2026-cı il martın 13-də “Hilton” mehmanxanasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.
Tədbirdə VK
rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri,
əməkdar hüquqşünas Fərhad Abdullayev, Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin
göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, Kollegiyanın Rəyasət
Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, vəkillər, eləcə də kütləvi
informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Mərasimdən əvvəl
vəkilliyə namizədlər Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər
Əliyevin məzarı önünə gül qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsini dərin
ehtiramla anıblar.
Sonra tədbir
Qadın Vəkillər Alyansının üzvlərinin ifasında Azərbaycan Respublikasının Dövlət
Himninin və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb. Ardınca müasir müstəqil
Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi
və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Mərasimdə Kollegiyanın il ərzində həyata keçirdiyi fəaliyyətləri
əks etdirən illik hesabat xarakterli videoçarx nümayiş olunub.
Tədbirdə açılış
nitqi ilə çıxış edən Kollegiya sədri Anar Bağırov iştirakçıları salamlayaraq
qarşıdan gələn müqəddəs Ramazan bayramı və Novruz bayramı münasibətilə hər kəsi
təbrik edib, onlara ən xoş arzu və diləklərini çatdırıb.
Sədr çıxışı
zamanı ölkəmizdə vəkillik institutunun keçdiyi tarixi inkişaf yoluna qısa nəzər
salaraq son illərdə bu sahədə həyata keçirilən mühüm islahatlardan bəhs edib.
Çıxışında vəkillik
institutunun formalaşmasında Ümummilli Lider Heydər Əliyev tərəfindən 1999-cu
il 28 dekabr tarixində imzalanmış “Vəkillər və vəkillik fəaliyyəti haqqında”
Qanunun xüsusi rolunu vurğulayan Anar Bağırov qeyd edib ki, həmin Qanun vəkilliyin
müstəqil hüquqi təsisat kimi formalaşmasının əsasını qoyub. Sədr bildirib ki, məhz
bu Qanunun qəbulundan sonra Azərbaycan tarixində ilk dəfə olaraq vəkillik
institutu tam müstəqil, heç bir hakimiyyət qolundan asılı olmayan peşə qurumu
kimi fəaliyyət göstərməyə başlayıb və qəbul olunmuş prosessual qanunvericilik çərçivəsində
çəkişmə prinsipi əsasında məhkəmə prosesinin bərabərhüquqlu iştirakçısına
çevrilib.
VK sədri Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 22 fevral
2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə
tədbirlər haqqında” Sərəncamın, eləcə də dövlət başçısının 19 noyabr 2025-ci il
tarixli Fərmanı ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş
mütərəqqi və sistemli dəyişikliklərin vəkillik institutunun inkişafında mühüm mərhələ
təşkil etdiyini bildirib.
Anar Bağırov
bildirib ki, Prezident İlham Əliyevin 3 mart 2026-cı il tarixli Sərəncamı ilə
hakim vəzifəsinə təyin olunmuş şəxslər arasında VK-nın 12 üzvünün yer alması
olduqca yüksək göstəricidir. Sədrin sözlərinə görə, bu fakt vəkillik
institutunun ölkənin məhkəmə sistemində də etibarlı və peşəkar kadr bankına
çevrildiyini göstərir. Kollegiyanın həm Məhkəmə-Hüquq Şurasında, həm də Hakimlərin
Seçki Komitəsində uğurla təmsil olunduğunu söyləyən sədr hakim vəzifəsinə təyin
olunan keçmiş vəkillərin məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə
mühüm töhfə verəcəklərinə inandığını deyib, onların hər zaman qanunun aliliyinə
və etik davranış prinsiplərinə sadiq qalacaqlarına əminliyini ifadə edərək bu şərəfli
fəaliyyətlərində uğurlar diləyib.
Anar Bağırov
çıxışının davamında nəzərə çatdırıb ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul
prosesi daha da genişləndirilib və bu müddət ərzində ümumilikdə 16 test
imtahanı keçirilib. Həmin imtahanlarda 6 893 namizəd iştirak edib, onlardan 2
036-sı uğurla icbari təlim mərhələsini başa vuraraq and içib və Kollegiyanın
üzvü olub.
