Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkillərin İxtisas Komissiyasının sədri Turqay Hüseynov Hakimlərin Seçki Komitəsinə üzv seçilib.
Müvafiq qərar Məhkəmə-Hüquq
Şurasının iclasında qəbul edilib.
Hüquq elmləri doktoru
Turqay Hüseynov 1996-cı ildə Kazan Federal Universitetinin Hüquq fakültəsini fərqlənmə
diplomu ilə bitirib. 2000-ci ildən hüquq elmləri namizədi, 2018-ci ildən isə hüquq
elmləri doktorudur, 50-dən artıq elmi əsərin müəllifidir.
O, 2000-ci ildən Bakı
Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində elmi-pedaqoji fəaliyyətlə məşğuldur.
Hazırda BDU-nun İnsan hüquqları və informasiya hüququ YUNESKO kafedrasının
müdiri vəzifəsində çalışır.
Eyni zamanda Turqay
Hüseynov BDU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının sədridir.
O, 2004-cü ildən Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının üzvüdür. 2022-ci ildən etibarən isə Vəkillərin
İxtisas Komissiyasının sədri kimi fəaliyyət göstərir.
Turqay Hüseynov peşə bayramı münasibətilə və vəkilliyin inkişafındakı xidmətlərinə görə Prezident cənab İlham Əliyevin 28 dekabr 2023-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
