21 fevral 2026-cı il tarixində Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Sübutlar və sübuetmə” mövzusunda əyani qaydada interaktiv təlim keçirilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli
iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı məsələlərə
toxunub. Həmçinin “Konstitusiya və Suverenlik İli” çərçivəsində hazırlanmış, vəkillik
institutunun hüquqi əsaslarını və praktik fəaliyyətini əhatə edən “Vəkillik fəaliyyəti”
adlı dərslik iştirakçılara təqdim olunub.
Təlimin əsas hissəsində Vəkillər
Kollegiyasının üzvü, “Bonafide” Hüquq Şirkətinin idarəedici partnyoru Arif
Əyyubov sübutların formaları, sübutun təqdim edilməsi qaydası, sübutların
keyfiyyətinin yoxlanılması, mübahisəli hallarda sübutetmə qaydası, sübutetmə
standartları və digər əlaqəli məsələlər üzrə ətraflı çıxış edib.
İnteraktiv formada davam
edən təlimdə müxtəlif kazuslar birgə müzakirə olunub.
Əyani qaydada təşkil olunmuş təlimdə Vəkillər Kollegiyasının 63 üzvü iştirak edib.







