Cari il aprel ayının 11-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Dövlət hesabına hüquqi yardımın praktiki tətbiqi məsələləri” mövzusunda hibrid formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin direktoru, hüquq elmləri
doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və təlimin işinə
uğurlar arzulayıb. Xüsusi vurğulanıb ki, bu tədris tədbirində iştirak Kollegiya
üzvlərinin 31 yanvar 2026-cı il tarixində keçirilmiş ümumi yığıncağında
(konfransda) qəbul edilmiş və Kollegiya üzvləri üçün peşə hazırlığı, eləcə də ixtisaslarının
artırılması üzrə nəzərdə tutulmuş ikinci istiqamət üzrə 3 saat icbari tədris tədbirlərinə
daxil olan ilk təlimdir.
Təlim mövzusunun vəkillərin
praktiki fəaliyyətində əhəmiyyəti barədə danışan professor bildirib ki, dövlət
hesabına hüquqi yardımın praktiki tətbiqi cəmiyyətdə sosial ədalətin təmin
olunmasında mühüm rol oynayır.
Əvvəlcə iştirakçılara mövzu
üzrə müvafiq proqram və cavablandırılması tələb olunan təlim sualları, həmçinin
stolüstü oxu materialları paylanılıb.
Sonra Vəkillər
Kollegiyası Hüquqi Yardım Mərkəzinin direktoru Afət Qaziyeva və Vəkillər
Kollegiyasının Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun
müdiri Azər Quliyev vəkillərin dövlət hesabına hüquqi yardım göstərməsi sahəsində
praktiki fəaliyyəti, aztəminatlı şəxslərin hüquqlarının müdafiəsində vəkillərin
rolu, vəkillərin etik davranış qaydalarına riayət etməsi ilə bağlı praktiki fəaliyyət,
o cümlədən hüquqi yardımın keyfiyyətinin təmin olunmasında vəkillərin peşə məsuliyyəti
barədə geniş çıxış edib.
Təlimçilər tərəfindən
mövzu üzrə mövcud təcrübədə olan problemlər barədə fikir mübadiləsi aparılıb.
Təlim interaktiv
formada davam edib və sonda vəkillərin mövzu üzrə çoxsaylı sualları
cavablandırılıb.
Qeyd edək ki, təlimdə 112 vəkil distant, 24 vəkil əyani qaydada olmaqla, ümumilikdə Vəkillər Kollegiyasının 136 üzvü iştirak edib.






