Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Məhkəmə ekspertizası sahəsində yeni elmi-metodiki materialların təqdimatı keçirilib

11 fevral 2026    905 share share

Fevralın 10-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə Hüquq və İnsan Haqları İnstitutunun birgə əməkdaşlığı çərçivəsində məhkəmə ekspertizası sahəsində hazırlanmış 9 yeni elmi-metodiki materialın təqdimatı olub.

Tədbirdə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Elşən Albəndov və Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxış ediblər.

Onlar məhkəmə ekspertizası sahəsində müasir elmi-metodiki yanaşmaların tətbiqinin, normativ-hüquqi bazanın təkmilləşdirilməsinin və elmi nəticələrin praktiki fəaliyyətə inteqrasiyasının hüquq sisteminin inkişafı baxımından əhəmiyyətini vurğulayıblar. Həmçinin hüquq-mühafizə orqanları, elmi-tədqiqat müəssisələri və ali təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsinin bu sahənin inkişafına mühüm töhfə verdiyi qeyd olunub.

Təqdim olunan nəşrlər məhkəmə-ballistik və məhkəmə-portret ekspertizaları, audio-video yazıların məhkəmə ekspertizası, yanğın və narkotiklərlə bağlı tədqiqat metodikaları, özəl məhkəmə ekspertləri üçün təlim proqramı, ekspert profilaktikasına dair məlumat kitabçası və metodik tövsiyələr, həmçinin “Məhkəmə ekspertizası, kriminalistika və kriminologiyanın aktual məsələləri” elmi əsərlər məcmuəsinin 69 və 70-ci buraxılışlarını əhatə edib.

Təqdimatlardan sonra metodiki yanaşmaların praktiki tətbiqi və məhkəmə ekspertizası sahəsinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov çıxış edərək iştirakçıları salamlayıb, məhkəmə ekspertizası sahəsində yeni elmi-metodiki materialların təqdimatının əhəmiyyətini vurğulayıb. Sədr müavini bildirib ki, ekspertiza fəaliyyəti ədalət mühakiməsində, məhkəmələr tərəfindən obyektiv və ədalətli qərarların qəbulunda mühüm rol oynayır.

Şahmar Məmmədov qeyd edib ki, təqdim olunan yeni elmi-metodiki materiallar məzmun və istiqamət baxımından zəngindir. Bu materiallara məlumat kitabçaları, proqramlar, təlimlər və metodiki tövsiyələr daxildir ki, onların hazırlanması uzunmüddətli və ciddi elmi-praktiki zəhmətin nəticəsidir.

Həmçinin sədr müavini çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 avqust 2024-cü il tarixli Sərəncamı ilə Məhkəmə Ekspertizası Şurasının yaradıldığını xatırladıb və Vəkillər Kollegiyasının həmin Şurada digər qurumlarla yanaşı təmsil olunduğunu diqqətə çatdırıb. Şahmar Məmmədov əlavə edib ki, Şura çərçivəsində yaradılmış işçi qruplarında da Kollegiya üzvləri aktiv şəkildə iştirak edirlər. 

Bundan başqa, sədr müavini ölkə başçısının 2025-ci il 11 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya”nın təsdiq edildiyini vurğulayıb. Bildirilib ki, 2026–2030-cu illəri əhatə edən həmin konsepsiyada Vəkillər Kollegiyasına dair tövsiyələr də yer alıb. Çox istərdik ki, bu konsepsiya daxilində də Vəkillər Kollegiyası tərəfindən irəli sürülmüş bir çox təkliflər, o cümlədən cinayət işləri üzrə müdafiə tərəfinin müraciəti əsasında ekspertiza keçirilməsi qanunvericilikdə öz əksini tapsın.

Tədbirdə Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Vəkillər Kollegiyası, habelə Naxçıvan Muxtar Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin, Ədliyyə Nazirliyi yanında İctimai şuranın üzvləri, həmçinin bir sıra ali təhsil müəssisələrinin hüquq və kriminalistika üzrə ixtisaslaşmış kafedralarının professor-müəllim heyəti, vəkil və hüquqşünaslar iştirak ediblər.