilləşdirməyə çağırıb.
Eyni zamanda sədr “Vəkillər
və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş dəyişikliklərə toxunaraq, vəkil
peşəsinə qəbul üçün tələb olunan hüquq sahəsində iş stajının üç ildən bir ilədək
azaldıldığını diqqətə çatdırıb. Bununla yanaşı, VK Rəyasət Heyətinin 14 oktyabr
2024-cü il tarixli qərarına əsasən vəkil köməkçilərinə vəkilliyə qəbul üzrə
ixtisas imtahanında tətbiq olunan güzəştlərdən danışan Anar Bağırov bildirilib
ki, bu addımlar gənclərin vəkillik peşəsinə marağının artmasına, onların peşəkar
inkişafı və gələcək karyera planlaması üçün daha əlverişli imkanların
yaradılmasına xidmət edir.
Görüşün sonunda vəkil köməkçilərinə vəsiqələr təqdim olunub.




