2026-cı il martın 7-də “Kibercinayətkarlıq və rəqəmsal sübuta hüquqi yanaşma” mövzusunda distant formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər
Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli iştirakçıları salamlayıb
və təlim mövzusunun praktiki yeniliyi barədə məlumat verib.
Təlimin əsas hissəsində Vəkillər
Kollegiyasının üzvü, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik
Xidmətinin Normativ hüquqi təminat şöbəsinin müdiri, Bakı Dövlət Universiteti
SABAH qruplarının müəllimi Könül Fərəcova kibercinayətkarlıqla bağlı hüquqi tənzimləmə
mexanizmləri, rəqəmsal mühitdə törədilən cinayətlərin hüquqi təsnifatı,
informasiya sistemlərinə qanunsuz müdaxilə hallarının hüquqi qiymətləndirilməsi,
kibercinayət işləri üzrə vəkil müdafiəsinin xüsusiyyətləri, kibercinayət işlərində
sübutetmə yükü və müdafiə strategiyası kimi aktual məsələlər barədə geniş təqdimatla
çıxış edib.
Sonda təlimçi tərəfindən vəkilləri
mövzu üzrə maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Qeyd edək ki, təlimdə 163 vəkil iştirak edib.



