2026-cı il aprelin 7-də Ədliyyə Akademiyasında yeni təyin edilən hakimlər üçün təşkil edilən icbari tədris çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırov tərəfindən “Ədalət mühakiməsinin təmin edilməsində vəkillik institutunun rolu” mövzusu tədris olunub.
Tədris zamanı çıxış edən Kollegiya sədri
yeni təyin olunan hakimləri təbrik edərək onlara məsuliyyətli fəaliyyətlərində
uğurlar arzulayıb, son illər VK-da həyata keçirilən islahatlar, vəkillik
institutunun inkişaf istiqamətləri və qarşıda duran mühüm hədəflər barədə ətraflı
məlumat verib.
Anar Bağırov icbari tədrisin əhəmiyyətinə
toxunaraq, hakimlərin peşə fəaliyyətində nəzəri biliklərin davamlı şəkildə
artırılmasının, praktiki bacarıqların inkişaf etdirilməsinin və beynəlxalq təcrübənin
mənimsənilməsinin vacibliyini vurğulayıb.
Həmçinin sədr son illərdə vəkillərin
sayında müşahidə olunan artımı diqqətə çatdıraraq bildirib ki, vəkillik
institutu artıq məhkəmə hakimiyyəti üçün mühüm və etibarlı kadr mənbəyinə
çevrilib. Anar Bağırov məhkəmə sistemində təmsil olunan keçmiş vəkillərin öz
bilik və təcrübələri ilə məhkəmə-hüquq islahatlarına mühüm töhfə verəcəklərinə əminliyini
ifadə edib.
Bununla yanaşı, “Vəkillər və vəkillik
fəaliyyəti haqqında” Qanuna edilmiş son dəyişikliklərə toxunan sədr qeyd edib
ki, həmin yeniliklər vəkillik institutunun institusional əsaslarının daha da
möhkəmləndirilməsinə, peşə fəaliyyətinin səmərəli, çevik və müasir tələblərə
uyğun təşkilinə xidmət edir.
Tədris çərçivəsində qeyri-prosessual
münasibətlərə yol verilməməsi, etik davranış qaydalarına riayət olunması, eləcə
də hakim-vəkil münasibətlərinin etik aspektləri ətraflı şəkildə izah edilib.
Eyni zamanda vəkillik institutunun hüquq sistemindəki yeri, məhkəmə sistemi ilə
qarşılıqlı münasibətlərin prinsipləri və etik normaların praktiki tətbiqi barədə
geniş məlumat təqdim edilib.
Sonda tədris proqramı çərçivəsində iştirakçılarla interaktiv müzakirələr aparılıb, fikir mübadiləsi həyata keçirilib.
.jpeg)
