Cari il aprel ayının 18-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatı və sonrakı fəaliyyəti ilə bağlı hüquqi məsələlərdə vəkillərin rolu” mövzusunda hibrid formada təlim keçirilib.
Təlimdə qeyd olunub ki,
bu tədris tədbirində iştirak Kollegiya üzvlərinin 31 yanvar 2026-cı il tarixində
keçirilmiş ümumi yığıncağında (konfransda) qəbul edilmiş və Kollegiya üzvləri
üçün peşə hazırlığı, eləcə də ixtisaslarının artırılması üzrə nəzərdə tutulmuş
ikinci istiqamət üzrə 3 saat icbari tədris tədbirlərinə daxildir.
Əvvəlcə iştirakçılara
mövzu üzrə müvafiq təlim proqramı və cavablandırılması tələb olunan təlim
sualları, həmçinin stolüstü oxu materialları paylanılıb.
Təlimin əsas hissəsində
Vəkillər Kollegiyasının üzvü Aytən Abbasova qeyri-kommersiya qurumlarının
hüquqi statusunun müəyyən edilməsi mexanizmləri, hüquqi şəxslərin təşkilati-hüquqi
formalarının müqayisəli təhlili, qeydiyyatdan imtina hallarının hüquqi əsaslandırılması
və mübahisələndirilməsi yolları, o cümlədən qeyri-kommersiya qurumlarının cari
fəaliyyətinin hüquqi tənzimlənməsi istiqamətləri barədə geniş çıxış edib.
Təlim interaktiv
formada davam edib və sonda vəkillərin mövzu üzrə çoxsaylı sualları
cavablandırılıb.
Qeyd edək ki, təlimdə 171 vəkil distant, 43 vəkil əyani qaydada olmaqla, ümumilikdə Vəkillər Kollegiyasının 214 üzvü iştirak edib.






