bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz
və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”,
“LUKOİL”, “SGC”, “NİCO”, “MOL”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “ONGC Videsh”,
“Eni”, “MVM” və “TotalEnergies” adından bu gün yeni, geniş əhatəli hüquq
kitabını ictimaiyyətə təqdim edib.
Bu nəşrdə məqsəd ictimai-hüquqi maarifləndirməni
gücləndirmək və hüquq tələbələri, fəaliyyətdə olan hüquqşünaslar və bu sahənin
müəllimləri üçün yüksək keyfiyyətli akademik resursları daha da genişləndirməkdir.
“Vəkillik fəaliyyəti” adlı kitabın əsas məqsədi vəkilliyin
mahiyyəti və funksiyaları barədə aydın, strukturlu və əlçatan bilgilər təqdim
etməklə cəmiyyətin hüquq mədəniyyətini gücləndirməkdir. Nəzəri, tarixi və praktiki
yanaşmaları bir araya gətirən bu kitab daha məlumatlı hüquq icmasının
formalaşmasına dəstək olmağı və gələcək hüquqşünasların və hüquq mütəxəssislərinin
hazırlanmasına töhfə verməyi hədəfləyir.
Bu məqsədə uyğun olaraq gözlənilir ki, kitab hüquq tələbələri,
hüquq işçiləri, hüquq-mühafizə orqanları və ali təhsil müəssisələrinin
professor-müəllim heyəti, eləcə də etibarlı hüquqi mənbəyə müraciət etmək istəyən
hər kəs üçün dəyərli bir dərslik və istinad mənbəyi olacaq.
Bu gün Bakıda kitabın ictimaiyyətə təqdim olunması tədbirində
çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi:
“Cəmiyyətin hüquq mədəniyyətinin möhkəmləndirilməsinə və gələcək nəsil
hüquqşünasların yetişdirilməsinə töhfə verəcək bir nəşrə dəstək göstərməkdən məmnunuq.
Bu elə bir nəşrdir ki, bütün hüquq icmasına dəstək ola biləcək bilik və təcrübəni
özündə birləşdirir - ondan həm tələbələr, həm də bu sahədə çalışan mütəxəssislər
və müəllimlər öz gündəlik fəaliyyətlərində faydalanacaq. İnanırıq ki, bu kitabı
universitetlərə və hüquq institutlarına təqdim etməklə, çox əhəmiyyətli bir
bilik bazasını bütün müvafiq auditoriyalar üçün əlçatan etmiş oluruq. Ümidvarıq
ki, bu nəşr hüquq sahəsində çalışan hər bir kəs üçün dəyərli istinad mənbəyi
olacaq”.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri və “Vəkillik
fəaliyyəti” kitabının həmmüəllifi Anar Bağırov çıxış edərək qonaqları
salamlayıb, nəşrin hazırlanma məqsədi, strukturu və praktiki əhəmiyyəti barədə ətraflı
məlumat verib. Sədr bildirib ki, sözügedən dərslik vəkillik institutunun
normativ-hüquqi bazasını, peşə fəaliyyətinin əsas prinsiplərini və müasir
çağırışlarını sistemli şəkildə əhatə edir və bu sahədə elmi-praktiki boşluğun
doldurulmasına xidmət göstərir.
Anar Bağırov diqqətə çatdırıb ki, kitabda tarixi
aspektlərin və beynəlxalq təcrübənin öyrənilməsinə, müqayisəli təhlillərin
aparılmasına, qanunvericilik və məhkəmə təcrübəsinin əlaqələndirilməsinə, vəkillik
institutunun inkişaf perspektivlərinin müəyyən edilməsinə geniş yer ayrılıb.
Eyni zamanda Azərbaycanda vəkilliyin formalaşma və inkişaf mərhələləri tarixi
kontekstdə ətraflı şəkildə araşdırılıb, xarici dövlətlərin vəkillik
institutunun yaranma və təkamül prosesi də müqayisəli aspektdə təhlil olunaraq
oxuculara təqdim olunub.
528 səhifəlik kitabda vəkillik həm peşəkar fəaliyyət
sahəsi, həm də vətəndaş cəmiyyətinin əsas institutlarından biri kimi təhlil
edilir. Nəşrdə vəkilliyin əsasları, məqsədləri və prinsipləri ətraflı əhatə
olunur, peşənin tarixi inkişaf mərhələləri izlənilir və nəzəri əsasları ayrıca
bir tədqiqat sahəsi kimi müzakirə olunur. Müqayisəli bölmələrdə xarici ölkələrdə
vəkilliyin təşkili təhlil olunur, digər fəsillərdə isə müdafiə hüququnun əsasını
təşkil edən beynəlxalq hüquq prinsipləri və vəkillərin qlobal miqyasda fəaliyyətini
istiqamətləndirən normalar izah edilir.
Kitabın əsas bölmələrindən biri Azərbaycanda vəkillik
peşəsinin strukturu və hüquqi tənzimlənməsinə həsr olunub. Bu bölmədə hüquq məsləhətinin
bir ictimai xidmət sahəsi kimi rolu, pulsuz hüquqi dəstəyin normativləri və çətinlikləri,
vəkillərin hüquq və vəzifələri, peşə etikası və məxfilik prinsipləri, habelə vəkillərin
hüquqi statusu ətraflı şəkildə təqdim olunur.
Bu layihə bp və tərəfdaşlarının ölkədə təhsilin və
bacarıqların gücləndirilməsinə yönəlmiş səylərə dəstək öhdəliyinin bir hissəsidir.
Layihə “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai
Birliyi tərəfindən icra olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə elan edilmiş
“Konstitusiya və Suverenlik İli” çərçivəsində hazırlanmış “Vəkillik fəaliyyəti”
adlı dərslik 25 dekabr 2025-ci il tarixində nəşr olunub. Müəllifləri Anar
Bağırov, Əmir Əliyev, Turqay Hüseynov, Gülnaz Rzayeva və Paşa Səfərov olan nəşr
BP şirkətinin və onun müvafiq layihələr üzrə tərəfdaşlarının maliyyə, Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının elmi dəstəyi və “İnsan Hüquqları Təşviqi Mərkəzi”
İctimai Birliyinin təşəbbüsü əsasında hazırlanaraq çap edilib.
Mərasimdə Milli Məclisin deputatı, Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclisin deputatı,
İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin
rəhbəri Zahid Oruc, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu
Novruzov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev, Azərbaycan
Dövlət Dəniz Akademiyasının rektoru Eldar Qocayev, Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Vəkillər Kollegiyası Tədris
Mərkəzinin direktoru Əmir Əliyev və Konstitusiya Araşdırmalar Fondunun rəhbəri,
Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev çıxış edərək
“Vəkillik fəaliyyəti” dərsliyini hüquqi maarifləndirmə və hüquq təhsilinin
inkişafı baxımından əhəmiyyətli elmi nəşr kimi yüksək qiymətləndiriblər.


























