2026-cı il martın 5-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət
Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilmiş tədbirlər, görülmüş işlər
barədə ətraflı məlumat verib, habelə qarşıdan gələn 8 Mart – Beynəlxalq
Qadınlar Günü münasibətilə bütün Azərbaycan xanımlarını təbrik edib, onlara
möhkəm cansağlığı, səadət və işlərində müvəffəqiyyətlər arzulayıb.
Gündəliyə uyğun olaraq bəzi vəkillərin digər vəkil qurumlarına
keçməsi, yeni Vəkil Bürosunun təsis edilməsi, müəyyən müddətə üzvlük haqqından
azad olunma və yaranmış borcların silinməsi ilə bağlı müraciətlərinə baxılıb.
Müraciətlər müzakirə edildikdən sonra Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar
qəbul olunub.
Həmçinin iclasda “Philip C. Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində
iştirak edəcək tələbələrə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı ADA Universiteti
tərəfindən daxil olmuş müraciətə baxılıb. Hüquq fakültəsinin tələbələrinin beynəlxalq
səviyyədə təmsilçiliyinin və praktiki biliklərinin artırılmasının əhəmiyyəti nəzərə
alınaraq, müvafiq maliyyə dəstəyinin göstərilməsi barədə müsbət qərar qəbul
edilib.
Bununla yanaşı, iclasda “Vəkillərin peşə hazırlığı və
ixtisasının artırılması haqqında” Qaydaların, VK Tədris Mərkəzinin Əsasnaməsinin
təsdiqi məsələsi müzakirə olunub. Qeyd edilən sənədlərin vəkillərin davamlı peşə
inkişafının təmin olunmasına, tədris prosesinin sistemli və vahid standartlar əsasında
təşkili məqsədinə xidmət etdiyi bildirilib və onların təsdiqi qərara alınıb.
Eyni zamanda Vəkil büroları və fərdi qaydada fəaliyyət göstərən
vəkillər tərəfindən 2025-ci ildə hüquqi yardım göstərilməsi ilə bağlı illik
statistik hesabatın dərc olunması məsələsinə baxılıb. Aparılan müzakirələrdən
sonra hesabatın ictimaiyyətə təqdim edilməsi qərara alınıb.
Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin 03 mart 2026-cı il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin
edilmiş Kollegiyanın 12 üzvünün mükafatlandırılması və vəkillik fəaliyyətlərinə
xitam verilməsi məsələsinə baxılıb. Rəyasət Heyəti tərəfindən bununla bağlı
müvafiq müsbət qərar qəbul olunub.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə
baxılıb. Qəbul edilmiş qərarlara əsasən, yol verilmiş intizam pozuntularına görə
1 vəkil Kollegiyadan xaric edilib, 3 vəkil barəsində cərimə tədbiri tətbiq
olunub və 1 vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə
ciddi riayət etməsi tapşırılıb.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul olunub.












