Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması, hüquqi yardımın əlçatanlığının genişləndirilməsi və vəkillik institutunun davamlı inkişafına dair verdiyi tövsiyələrə uyğun olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) üzvlüyə qəbul prosesini ardıcıl, sistemli və məqsədyönlü şəkildə həyata keçirir. Bu çərçivədə ixtisas imtahanlarının təşkili tam şəffaflıq, obyektivlik və bərabərlik prinsipləri əsasında təmin olunur.
Bu istiqamətdə yazılı və şifahi imtahan mərhələlərini
uğurla başa vuran 69 vəkilliyə namizədlər üçün 2026-cı il aprelin 6-dan etibarən
Ədliyyə Akademiyasında icbari təlimlərə start verilib. Təlim proqramı gələcək vəkillərin
peşə hazırlığının artırılmasına, praktiki bilik və bacarıqlarının möhkəmləndirilməsinə,
həmçinin vəkil fəaliyyətinə dair etik və hüquqi tələblərin dərindən mənimsədilməsinə
yönəlib və bu sahədə sistemli bilik bazasının formalaşdırılmasına xidmət edir.
Yeni təlim mərhələsinin açılışında çıxış edən VK Rəyasət
Heyətinin sədri Anar Bağırov vəkilliyə namizədləri təbrik edərək onlara gələcək
fəaliyyətlərində uğurlar arzulayıb, bu mərhələnin peşəkar formalaşma baxımından
xüsusi əhəmiyyət daşıdığını söyləyib.
Təlim proqramının yalnız nəzəri biliklərin
artırılması ilə kifayətlənmədiyini deyən Anar Bağırov qeyd edib ki, bu, namizədlərin
peşə hazırlığının daha da təkmilləşdirilməsinə, praktiki bacarıqlarının inkişaf
etdirilməsinə və qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə yönəlib.
Bildirilib ki, təlimlərin məzmunu müasir hüquqi çağırışlar və dövrün tələbləri
nəzərə alınmaqla formalaşdırılıb və bu proses gələcək vəkillərin ədalət mühakiməsində
rolunun daha da gücləndirilməsinə xidmət edir.
Sədr vəkilliyə qəbul prosesinə dair detallı məlumat
verərək diqqətə çatdırıb ki, test mərhələsi Kollegiya və Dövlət İmtahan Mərkəzinin
birgə təşkilatçılığı ilə geniş müşahidəçilik imkanları şəraitində – yerli və
beynəlxalq müşahidəçilərin, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının
nümayəndələrinin iştirakı ilə tam şəffaf və obyektiv şəkildə keçirilib. Şifahi
mərhələdə də obyektivliyin təmin olunması məqsədilə videoyazı sistemi tətbiq
edilib, bütün namizədlərə eyni məzmunlu suallar təqdim olunmaqla prosesin şəffaflığı
və dürüstlüyü qorunub.
Həmçinin Anar Bağırov təlimlərin tematik istiqamətlərinə
də toxunaraq vurğulayıb ki, insan hüquqlarının müdafiəsi, vəkil etikası və digər
aktual sahələr üzrə məşğələlər nüfuzlu ekspertlərin iştirakı ilə təşkil olunur
və bu, namizədlərin peşəkar hazırlığının daha da gücləndirilməsinə xidmət göstərir.
Sədr təlimə başlayan 69 namizəd arasında gender
balansı və yaş dinamikasının müsbət olduğunu nəzərə çatdıraraq deyib ki,
iştirakçıların 22-si qadın, 47-i isə kişidir. Namizədlərin 48 nəfəri, yəni 71 %
faizi 40 yaşadək şəxslərdən ibarətdir ki, bu da vəkillik institutunun daha da gəncləşdiyini
göstərir. Bildirilib ki, təlim iştirakçılarının 87 faizi paytaxtdan, 13 faizi
isə regionlardan müraciət edən şəxslərdir.
Anar Bağırov çıxışının davamında son illər VK-da həyata
keçirilən islahatlardan, vəkil sayının artırılması, institutun
cavanlaşdırılması, tədris proqramlarının yenilənməsi və daha məqsədyönlü şəkildə
təkmilləşdirilməsi istiqamətində görülən ardıcıl və sistemli tədbirlərdən ətraflı
danışıb.
Eyni zamanda sədr Ədliyyə Akademiyası ilə birgə
hazırlanmış təlim proqramlarının namizədlərin praktiki bilik və bacarıqların
inkişafına yönəlmiş kompleks yanaşmanı özündə ehtiva etdiyini və bu sahədə
davamlı, sistemli nəticələrin əldə olunmasına əlverişli zəmin yaratdığını
deyib. Sədr təlimlərin yüksək peşəkarlıqla təşkil edildiyini qeyd edərək göstərilən
dəstəyə görə Ədliyyə Nazirliyinin və Ədliyyə Akademiyasının rəhbərliyinə minnətdarlığını
bildirib.
Bundan başqa, Kollegiyanın nüfuzlu beynəlxalq təşkilatlara
üzvlüyü və yerli dövlət qurumları ilə səmərəli əməkdaşlığı da xüsusi qeyd edilərək
vəkillik institutunun təşəbbüslərinin dövlət tərəfindən ardıcıl şəkildə dəstəkləndiyi
diqqətə çatdırılıb.
Vəkillərin peşə fəaliyyətinin əsas prinsiplərinə
toxunan Anar Bağırov bildirib ki, hər bir vəkil öz peşə borcunu vicdanla və məsuliyyətlə
yerinə yetirməli, etik davranış qaydalarına ciddi riayət etməli, vətəndaşlara
yüksək keyfiyyətli hüquqi yardım göstərməli, formal fəaliyyət və
qeyri-prosessual münasibətlərdən qəti şəkildə çəkinməlidir. Qeyd olunub ki,
formal yanaşma və etik normalardan kənar davranışlar vəkillik institutunun
nüfuzuna xələl gətirir və Kollegiya bu kimi hallara qarşı prinsipial və qətiyyətli
mövqe sərgiləyir.
Təlim çərçivəsində vəkillik institutunun inkişaf
istiqamətləri və qarşıya qoyulan strateji hədəflər barədə də geniş məlumat verən
sədr Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Vəkilliyin
inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının əhəmiyyətini xüsusi
vurğulayıb. Bildirilib ki, bu sənəd vəkillik fəaliyyətinin genişləndirilməsi,
hüquqi yardımın əlçatanlığının artırılması və vəkil sayının əhəmiyyətli dərəcədə
yüksəldilməsi baxımından mühüm dönüş nöqtəsi olub.
Eyni zamanda “Vəkillər və vəkillik fəaliyyəti
haqqında” Qanuna edilmiş son dəyişikliklərə toxunan sədr vurğulayıb ki, vəkil
peşəsinə qəbul üçün tələb olunan hüquq sahəsində iş stajının üç ildən bir ilədək
azaldılması hüquq sisteminin təkmilləşdirilməsi, vəkillik institutunun
institusional baxımdan daha da möhkəmləndirilməsi və müdafiə hüququnun effektiv
təmin olunması istiqamətində atılmış mühüm addımdır. Həmçinin qeyd edilib ki,
yeni qanuna əsasən bu icbari təlimdə əvvəllər hakim işləyən 6 namizəd də
iştirak edir.
Açılış mərasimi Anar Bağırovun “Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik” mövzusunda geniş və əhatəli məruzəsi ilə davam edib, müzakirə aparılıb.





