23–24 fevral 2026-cı il tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti, Avropa İttifaqı və Avropa Şurası (Bakıdakı Ofisi) ilə birgə əməkdaşlıq çərçivəsində “Azərbaycanda iqtisadi cinayətlərin qarşısının alınması və onunla mübarizə” layihəsi üzrə “Pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskləri” mövzusunda iki günlük seminar keçirilib.
Avropa Şurasının
ekspertləri Ramandip Kaur Çina və Andrea Qarzon tərəfindən aparılan seminarın əsas
məqsədi vəkillərin pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi
ilə bağlı beynəlxalq standartlar və tələblər üzrə bilik səviyyəsinin
artırılması, risklərin müəyyən edilməsi və qarşısının alınması mexanizmləri barədə
məlumatlılığın gücləndirilməsi olub.
Seminarın açılış mərasimində
çıxış edən Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov iştirakçıları
salamlayıb, Avropa Şurasının Azərbaycana dair Fəaliyyət Planı çərçivəsində
görülən işlərə toxunub. Sədr müavini son illərdə Vəkillər Kollegiyasının Tədris
Mərkəzində kibercinayətkarlıq, insan alveri, uşaqların onlayn cinsi istismarı,
Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqi, gender əsaslı zorakılıq, məlumatların
mühafizəsi və digər istiqamətlər üzrə 50-dən artıq təlim keçirildiyini və 900-dən
çox vəkilin cəlb olunduğunu diqqətə çatdırıb. Eyni zamanda bildirilib ki, Vəkillər
Kollegiyası Avropa Şurasının Bakı Ofisi və Ədliyyə Akademiyası ilə birgə ifadə
azadlığı, gender bərabərliyi, şəxsi həyatın gizliliyi və başqa mövzularda
ixtisasartırma kursları da təşkil edib. Bununla yanaşı, aztəminatlı və hüquqi maarifləndirilməyə
ehtiyacı olan şəxslərə dəstək məqsədilə vəkillər 104-dən çox ödənişsiz hüquqi
yardım aksiyası keçiriblər.
Seminarın əhəmiyyətini
vurğulayan Aydın Axundov qeyd edib ki, cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində
Vəkillər Kollegiyası tərəfindən illik İş Planı təsdiq edilib. Kollegiya həmin
İş Planına uyğun olaraq Maliyyə Monitorinq Xidməti ilə qarşılıqlı əlaqədə fəaliyyət
göstərir. Tədris Mərkəzində mütəmadi olaraq vəkillər üçün “Hədəfli maliyyə
sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn öhdəliklər,
riayət edilməli əsas məqamlar, institusional risklər anlayışı, bu risklərin
başa düşülməsi, müntəzəm qiymətləndirilməsi metodları və azaldılması mexanizmləri
ilə bağlı təlimlər təşkil olunur.
Seminar çərçivəsində iştirakçılar
interaktiv müzakirələrdə, praktiki işlərdə və situativ analizlərdə iştirak edərək
mövzu üzrə biliklərini dərinləşdiriblər. Həmçinin müasir yanaşmalar, beynəlxalq
təcrübə və hüquqi tənzimləmə mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.
Seminarın sonunda
iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, seminarda Vəkillər Kollegiyasının 60 üzvü iştirak edib.
















