Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİLLİYİN MÜSTƏQİLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANSDA SƏDR ANAR BAĞIROVUN AÇILIŞ NİTQİNİN MƏTNİ

15 noyabr 2018    1044 share share

Hörmətli xaricdən təşrif buyurumuş qonaqlar, hörmətli dövlət rəsmilərimiz, hörmətli vəkillərimiz, hörmətli tədbir iştirakçıları!

Hər birinizə vaxt tapıb bugünkü beynəlxalq konfransda iştirak etdiyinizə görə öz minnətdarlığımı bildirirəm!


Eyni zamanda tədbirin təşkilinə verdikləri əməli dəstəklərinə görə Avropa Şurası və Hüquqşünasların Beynəlxalq Komissiyasına xüsusilə təşəkkür edirəm! Həmçinin qeyd etmək yerinə düşər ki, öz əhəmiyyəti baxımından bu həcmdə və miqyasda tədbir Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının tarixində ilk dəfədir ki, keçirilir. Bu səbəbdən bugünkü tədbirin həm məzmun, həm də tədbir iştirakçılarının gözlənən fəallıqları baxımından yaddaqalan olacağı şübhəsizdir.

Tədbirin adından da göründüyü kimi, 2 gün davam edəcək bu konfransın bütün sessiyaları vəkillərin, ümumən vəkilliyin müstəqilliyini şərtləndirən seqmentlərdən formalaşmışdır. Əslində, tədbirin adında yalnız “vəkillərin müstəqilliyi” ifadəsi istifadə olunsa da, lakin hüquq nəzəriyyəsindən bizlərə məlumdur ki, müstəqillik yalnız müəyyən peşə daşıyıcılarının müstəqilliyini deyil, eyni zamanda özündə institusional müstəqilliyi ehtiva edir. Yəni əgər biz bu gün vəkilliyin müstəqilliyindən danışırıqsa, unutmamalıyıq ki, burada həm qurum olaraq vəkillərin peşəkar assosiasiyalarının müstəqilliyini, həm də fərdən vəkillərin peşə, prosessual və digər müstəqilliklərini tondem formasında fikir süzgəcimizdən keçirməliyik.

İcazənizlə, maraqlı bir məsələyə toxunmaq istərdim. Bunu bugünkü tədbirimizə münasibətdə xoş bir təsadüf də adlandırmaq olar. Demək, bu günlərdə mən Gürcüstan Vəkillər Kollegiyasının dəvəti ilə Tiflisdə “Vəkil peşəsi haqqında Avropa Konvensiyasına dəstək” adlı beynəlxalq konfransa qatılmışdım. Həmin Konfrasın nəticəsində bir bəyannamə də hazırlanmışdır. O sənəddə vəkilliyin müstəqilliyi ilə bağlı diqqətimi çəkən bəzi cümlələr var. Orada qeyd olunur ki, “vəkilliyin müstəqilliyi ədalət mühakiməsi sistemindən bilavasitə asılıdır”, həmçinin “vəkillərin və vəkil biriliklərinin müstəqilliyinin ədalət mühakiməsinin səmərəli idarə olunmasında əhəmiyyəti vardır”. Bu cümlələri təsadüfi olaraq səsləndirmədim.

Birmənalıdır ki, bu gün istənilən ölkədə olduğu kimi, bizim də ölkəmizdə vəkilliyin müstəqilliyinin təşəkkül tapması yalnız Vəkillər Kollegiyasının əlində olan məsələ deyil. Vəkilliyin müstəqilliyi məsələsinə kompleks yanaşılmalı və bu müstəqillikdə dövlətin özü bilavasitə maraqlı olmalıdır. Əslində normal, demokratik və tarazlı dövlət idarəçiliyi, habelə cəmiyyətdə sivil hüquqi münasibətlərin bərqərar olmasında vəkil peşəsinin rolu əvəzsizdir. Bu mənada vəkillik, ictimai münasibətlərin daha təmkil fazaya keçidində və onun təkamülündə faydalı institutdur, hətta antibiotikdir desəm, yanılmaram. Mənə görə vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur. Bu mənada, praqmatik idarəçiliyi olan ölkələrdə dövlət vəkilliyin inkişafında, şübhəsiz ki, maraqlı olacaqdır.

Və bizim ölkəyə gəldikdə isə, bu gün biz nəyin şahidi oluruq?! Əslində, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamı bizim institutun inkişafında dövlətin nə dərəcədə maraqlı olduğunu sübut edir və həm vəkilliyin, həm də insanlar üçün keyfiyyətli hüquqi yardımın əlçatan olması baxımıdan bu sənəd əvəzsizdir. Dövlət özü vətəndaşının hüquqlarının keyfiyyətli müdafiəsində maraqlı olmalıdır. Bu, onun ən azından konstitusion vəzifəsidir. Bu gün Azərbaycan vəkilliyinin güclənməsi ilə həm əhali – keyfiyyətli hüquqi yarımda çatımlılıq baxımından, həm dövlət – öz konstitusion agendasının realizasiyası baxımından, həm də korporasiya olaraq vəkillər kollegiyası vəkil peşəsinin güclənməsindən öz qazancını əldə edir.

Bundan başqa, bu gün Vəkillər Kollegiyası əlindən gələni edir ki, həm vəkillərin öz aralarında, həm vəkillərlə Vəkillər Kollegiyası arasında, həm də vəkillərlə üçüncü tərəflər arasında yaranan münasibətlər daha peşəkar və korporativləşmiş olsun. 1-ci sessiyadakı çıxışımda bu məsələlərə daha ətraflı toxunacağam, lakin qeyd olunduğu kimi, bu korporativləşmiş münasibətləri təmin etmək üçün Kollegiyanın Rəyasət Heyəti son bir ilə yaxın müddət ərzində neçə-neçə sənədlər qəbul etmiş, vəkillərin sayının artırılması, onların peşə bacarıqlarının daha da təkmilləşdirilməsi üzrə neçə-neçə işlər görməkdədir. Təbii ki, bu kimi fəaliyyət davamlı olaraq həyata keçiriləcəkdir ki, bu işədə İCJ kimi ixitsaslaşmış və Avropa Şurası kimi universal qurumların texniki dəstəyinə hər zaman ehtiyacımız olacaqdır.

Müstəqillikdən danışmışkən, bir məsələyə də toxunmadan keçmək olmaz. Unutmayaq ki, bu gün vəkillər məhkəmə hakimiyyətinin özünü idarə edilməsi işində - Məhkəmə Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin işində iştirak edir.

Sonda hər birinizə diqqətinizə görə təşəkkür edir və konfransın işinə uğurlar arzulayıram!

QEYD: Çıxışın tam mətni yaxın günlərdə paylaşılacaqdır.