12 fevral 2026-cı il tarixdə Bakı Kommersiya Məhkəməsi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının və Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlərinin və biznes strukturlarının nümayəndələrinin iştirakı ilə kommersiya mübahisələrinin xüsusiyyətlərinə və aktual məsələlərinə həsr olunmuş seminar - dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə
açan Bakı Kommersiya Məhkəməsinin sədri İlham Əhmədov kommersiya mübahisələri
ilə bağlı praktiki və nəzəri hüquqi məsələlərin ətraflı müzakirəsi və təcrübə
mübadiləsinin əhəmiyyətini qeyd edib. Sonra o, çirkli pulların yuyulmasının
qarşısının alınması məqsədilə diqqət yetirilməli olan maddi hüquq məsələlərinə,
o cümlədən hüquqi şəxslərin yenidən təşkili zamanı hüquqi varisliyin xüsusiyyətləri,
universal və xüsusi hüquq qabiliyyətinin fərqləndirilməsinin zəruriliyi,
sübutetmə vəzifəsinin yerinə yetirilməsi üçün tələb olunan addımlar, korporativ
mübahisələr zamanı məhkəmə baxışının hədləri, sadələşdirilmiş icraat və bir
sıra digər məsələlər barədə Məhkəmənin formalaşmış praktikası barədə geniş məlumat
vermiş və diqqət yetirilməli olan məqamları vurğulayıb.
Daha sonra Ali Məhkəmənin
Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyeva qeyd edilən məsələlərlə bağlı
Ali Məhkəmənin məhkəmə təcrübəsinin ümumiləşdirilməsi istiqamətində apardığı
işlər, habelə məhkəmə aidiyyəti, müvəqqəti təminat tədbirləri, sübutların qiymətləndirilməsi
və bir sıra digər maddi və prosessual hüquq məsələlərinin xüsusiyyətləri ilə
bağlı Ali Məhkəmənin formalaşmış mövqeyi barədə ətraflı məlumat verib.
Vəkillər Kollegiyasının
Biznes Hüququ Komitəsinin sədri Nazlı Əhmədova tədbirə ev sahibliyi edən Bakı
Kommersiya Məhkəməsinə və tədbiri dəstəkləmiş Ali Məhkəmənin Kommersiya
Kollegiyasına və Bakı Apellyasiya Məhkəməsinə Vəkillər Kollegiyası adından minnətdarlığını
bildirərək, bu cür dialoqun vəkillər tərəfindən yüksək qiymətləndirildiyini və ədalət
mühakiməsinin inkişafı və səmərəli təcrübə mübadiləsinin genişləndirilməsi üçün
daimi platformaya çevriləcəyinə ümidini ifadə edib.
Ali Məhkəmənin Kommersiya
Kollegiyasının hakimi Bəhman Qəribov və Apellyasiya Məhkəməsinin hakimi Leyla
Əliyeva mövzu ilə bağlı məhkəmə təcrübəsi barədə məlumat veriblər. Vəkillər
Kollegiyasının üzvləri Əkrəm Həsənov, Cavid Alıyev, Dünyamin Novruzov, Sevda Məhərrəmova,
Şaiq Mirzəyev, Rüfət Bədirli və Əlibaba Əliyevin qeyd etdikləri praktiki məsələlər
ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Yekunda xatirə fotosu çəkilib.







