2026-cı il yanvarın 31-də “Baku Marriott Hotel Boulevard” mehmanxanasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) üzvlərinin növbəti ümumrespublika konfransı keçirilib.
Konfransda VK Rəyasət Heyətinin
üzvləri ilə yanaşı, paytaxt və respublikanın müxtəlif regionlarında fəaliyyət
göstərən vəkil qurumlarını təmsil edən nümayəndələr, fərdi qaydada fəaliyyət
göstərən vəkillər olmaqla ümumilikdə 245 vəkil, habelə KİV nümayəndələri iştirak
ediblər.
Konfrans Azərbaycan
Respublikasının Dövlət Himninin və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb.
Sonra müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin,
eləcə də ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından
keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən
VK sədri Anar Bağırov tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb,
Kollegiyanın son illər ərzindəki fəaliyyətinə geniş şəkildə nəzər salıb, ölkəmizdə
vəkillik institutunun keçdiyi tarixi inkişaf yolunu təhlil edib. Sədr qeyd edib
ki, ötən dövrlər ərzində vəkillik institutunun gücləndirilməsi, hüquqi yardımın
keyfiyyətinin yüksəldilməsi və vətəndaşlar üçün əlçatanlığın təmin olunması
istiqamətində ardıcıl və sistemli islahatlar həyata keçirilib. Görülən tədbirlər
nəticəsində vəkillərin sayında əhəmiyyətli artım baş verib, onların peşəkar
hazırlıq səviyyəsi yüksəldilib, davamlı tədris və ixtisasartırma mexanizmləri
formalaşdırılıb və müasir tələblərə uyğun olaraq təkmilləşdirilib. Eyni zamanda
vəkillərin fəaliyyətinin şəffaflığının artırılması, peşə etikası qaydalarına əməl
olunmasının gücləndirilməsi və institusional idarəetmənin modernləşdirilməsi
sahəsində mühüm addımlar atıldığı vurğulanıb.
Həmçinin Anar Bağırov
çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 noyabr
2025-ci il tarixli Fərmanı ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında”
Qanuna edilmiş mütərəqqi və sistemli dəyişikliklərə də toxunub. Sədr bildirib
ki, bu yeniliklər vəkillik institutunun institusional baxımdan daha da möhkəmləndirilməsinə,
peşə fəaliyyətinin daha səmərəli, çevik və müasir tələblərə uyğun şəkildə təşkilinə
xidmət göstərir.
Daha sonra konfransda
Kollegiyanın 2025-ci il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən
illik hesabat filmi nümayiş olunub.
Gündəliyə uyğun olaraq
konfrans çərçivəsində Hesablama Komissiyasının tərkibi müəyyən edilib. Bununla
yanaşı, Kollegiyanın Nizamnaməsinə, Vəkillərin İntizam və İxtisas
Komissiyalarının Əsasnamələrinə, eləcə də “Vəkillərin etik davranış qaydaları
haqqında” Əsasnaməyə əlavə və dəyişikliklər edilməsi ilə bağlı məsələlər
müzakirə olunaraq qərarlar qəbul edilib.
Bundan başqa, tədbirdə
VK-nın maliyyə-təsərrüfat fəaliyyəti üzrə hesabatı və növbəti dövr üçün büdcəsi,
“Üzvlük haqqının ödənilməsi qaydası”, “Monitorinqin aparılması qaydası”, “Vəkil
orderinin və order markasının forması, hazırlanması və istifadə qaydası”, habelə
“Vəkil qurumlarının yaradılması qaydası” təsdiqlənib, habelə vəkillərin il ərzində
iştirak etməli olduğu icbari tədris tədbirlərinin minimal saat sayı müəyyən
olunub.
Konfransda Vəkillər Kollegiyasının fəaliyyəti ilə bağlı əhəmiyyət kəsb edən digər məsələlər də gündəliyə çıxarılıb. Bu məsələlər ətrafında geniş müzakirələr aparılıb, iştirakçılar tərəfindən müxtəlif təkliflər səsləndirilib, eləcə də ünvanlanan suallar ətraflı şəkildə cavablandırılıb.






















































