Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilmişdir.
Qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 24 noyabr 2018-ci il tarixdə bir qrup vəkil tərəfindən Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin və Suraxanı rayon İcra Hakimiyyətinin inzibati binalarında gün ərzində, o cümlədən Qusar rayonunda yerləşən Heydər Əliyev adına mərkəzdə saat 10:00-13:00-da ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulmuşdur.
Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcəkdir.