2026-cı il aprelin 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan
Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata
keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Gündəliyə uyğun olaraq bəzi vəkillərin
öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi, daimi dövlət qulluğuna qəbul
edilməsi ilə əlaqədar vəkillik fəaliyyətinin dayandırılması, müəyyən müddətə üzvlük
haqqından azad olunması və mövcud borcların silinməsi ilə bağlı müraciətlərinə
baxılıb. Həmçinin iclasda bəzi vəkillərin vəkil kabineti yaratmaları, vəkil
kabinetinin fəaliyyət göstərdiyi ünvanının dəyişilməsi, eləcə də digər vəkil
qurumlarına keçməsi ilə bağlı müraciətləri müzakirə olunaraq müvafiq qərarlar qəbul
edilib.
Eyni zamanda
iclasda “Philip C. Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak edəcək tələbələrə
maliyyə dəstəyinin göstərilməsi ilə bağlı Bakı Dövlət Universiteti tərəfindən
daxil olan müraciətə baxılıb. Hüquq fakültəsinin tələbələrinin beynəlxalq səviyyədə
təmsilçiliyinin və praktiki biliklərinin artırılmasının əhəmiyyəti nəzərə
alınaraq, müvafiq maliyyə dəstəyinin göstərilməsi barədə müsbət qərar qəbul
edilib.
İclasın davamında Vəkillərin İntizam
Komissiyasının rəylərinə baxılıb. Qəbul edilmiş qərarlara əsasən yol verilmiş
intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib və 1 vəkil barəsində
isə cərimə tədbiri tətbiq olunub.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul olunub.
