Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Azərbaycan məhkəmə-hüquq sisteminin nümayəndələrindən ibarət heyət Monteneqroda keçirilən regional seminarda iştirak edib

31 mart 2026    494 share share

Məhkəmə-hüquq sahəsində mütərəqqi beynəlxalq təcrübələrin öyrənilməsi istiqamətində fəal əməkdaşlıq tədbirləri davam etdirilməkdədir. Bu xüsusda, cari ilin 25-26 mart tarixlərində Monteneqronun Budva şəhərində məhkəmələrin fəaliyyətində səmərəliliyin artırılmasını hədəfləyən və həmin məqsədlə həllər təklif edən Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) “Hüquqi yardım: normativ hüquqi bazadan müqayisəli təhlilə və məlumatlardan istifadə qaydaları” mövzusunda regional seminarı keçirilib.

Tədbirdə CEPEJ-in Azərbaycan Respublikası üzrə milli koordinatoru olaraq Məhkəmə-Hüquq Şurası Aparatının şöbə müdiri Fərid Əmirov və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Usub iştirak edib.

Seminarın məqsədi CEPEJ-in yenilənmiş Qiymətləndirmə və İdarəetmə Panelləri sorğusunun yeni göstəricilərinin şərh edilməsində, ilkin mərhələdə metodoloji çağırışların müəyyən edilməsində, hüquqi yardım məlumatlarının analitik istifadəsinin artırılmasında müvafiq milli qurumların nümayəndələrinə yardım etməkdir.

Seminar zamanı iştirakçılar hüquqi yardımın əsas anlayışları, konsepsiyaları, eləcə də hüquqi məsləhət, sənədlərin hazırlanması, məhkəmələrdə hüquqi təmsilçilik, onlayn formada və süni intellekt əsaslı hüquqi dəstək kimi hüquqi yardımın müxtəlif formaları üzrə ortaq fikirlər formalaşdırıb, mövzu ətrafında metodoloji və statistik çağırışlara müraciət ediblər. Bununla yanaşı, hüquqi yardımın göstərilməsinə dair institusional model və proseslər barədə tədbir iştirakçılarına məlumat verilmiş, eləcə də seminar çərçivəsində baş tutan sessiyaların mövzularına uyğun olaraq hüquqi yardımın müxtəlif göstəriciləri üzrə statistik məlumatların aparılmasına dair iştirakçılar tərəfindən məlumat verilib.

Tədbir hüquqi yardımla bağlı dəqiq, etibarlı statistik məlumatların toplanması, paylaşılması və müqayisəli təhlili imkanlarının genişləndirilməsi, eləcə də bu sahədə mövcud çağırışlar ətrafında faydalı fikir və təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət kəsb edir.