21 fevral 2026-cı il tarixində Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Vəkildən gənc hüquqşünasa” layihəsi üzrə “Banklarda sığorta hadisəsinin baş verməsinin hüquqi nəticələri və mübahisələrin praktik həlli” mövzusunda əyani qaydada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli
iştirakçıları salamlayıb və layihə üzrə keçirilən təlimlərin, o cümlədən təlim
mövzusunun gənc hüquqşünaslar üçün əhəmiyyəti barədə danışıb.
Həmçinin “Azərbaycan vəkili”
elmi-praktik hüquq jurnalı iştirakçılara təqdim olunub, gənc hüquqşünaslar
jurnalda məqalələrlə çıxış etməyə dəvət edilib.
“Vəkildən gənc
hüquqşünasa” layihəsinin rəhbəri Vəkillər Kollegiyasının üzvü, “CSS Konsaltinq”
şirkətinin rəhbəri Nuridə İbrahimova çıxış edərək layihə ilə bağlı
iştirakçılara bəzi məlumatlar verib. Bildirilib ki, layihənin əsas məqsədi gənc
hüquqşünasların bilik və bacarıqlarını təkmilləşdirməklə onların hüquqi biliklərinin
istər nəzəri, istərsə də praktiki cəhətdən inkişafına zəmin yaratmaqdır.
Təlimin əsas hissəsində Vəkillər
Kollegiyasının üzvləri, Əmanətlərin Sığortalanması Fondunun baş hüquqşünasları
Vəfa Qədirova və Misirə Xəlilzadə banklarda əmanətlərin sığortalanması
sisteminin hüquqi əsasları, Əmanətlərin Sığortalanması Fondunun fəaliyyət
mexanizmi, sığorta hadisəsi zamanı əmanətçilərin hüquq və vəzifələri, sığorta məbləğinin,
həmçinin faizlərin hesablanması qaydası haqqında geniş çıxış edib.
Sonda təlimçilər tərəfindən
iştirakçıları maraqlandıran müxtəlif suallar cavablandırılıb.
Qeyd edək ki, təlimdə 16 gənc hüquqşünas iştirak edib.