Qeyd olunub
ki, bugünkü tədbirə təntənəli şəkildə and içərək Kollegiyaya üzv qəbul olunmaq
üçün daha 50 namizəd qatılıb. Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin
ümumi sayı 2 867 nəfərə çatıb. Yeni qəbul olunan namizədlərdən 35 nəfəri kişi,
15 nəfəri qadındır. Onlardan 6 nəfəri regionlarda, 44 nəfəri isə paytaxtda fəaliyyət
göstərəcək. Yeni qəbul olunan üzvlərlə birlikdə qadın vəkillərin sayı 643 nəfərə
yüksəlib və bu göstərici ümumi üzvlərin təxminən 22 faizini təşkil edir. Bu isə
vəkillik peşəsində gender balansının tədricən gücləndiyini göstərir.
Tədbirdə
çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev namizədləri təbrik
edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sədr çıxışında son
illər ərzində Kollegiya tərəfindən həyata keçirilən islahatlardan və görülən
işlərdən danışıb, ölkədə hüquqi dövlət quruculuğu prosesində vəkillik
institutunun mühüm rol oynadığını qeyd edib.
Bildirib ki,
1999-cu ildə qəbul edilmiş “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun vəkillik
institutunun müstəqil hüquqi təsisat kimi formalaşması və fəaliyyətinin hüquqi əsaslarının
müəyyənləşdirilməsi baxımından mühüm mərhələ olub.
Fərhad
Abdullayev vurğulayıb ki, bu gün VK və vəkil korpusu cəmiyyətin nüfuzlu və
etibarlı hüquq institutlarından birinə çevrilib. Kollegiyanın kadr potensialı əhəmiyyətli
dərəcədə güclənib, vəkillərin peşə hazırlığı və hüquqi bilik səviyyəsi yüksəlib,
bu isə bütövlükdə ölkədə hüquq sisteminin inkişafına mühüm töhfə verir.
Mərasimdə
çıxış edən Kollegiyanın üzvü, VK-nın Ağsaqqallar Şurasının sədri, əməkdar
hüquqşünas İkram Kərimov namizədləri təbrik edərək gənc vəkillərə fəaliyyətlərində
insan hüquq və azadlıqlarının müdafiəsində prinsipial mövqe nümayiş etdirməyi,
qanunun aliliyini hər zaman rəhbər tutmağı tövsiyə edib.
Vəkillik peşəsinin
yüksək etik dəyərlər, peşəkarlıq və böyük məsuliyyət prinsipləri üzərində
formalaşdığını vurğulayan əməkdar hüquqşünas onların hüquqi bilik və
bacarıqlarını davamlı olaraq inkişaf etdirmələrinin vacibliyini söyləyib, vəkillik
institutunun nüfuzunun qorunması və daha da yüksəldilməsi istiqamətində səylə fəaliyyət
göstərməyin əhəmiyyətini diqqətə çatdırıb.
Daha sonra hakim vəzifəsinə təyin olunan şəxslər VK
Rəyasət Heyətinin qərarı ilə Fəxri Fərmanla təltif olunublar.
Ardınca vəkilliyə
qəbul üzrə ixtisas imtahanlarından uğurla keçmiş, icbari təlim mərhələsini müvəffəqiyyətlə
başa vurmuş və şifahi müsahibədən keçərək Kollegiya üzvlüyünə qəbul edilmiş
namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Namizədlər Azərbaycanın Dövlət
Bayrağı önündə and içərək vəkil peşəsinin şərəf və ləyaqətini daim uca
tutacaqlarına, qanunun aliliyinə sadiq qalacaqlarına və insan hüquq və
azadlıqlarının müdafiəsində vicdanla fəaliyyət göstərəcəklərinə dair öhdəlik
götürüblər.
Tədbir
zamanı onlara vəkil vəsiqələri təqdim olunub.
Mərasimdə
çıxış edən yeni vəkillər bu şərəfli peşəyə qəbul olunmağın onlar üçün böyük
qürur mənbəyi olduğunu bildirərək, vəkilliyə qəbul prosesinin şəffaf, ardıcıl və
sistemli şəkildə təşkilinə görə VK Rəyasət Heyətinə təşəkkürlərini ifadə ediblər.
Sonda fəaliyyətində fərqlənmiş və yubiley yaşını qeyd edən Kollegiyanın bir qrup üzvü də təltif olunub.






















