Bakıda Azərbaycan Hakimlərinin II Forumunun açılış mərasimi keçirilib.
500-dək məhkəmə
hakiminin, Məhkəmə-Hüquq Şurası üzvlərinin, həmçinin dövlət qurumlarının nümayəndələrinin
iştirak etdiyi forumun məqsədi hüquq ictimaiyyətini və cəmiyyəti ölkəmizdə gedən
məhkəmə-hüquq islahatları barədə məlumatlandırmaqdır.
Forumda əvvəlcə məhkəmə
sahəsində 2025-ci il ərzində görülən işlərə dair video-çarx nümayiş
etdirilib.
Azərbaycan Hakimlər
İttifaqının sədri Ramiz Rzayev açılış nitqində bildirib ki, bugünkü forum Azərbaycan
məhkəmə hakimiyyəti üçün xüsusi məna və əhəmiyyət daşıyır.
Ali Məhkəmənin və Məhkəmə-Hüquq
Şurasının sədri İnam Kərimov çıxışında bildirib ki, birinci forumdan ötən dövr ərzində
ölkəmizdə bir sıra əlamətdar hadisələr baş verib, inkişaf dinamikası uğurla
davam etdirilib, genişmiqyaslı quruculuq və bərpa işləri aparılıb, bütün sahələrdə
tərəqqiyə nail olunub.
Konstitusiya Məhkəməsinin
sədri Fərhad Abdullayev isə çıxışında qeyd edib ki, Konstitusion şərh hüquqi müəyyənliyin
və qanunun aliliyinin təmin edilməsində mühüm rol oynayır.
Açılış mərasiminin
sonunda Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində məhkəmə-hüquq sistemində
uzunmüddətli səmərəli fəaliyyətinə, həmçinin çıxardıqları məhkəmə qərarlarının
sabitlik göstəricilərinə görə bir qrup hakim təltif edilib.
Sonra tədbir konkret
mövzular üzrə panel müzakirələrlə davam etdirilib.
Qeyd edək ki, Forumda Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov, VK sədrinin müavini Aydın Axundov və Kollegiyanın Rəyasət Heyətinin üzvü İlhamə Həsənova iştirak edib.
“Cinayət
mühakiməsinin aktual problemləri və müasir çağırışlar” mövzusunda keçirilən
panel müzakirələrdə VK Rəyasət Heyətinin üzvü İlhamə Həsənova çıxış edərək müdafiə institutu nəzərindən ədalət
mühakiməsinin bir sıra aktual məsələlərini diqqətə çatdırdıb. O, çıxışda
xüsusilə aşağıdakı məsələlər vurğulayıb.
● Cinayət təqibinin ilkin mərhələsində müdafiə hüququnun real təmin olunmaması – şəxslərin şahid qismində dindirilməsi zamanı müdafiəsiz sorğu-sual edilməsi və həmin izahatların sonradan sübut kimi istifadə olunması problemi; müdafiə hüququnun formal statusdan deyil, faktiki vəziyyətdən irəli gəlməli olduğu qeyd edildi.
● Rəqəmsal sübutlar sahəsində müdafiə tərəfin imkanlarının məhdudluğu – sübutların əldə olunması və ekspertiza mərhələsində alternativ ekspertiza imkanlarının praktik çətinlikləri ədalətli məhkəmə araşdırması baxımından risk kimi qiymətləndirildi.
● Həbs qətimkan tədbirinin faktiki avtomatlaşdırılması – ağır və xüsusilə ağır cinayətlər üzrə alternativ qətimkan tədbirlərinin kifayət qədər tətbiq edilməməsi fərdiləşdirmə prinsipinə uyğun olmadığı bildirildi.
● Vəkillərin təhlükəsizliyi məsələsi – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi-nin 288-ci maddəsində vəkil anlayışının ayrıca göstərilməməsinin praktiki boşluqlar yaratdığı qeyd olundu.
● Dövlət hesabına və müqavilə əsasında paralel müdafiəçilik halları – bunun müdafiənin effektivliyinə və dövlət büdcəsinə təsirləri diqqətə çatdırıldı.
Qeyd edildi ki, müdafiə hüququnun effektiv təmin olunması cinayət mühakiməsinin ədalətliliyinin əsas şərtidir və bu sahədə institusional yanaşmanın gücləndirilməsi zəruridir.







