17 aprel 2026-cı il tarixində Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası, Azərbaycan Respublikası Vəkillər Kollegiyası və “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsinin birgə təşkilatçılığı ilə hakimliyə və vəkilliyə namizədlər, hüquqşünaslar, vəkillər, həmçinin məhkəmə və digər dövlət qurumlarında çalışan hüquqşünas mütəxəssislər üçün “Hakimlərin və vəkillərin etik davranış qaydaları” mövzusunda məlumat sessiyası keçirilib.
Tədbirdə İnstitutun
İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxış edərək, hüquq sistemində etik
davranış prinsiplərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, hakim və vəkillərin peşə fəaliyyətində
yüksək etik standartlara riayət olunması ədalət mühakiməsinin keyfiyyətinə
birbaşa təsir göstərir. Bu baxımdan, belə maarifləndirici tədbirlərin təşkili
hüquqşünasların peşəkar bilik və bacarıqlarının inkişafına, eləcə də hüquq mədəniyyətinin
formalaşmasına mühüm töhfə verir.
Sessiyada çıxış edən Azərbaycan
Respublikası Məhkəmə-Hüquq Şurasının Aparat rəhbərinin müavini Rəşad Həsənli
hakimlərin etik davranış qaydaları, peşə fəaliyyətinin əsas prinsipləri və bu
sahədə tətbiq olunan beynəlxalq standartlar barədə ətraflı məlumat verib. Sonra
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkillərin İntizam
Komissiyasının sədri Cavid Alıyev vəkillərin etik davranış qaydalarına dair təqdimatla
çıxış edərək, vəkilin ona müraciət edən şəxslərlə münasibətləri, məhkəmə və digər
orqanlarla qarşılıqlı əlaqələri, həmçinin peşəkar münasibətlərin qurulması və
davamlı inkişafının əhəmiyyəti barədə danışıb.
Məlumat sessiyasının
davamında Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev və İnstitutun
Ekspert Şurasının üzvü, sabiq hakim Səadət Bəktaşi iştirakçılar tərəfindən
verilən hakimlərin və vəkillərin fəaliyyətində rast gəlinən etik pozuntulara
dair sualları cavablandırıblar.
Sessiya çərçivəsində iştirakçılarla real nümunələr üzərində fikir mübadiləsi aparılıb və etik davranışın təmin edilməsi yolları nəzərdən keçirilib.







