Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində yeni layihəyə start verib.
Belə ki, iki qurum
arasında imzalanmış əməkdaşlıq haqqında Memoranduma əsasən, həyata keçirilən
layihə həmkarlar ittifaqları üzvlərinə pulsuz hüquqi yardımın göstərilməsini nəzərdə
tutur.
Layihə çərçivəsində
ilkin mərhələdə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən bir
qrup həmkarlar ittifaqı üzvünün müraciətləri dinlənilib, onların hüquqi məsələlərə
dair sualları ətraflı şəkildə cavablandırılıb.
Eyni zamanda
iştirakçılara mövcud qanunvericiliyin tələbləri izah olunub, konkret hallara
dair hüquqi yanaşmalar təqdim edilib və mümkün hüquqi müdafiə mexanizmləri barədə
tövsiyələr verilib.
Bu əməkdaşlıq həmkarlar
ittifaqı üzvlərinin əmək hüquqlarının və qanuni mənafelərinin daha etibarlı
müdafiəsinə, hüquqi maarifləndirmə tədbirlərinin artırılmasına və bu sahədə
birgə fəaliyyətin genişləndirilməsinə xidmət edir.
Qeyd edək ki, layihənin ölkənin müxtəlif regionlarında da keçirilməsi planlaşdırılır.



