5 fevral 2026-cı il tarixində PAŞA Holding və onun törəmə şirkətləri tərəfindən təşkil edilən, hüquq sahəsində peşəkarları, ekspertləri və texnologiya liderlərini bir araya gətirən “LEGIS Hüquq Forum”u keçirilib.
Sözügedən
forum artıq ikinci ildir ki, Bakıda keçirilir və bu silsilə çərçivəsində dövlət
rəsmilərini, özəl sektor nümayəndələrini, həmçinin 1000-ə yaxın hüquq peşəkarını
bir araya gətirir. Forumun məqsədi dövlət-özəl sektorları arasında hüquq
mövzusu üzrə əməkdaşlığın təşviqi, hüquq mütəxəssisləri üçün bilik mübadiləsinin
təşkili, əsas qanunvericilik islahatlarını müzakirəsi və mövcud hüquqi
boşluqları dəyərləndirmək üçün dinamik bir platforma yaratmaqdır.
Tədbirin
açılış mərasimində Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli,
Azərbaycan Respublikasının Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri
İnam Kərimov, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, PAŞA
Holding-in Baş icraçı direktoru Cəlal Qasımov, eləcə də PAŞA Holding-in Hüquq və
Dövlət qurumları ilə əlaqələr departamentinin direktoru Aytac Qasımova çıxış
ediblər.
Bundan əlavə,
forum çərçivəsində hüquq sahəsinin aktual mövzularını əhatə edən çıxışlar və
panel müzakirələri də təşkil olunub. Azərbaycan Respublikasının ədliyyə naziri
Fərid Əhmədov çıxış edərək hüquq təhsilində islahatların vacibliyi və bu
islahatların ölkənin hüquq sisteminin inkişafındakı rolu barədə fikirlərini
bölüşüb.
Daha sonra
“Qlobal çağırışlar fonunda Azərbaycanın hüquq təhsili modeli” mövzusunda panel
müzakirəsi keçirilib. ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad
İbadovun moderatorluğu ilə baş tutan müzakirədə panelistlər Azərbaycan
Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Azərbaycan
Respublikasının Ədliyyə Akademiyasının rektoru Rövşən İsmayılov, Azərbaycan
Respublikasının elm və təhsil nazirinin müavini Həsən Həsənli, Avropa İnsan
Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov və Azərbaycan Respublikasının Ali
Məhkəməsinin Mülki kollegiyasının sədri Sənan Hacıyev çıxış ediblər.
Vəkillər
Kollegiyasının sədri Anar Bağırov panel çıxışı zamanı ölkədə vəkillərin sayının
və keyfiyyət göstəricilərinin aktual problem olaraq qaldığını bildirib. Qeyd
edib ki, hazırda Azərbaycanda 2800-dən artıq vəkil fəaliyyət göstərir və hər
100 min nəfərə cəmi 28 vəkil düşür ki, bu da bir sıra ölkələrlə müqayisədə
aşağı göstəricidir.
Sədr
vurğulayıb ki, Hüquq fakültələrindən məzun olan qadınların sayı çox olsa da,
müxtəlif səbəblərdən onların əksəriyyəti peşə fəaliyyətinə cəlb olunmur və nəticədə
qadın vəkillərin ümumi payı cəmi 22 faiz təşkil edir. Bu baxımdan ölkədə qadın
vəkillərə ehtiyacın olduğu diqqətə çatdırılıb.
Anar
Bağırov hüquq təhsili alan məzunların bilik və hazırlıq səviyyəsinə də
toxunaraq söyləyib ki, onların natiqlik qabiliyyəti və praktik hazırlığı qənaətbəxş
deyil. Sədr beynəlxalq mühitdə də uğurla fəaliyyət göstərə biləcək
hüquqşünasların yetişdirilməsinin vacibliyini qeyd edib.
Anar
Bağırov çıxışında dil bilikləri məsələsinə xüsusi diqqət çəkərək deyib ki,
hazırda Azərbaycanda ən azı üç dili bilən vəkil tapmaq çətindir. Bu səbəbdən
yerli hüquq fakültələrinin məzunları xaricdə peşə fəaliyyəti göstərə bilmirlər.
Sədr hüquq məzmunlarının tək ölkədə deyil, xaricdə də gələcəkdə fəaliyyət göstərmələri
üçün kifayət qədər hazırlıqlı və beynəlxalq dil bilmələrinin önəmini
vurğulayıb.
Eyni
zamanda Anar Bağırov bəzi xarici ölkələrin ali təhsil müəssisələrinin Hüquq
fakültələrindən məzun olan şəxslərin hazırlıq səviyyəsinin sual doğurduğunu
bildirib, bu sahədə biliklərin yoxlanılmasının vacibliyini ifadə edib.
Panel
zamanı hüquq təhsilinin müasirləşdirilməsi, nəzəri və praktiki biliklərin
balansı, eləcə də peşəkar və etik dəyərlərə malik hüquqşünasların hazırlanması
məsələləri müzakirə olunub.
Forumda həmçinin
beynəlxalq ekspertlərin çıxışları da diqqət çəkib. Jamie Susskind, Harvard və
Oxford universitetlərində tədqiqatçı, İngiltərə və Uels üzrə fəaliyyət göstərən
barrister, süni intellekt və texnologiya hüququ mövzusunda New York Times
bestseller kitablarının müəllifi, süni intellektin hüquq sahəsində artan roluna
və onun hüquqi qərarverməni dəstəkləməli, lakin əvəz etməməli olduğuna diqqət çəkib.
Günün
ikinci yarısında Kenan Yılmaz, Koç Holding-in Baş Hüquq və Komplayens müşaviri,
30 ildən çoxdur şirkətdə çalışan hüquqşünas kimi öz uğur hekayəsini və şirkətlərin
hüquq və komplayens prinsipləri çərçivəsində necə idarə olunması lazım olduğunu
vurğulayıb.
Sonda
“Süni intellekt və hüquq: tənzimləmə, məsuliyyət və gələcəyin imkanları”
mövzusunda panel müzakirəsi baş tutub. Deloitte & Touche”-in Hüquq və
Komplayens üzrə baş meneceri Bahar Kavuzovanın moderatorluğu ilə keçirilən
paneldə Jamie Susskind, KPMG Law-da hüquq və süni intellekt üzrə meneceri
Martin Knost, Esin Attorney Partnership şirkətinin İdarəedici partnyoru Eren
Kurşun və Almaniyanın Martin Lüter adına Halle–Wittenberg universitetinin
professoru Azər Əliyev çıxış edərək süni intellektin hüquq sahəsində təsiri və
hüquqi xidmətlərin gələcəyi mövzusunda fikir mübadiləsi aparıblar.
LEGIS Hüquq Forumu, hüquq sahəsində yeni perspektivlər açaraq, bilik və təcrübə mübadiləsini təşviq edərək gələcək əməkdaşlıqlar üçün möhkəm zəmin yaratdı.





