Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Hüquq kafedrasının təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və hüquqi tənzimləmə məsələləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransın açılışında
DİA-nın rektoru akademik Urxan Ələkbərov müasir dövrdə şəhərsalma siyasətinin
strateji rolundan bəhs edib. O, Prezident İlham Əliyev tərəfindən həyata
keçirilən məqsədyönlü siyasət nəticəsində ölkədə müasir şəhərsalma prinsiplərinin
uğurla tətbiq olunduğunu qeyd edib, Azərbaycanın beynəlxalq platformalarda, o
cümlədən “World Urban Forum” kimi nüfuzlu tədbirlərdə fəal iştirakının bu sahədə
əldə olunan nailiyyətlərin göstəricisi olduğunu vurğulayıb.
Konfransda Azərbaycan
Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov, ədliyyə nazirinin
müavini Eldar Nuriyev, Milli Məclisin komitə sədri Azər Əmiraslanov, Vəkillər
Kollegiyasının sədri Anar Bağırov, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət
Agentliyinin rəisi Bəxtiyar Tağıyev, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi
Fazil Həsənəliyev çıxış edərək şəhərsalma sahəsində hüquqi mexanizmlərin rolu,
məhkəmə təcrübəsi və dövlət idarəçiliyində tətbiq olunan yanaşmalar barədə
fikirlərini bölüşüblər. Onlar Prezident İlham Əliyev tərəfindən həyata keçirilən
ardıcıl siyasətin bu istiqamətdə dayanıqlı və kompleks inkişafın təmin
olunmasında mühüm rol oynadığını vurğulayıblar.
Vəkillər Kollegiyasının
sədri Anar Bağırov çıxışında qeyd edib ki, ölkə başçısının Sərəncamı ilə
2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycanın gələcək
inkişaf modelində şəhərsalma və memarlığın mərkəzi mövqe tutduğunu, milli
mühitin formalaşmasında hüququn, estetik dəyərlərin və sosial məsuliyyətin vəhdətini
təsdiqləyir. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən layihələr
yalnız binaların və infrastrukturların inşası deyil, həm də insan mərkəzli şəhər
mühitinin formalaşdırılması, ekoloji tarazlığın qorunması, habelə sosial ədalətin
davamlı və inklüziv inkişafının təmin olunması və hüququn aliliyinin daha da
güclənməsi deməkdir.
Daha sonra DİA-nın
Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev, BDU-nun Hüquq fakültəsinin
dekanı dosent Zaur Əliyev hüquqi tənzimləmə, şəhərsalma proseslərində
qanunvericiliyin rolu və müasir çağırışlar barədə məruzələrlə çıxış ediblər.
Konfrans bölmə iclasları ilə davam edib.








