Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

“Vəkildən gənc hüquqşünasa” layihəsi üzrə növbəti təlim təşkil edilib

19 yanvar 2026    666 share share

17 yanvar 2026-cı il tarixində Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Vəkildən gənc hüquqşünasa” layihəsi üzrə “Hüquqi şəxsin ləğvi” mövzusunda əyani qaydada təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli iştirakçıları salamlayıb və layihənin gənc hüquqşünaslar üçün əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Vəkillər Kollegiyası tərəfindən gənclərin hüquq sahəsində inkişafını dəstəkləmək məqsədilə ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilir. Gənc hüquqşünasların bilik və bacarıqlarının artırılması, hüquqi maarifləndirmə səviyyəsinin yüksəldilməsi Kollegiyanın əsas prioritetlərindən biridir.

Vəkillər Kollegiyasının üzvü, “Sirius” Vəkil Bürosunun vəkili, “CSS Konsaltinq” şirkətinin rəhbəri Nuridə İbrahimova çıxış edərək təlim mövzusunun hüquqi əhəmiyyəti ilə bağlı bildirib ki, hüquqi şəxsin ləğvi hüquqi subyektin fəaliyyətinə qanuni əsaslarla son qoyulmasını təmin etməklə, mülki-hüquqi sabitliyin təmin olunmasını mümkün edən mühüm institutdur.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, “Union” Vəkil Bürosunun vəkili, “CSS Konsaltinq” şirkətinin baş hüquqşünası, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi Səma Əhmədova hüquqi şəxsin məhkəmə yolu ilə ləğvi proseduru, təsisçi tərəfindən hüquqi şəxsin ləğvi mərhələləri, hüquqi şəxsin iflası və ləğvi arasındakı fərqlər, hüquqi şəxsin ləğvi üçün lazım olan sənədlər barədə geniş çıxış edib.

Sonda təlimçilər tərəfindən iştirakçıları maraqlandıran həm nəzəri, həm də praktiki suallar cavablandırılıb.

Qeyd edək ki, təlimdə 21 gənc hüquqşünas iştirak edib.