Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda vəkil sayının artırılması, hüquqi yardımın əlçatanlığının genişləndirilməsi və vəkillik institutunun davamlı inkişafına dair verdiyi tövsiyələrə uyğun olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) üzvlüyə qəbul prosesini ardıcıl, sistemli və məqsədyönlü şəkildə həyata keçirir. Bu proses çərçivəsində ixtisas imtahanlarının tam şəffaflıq, obyektivlik və bərabərlik prinsipləri əsasında təşkili təmin olunur.
Bu istiqamətdə yazılı və
şifahi imtahan mərhələlərini uğurla başa vuran vəkilliyə namizəd üçün 2026-cı
il yanvarın 19-dan etibarən Ədliyyə Akademiyasında icbari təlimlərə başlanılıb.
Təlim proqramı gələcək vəkillərin peşə hazırlığının artırılmasına, praktiki
bilik və bacarıqlarının möhkəmləndirilməsinə, eyni zamanda vəkil fəaliyyətinə
dair etik və hüquqi tələblərin dərindən mənimsədilməsinə xidmət edir.
Yeni təlim mərhələsinin
açılışında çıxış edən VK Rəyasət Heyətinin sədri Anar Bağırov vəkilliyə namizədləri
təbrik edərək onlara uğurlar arzulayıb, bu mərhələnin peşəkar formalaşma
baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Sədr bildirib ki, təlim
proqramı yalnız nəzəri biliklərin artırılmasına deyil, eyni zamanda peşə
hazırlığının təkmilləşdirilməsinə, praktiki bacarıqların gücləndirilməsinə və
beynəlxalq təcrübənin öyrənilməsinə yönəlib. Təlimlərin məzmunu müasir hüquqi
çağırışlara uyğun şəkildə formalaşdırılıb və gələcək vəkillərin ədalət mühakiməsində
rolunun daha da gücləndirilməsini hədəfləyir.
Vəkilliyə qəbul prosesi
barədə ətraflı məlumat verən Anar Bağırov qeyd edib ki, test mərhələsi
Kollegiya və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə, geniş müşahidəçilik
imkanları şəraitində - yerli və beynəlxalq müşahidəçilərin, dövlət qurumları və
qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə tam şəffaf və
obyektiv şəkildə keçirilib. Şifahi mərhələdə isə obyektivliyin təmin olunması məqsədilə
videoyazı sistemi tətbiq edilib və bütün namizədlərə eyni məzmunlu suallar təqdim
olunmaqla prosesin dürüstlüyü qorunub. Həmçinin sədr təlimlərin tematik istiqamətlərinə
toxunaraq bildirib ki, insan haqlarının müdafiəsi, vəkil etikası və digər aktual
sahələr üzrə məşğələlər nüfuzlu ekspertlərin iştirakı ilə həyata keçirilir.
Anar Bağırov Azərbaycan
Respublikası Vəkillər Kollegiyasından 60, Naxçıvan Muxtar Respublikası Vəkillər
Kollegiyasından isə 4 vəkilliyə namizədlərin iştirak etdiyini vurğulayıb. Qeyd
edilib ki, vəkilliyə namizədlərdən 18 nəfər qadın, 46 nəfər isə kişidir. Namizədlərin
50 nəfəri, yəni 78 faizi 40 yaşadək şəxslərdən ibarətdir ki, bu da vəkillik
institutunun daha da gəncləşdiyini göstərir. Bildirilib ki, təlim
iştirakçılarının 86 faizi paytaxtdan, 14 faizi isə regionlardan müraciət edən şəxslərdir.
Sədr çıxışında son illərdə
Vəkillər Kollegiyasında aparılan institusional islahatlardan, vəkil sayının
artırılması, institutun cavanlaşdırılması, tədris proqramlarının yenilənməsi və
daha məqsədyönlü hala gətirilməsi istiqamətində görülən ardıcıl tədbirlərdən də
bəhs edib.
Anar Bağırov vurğulayıb
ki, Ədliyyə Akademiyası ilə birgə hazırlanmış təlim proqramları praktiki bilik
və bacarıqların artırılmasına yönəlik kompleks yanaşma təqdim edir və bu sahədə
sistemli, davamlı nəticələrin əldə olunmasına şərait yaradır. Sədr təlimlərin
yüksək peşəkarlıqla təşkil edildiyini qeyd edərək göstərilən dəstəyə görə
Ədliyyə Nazirliyinin və Ədliyyə Akademiyasının rəhbərliyinə minnətdarlığını
ifadə edib.
Eyni zamanda VK-nın
nüfuzlu beynəlxalq təşkilatlara üzvlüyünü və yerli dövlət qurumları ilə səmərəli
əməkdaşlığını qeyd edən sədr vəkillik institutunun təşəbbüslərinin dövlət tərəfindən
tam dəstəkləndiyini vurğulayıb.
Anar Bağırov çıxışının
davamında vəkillərin peşə fəaliyyətinin əsas prinsiplərinə də toxunaraq
bildirib ki, hər bir vəkil peşə borcunu vicdanla yerinə yetirməli, etik
davranış kodeksinə ciddi əməl etməli, vətəndaşlara yüksək keyfiyyətli hüquqi
yardım göstərməli, qeyri-qanuni və qeyri-prosessual münasibətlərə yol verməməlidir.
Sədr formal fəaliyyətin və etikadan kənar davranışların institutun nüfuzuna xələl
gətirdiyini xüsusi vurğulayaraq, Kollegiyanın bu cür hallara qarşı qətiyyətli
mövqedə olduğunu diqqətə çatdırıb.
Təlimdə vəkillik institutunun
inkişafı istiqamətində görülən işlər və qarşıya qoyulan mühüm hədəflər barədə ətraflı
danışan Anar Bağırov Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il
tarixli “Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının əhəmiyyətini
vurğulayaraq, bu sənədin vəkillik fəaliyyətinin genişləndirilməsi və vəkil
sayının əhəmiyyətli dərəcədə artırılması baxımından mühüm dönüş nöqtəsi
olduğunu qeyd edib. Həmçinin sədr “Vəkillər və vəkillik fəaliyyəti haqqında”
Qanuna edilmiş dəyişikliklərə toxunaraq, vəkil peşəsinə qəbul üçün tələb olunan
hüquq sahəsində iş stajının üç ildən bir ilədək azaldılmasını hüquq sisteminin
təkmilləşdirilməsi, vəkillik institutunun institusional baxımdan daha da möhkəmləndirilməsi
və müdafiə hüququnun effektiv təmin edilməsi istiqamətində atılmış mühüm addım
kimi dəyərləndirib.
Açılış mərasimi VK sədrinin “Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik” mövzusunda geniş məruzəsi ilə davam edib.


