Məlum olduğu kimi, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna əsasən, Vəkillər Kollegiyasının üzvü olmayan şəxs tərəfindən özünə münasibətdə və ya təşkilatının adında “vəkil” sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunması qadağandır.
Eyni
zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsinə
edilən 30.12.2025-ci il tarixli dəyişikliyə əsasən, Vəkillər Kollegiyasının
üzvü olmayan şəxslərin gəlir əldə etmək məqsədilə “vəkil” sözündən istifadə etməsi
inzibati məsuliyyətə səbəb olacaq.
Belə ki, Vəkillər
Kollegiyasının üzvü olmayan şəxs tərəfindən gəlir əldə etməklə özünə münasibətdə
və ya təşkilatının adında “vəkil” sözündən və bu sözün istifadə edildiyi ifadələrdən,
eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunmasına görə
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər
altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
Diqqətə
çatdırılır ki, “Vəkil” adından yalnız qanunla müəyyən edilmiş qaydada vəkil
statusu əldə etmiş və Vəkillər Kollegiyasının üzvü olan şəxslər istifadə edə
bilərlər.
Vəkillər
Kollegiyası vətəndaşlardan bu cür qanunazidd hallarla qarşılaşdıqları təqdirdə
müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələrini xahiş edir.