2026-cı il fevralın 18-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan
Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata
keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Gündəliyə uyğun olaraq bir
vəkilin dövlət qulluğunun xüsusi növünə xidmətə qəbul edilməsi ilə əlaqədar vəkillik
fəaliyyətinin dayandırılması məsələsinə baxılıb. Həmçinin bəzi vəkillərin vəkil
kabineti yaratmaları, Vəkil bürolarının fəaliyyət göstərdikləri ünvanların dəyişdirilməsi,
eləcə də digər vəkil qurumlarına keçməsi ilə bağlı müraciətləri müzakirə
olunaraq müvafiq qərarlar qəbul edilib.
Bundan əlavə, iclasda
“Dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın Azərbaycan
Respublikasının Vəkillər Kollegiyası tərəfindən vəkillərə ödənilməsi
prosedurları üzrə sənədləşmə işlərinin aparılması barədə” Təlimata dəyişiklik
edilməsi məsələsinə baxılıb, habelə Vəkil büroları və fərdi qaydada fəaliyyət
göstərən vəkillər tərəfindən 2025-ci ildə hüquqi yardım göstərilməsi ilə əlaqədar
fəaliyyətlərinin illik statistik hesabatı təhlil olunub. Aparılan müzakirələr və
təqdim edilən məlumatlar əsasında Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar qəbul
edilib.
İclasın davamında Vəkillərin
İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları
ilə yol verdikləri intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti müəyyən müddətə
dayandırılıb, 1 vəkilə xəbərdarlıq tətbiq edilib, 1 vəkil isə cərimələnib.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul olunub.
