Azərbaycan Dillər Universitetində (ADU) “Rəqəmsal Dövrdə Hüquq və Mənəvi Təhlükəsizlik: Narkomaniya və Zərərli Kontentə Qarşı Hüquqi Mexanizmlər” mövzusunda elmi-praktik panel keçirilib.
Tədbiri giriş sözü ilə İngilis və Fransız Dilləri fakültəsinin
dekanı, dosent Vəfa Babayeva açaraq müasir rəqəmsallaşma proseslərinin
yaratdığı yeni çağırışlar fonunda gənclərin informasiya təhlükəsizliyi, hüquqi
məsuliyyəti və milli-mənəvi dəyərlərin qorunmasının prioritet məsələlərdən biri
olduğunu bildirib. O, ali təhsil müəssisələrində hüquqi maarifləndirmə və
preventiv tədbirlərin sistemli şəkildə həyata keçirilməsinin əhəmiyyətini
vurğulayıb.
Panelin moderatoru, Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin
üzvü İlhamə Həsənova rəqəmsal mühitdə hüquqi məsuliyyət və mənəvi təhlükəsizlik
məsələlərini geniş təhlil edib. O, sosial şəbəkələrdə rast gəlinən hüquq
pozuntularına dair konkret praktik nümunələr təqdim edərək mövcud qanunvericiliyin
tətbiq mexanizmlərini izah edib, real hüquqi situasiyalar əsasında maarifləndirici
açıqlamalar verib.
Paneldə çıxış edən Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin
üzvləri Lalə Nağıyeva ilə Dilarə Əfrasiyabova (Qadın Vəkil Alyansının sədri)
narkomaniya ilə mübarizədə hüquqi mexanizmlər, zərərli kontentin yayılmasının
hüquqi nəticələri, həmçinin vəkillərin ictimai maarifləndirmədə rolu barədə ətraflı
məlumat veriblər. Çıxışlarda hüquqi savadlılığın artırılmasının cəmiyyət üçün
preventiv əhəmiyyət daşıdığı qeyd olunub.
Həmçinin ADU-nun psixologiya müəllimi Səadət Nəbiyeva çıxış edərək
mövzuya psixoloji aspektdən yanaşıb. O, rəqəmsal mühitin gənclərin davranış
modellərinə təsiri, sosial şəbəkə asılılığı, aqressiv kontentin psixoloji nəticələri
və profilaktik psixoloji dəstəyin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Bildirilib ki, hüquqi mexanizmlərlə yanaşı, psixoloji maarifləndirmə və
emosional dayanıqlılığın formalaşdırılması da təhlükəsiz rəqəmsal mühitin əsas
şərtlərindən biridir.
Müzakirələr zamanı rəqəmsal dövrdə: ictimai mənəviyyata zidd məlumatların
yayılmasının qarşısının alınması, əxlaqa zidd ifadə və davranışların hüquqi
qiymətləndirilməsi, milli-mənəvi dəyərlərə zidd kontentə görə hüquqi məsuliyyət
mövzuları ətrafında geniş hüquqi və psixoloji təhlillər aparılıb. Həmçinin
Prezident cənab İlham Əliyev tərəfindən təsdiqlənmiş “İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna edilmiş dəyişikliklər
kontekstində normativ-hüquqi mexanizmlər iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir interaktiv sual-cavab sessiyası ilə davam edib, tələbələr
və iştirakçılar tərəfindən səsləndirilən suallar ətrafında geniş fikir mübadiləsi
aparılıb.
Panel hüquqi və psixoloji yanaşmaların vəhdəti əsasında gənclərin rəqəmsal təhlükəsizlik sahəsində məlumatlılığının artırılması və sağlam sosial mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edib.



