Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) tərəfindən gənc hüquqşünasların vəkillik peşəsinə marağının artırılması və onların peşəkar inkişafının dəstəklənməsi daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə hər il məktəblərdə və ali təhsil müəssisələrində müxtəlif görüşlər, maarifləndirici tədbirlər və müzakirələr təşkil olunur, eyni zamanda, gənclərin praktiki bilik və bacarıqlarının inkişafına yönəlmiş təşəbbüslər həyata keçirilir.
Mövzu ilə
bağlı kollegiyanın mətbuat katibi İsmayıl Nəsibli AZƏRTAC-ın sorğusuna cavab
olaraq bildirib ki, VK ilə ölkədə hüquq təhsili verən ali təhsil müəssisələri
arasında imzalanmış əməkdaşlıq memorandumlarına əsasən, tələbələrin vəkil
qurumlarında təcrübə keçməsi üçün zəruri şərait yaradılıb. Onun sözlərinə görə,
bu əməkdaşlıq gənc hüquqşünasların nəzəri biliklərinin praktiki bacarıqlarla
möhkəmləndirilməsinə, onların vəkillik peşəsinin mahiyyətini daha yaxından mənimsəmələrinə
mühüm töhfə verir.
İsmayıl Nəsibli
qeyd edib ki, hüquqşünas tələbələr, eyni zamanda, VK Rəyasət Heyətinin dəstəyi
ilə həm ölkədaxili, həm də beynəlxalq səviyyəli hüquq müsabiqələrində fəal
iştirak edirlər. Xüsusilə vurğulanıb ki, ADA Universiteti və Bakı Dövlət
Universitetinin Hüquq fakültələrinin tələbələrinin Amerika Birləşmiş
Ştatlarında keçirilən “Philip C. Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində
iştirakı, o cümlədən Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan
nümayəndəliyi tərəfindən təşkil edilən “Avropa İnsan Hüquqları Məhkəməsi
Simulyasiyası”nın XI və Milli Məhkəmə Müsabiqəsinin XV buraxılışlarının
keçirilməsi ilə bağlı hər il kollegiyaya müraciətlər daxil olur: “Kollegiyanın
Rəyasət Heyətinin iclaslarında bu müraciətlərə baxılaraq müvafiq qərarlar qəbul
edilir. Son 2 ildə də hər iki ali təhsil müəssisəsinin Hüquq fakültəsi tələbələrinin
və ELSA Azərbaycan təşkilatının müraciətləri əsasında onların sözügedən müsabiqələrdə
iştirakının təmin edilməsi məqsədilə ümumilikdə 55 min 346 manat məbləğində maliyyə
dəstəyi ayrılıb. Cari ilin 4 ayı ərzində isə Rəyasət Heyətinin iclaslarında ADA
Universiteti və Bakı Dövlət Universitetinin Hüquq fakültələrinin tələbələrinin
müsabiqələrdə iştirakı üçün ümumilikdə 28 min 500 manat məbləğində maliyyə dəstəyinin
ayrılması qərara alınıb”.
Bununla
yanaşı, mətbuat katibi söyləyib ki, VK tərəfindən hər il gənclərin hüquqi
maarifləndirilməsi istiqamətində həyata keçirilən layihələrə, kitab təqdimatlarına
və digər təşəbbüslərə həm maliyyə, həm də təşkilati dəstək göstərilir: “Onu da
xüsusi ilə vurğulayıram ki, VK hüquqşünas tələbələrin inkişafına ən geniş dəstək
göstərən əsas hüquq təsisatlarından biri olaraq bu istiqamətdə fəaliyyətini
ardıcıl şəkildə davam etdirir”.