Yanvarın 24-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Vərəsəlik münasibətlərini nizama salan normaların tətbiqi zamanı yol verilən pozuntular” mövzusunda əyani qaydada interaktiv təlim keçirilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları
salamlayıb və təlim mövzusunun əhəmiyyəti ilə bağlı məsələlərə toxunub. Qeyd
olunub ki, vərəsəlik münasibətləri normalarının düzgün tətbiqi mülkiyyət
hüququnun davamlılığını təmin edir, cəmiyyətdə hüquqi ədaləti qorumaqla,
sosial-iqtisadi sabitliyin möhkəmlənməsinə xidmət edir.
Həmçinin “Konstitusiya və
Suverenlik İli” çərçivəsində vəkillik institutunun hüquqi əsaslarını, praktik fəaliyyətini
əhatə edən “Vəkillik fəaliyyəti” adlı dərsliyin nəşri ilə bağlı məlumat verilib
və “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalı iştirakçılara təqdim olunub.
Təlimin əsas hissəsində Azərbaycan
Respublikası Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının üzvü Əsəd Mirzəliyev
vərəsəlik münasibətlərini nizama salan mülki-hüquqi normaların tətbiqi zamanı
yol verilən hüquqi pozuntular, vərəsəlik hüququ sahəsində normativ aktların
düzgün tətbiq edilməməsi halları, vərəsələrin mülki hüquq və qanuni mənafelərinin
pozulması, vərəsəlik münasibətlərində hüquqi qeyri-müəyyənliyə səbəb olan
normativ boşluqlar və digər məsələlər üzrə geniş çıxış edib.
Təlimçi mövcud məhkəmə təcrübəsini
vəkillərlə bölüşərək, mövzu üzrə vəkillərin çoxsaylı suallarını cavablandırıb.
Əyani qaydada təşkil olunmuş təlimdə Vəkillər Kollegiyasının 68 üzvü iştirak edib.






