Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Tələbə Gənclər Təşkilatının Hüquq klubunun təşəbbüsü ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun “Vəkillik institutunun rolu və tələbələr üçün imkanlar” mövzusunda hüquqşünaslıq ixtisası üzrə təhsil alan bakalavrlarla görüşü keçirilib.
Tədbiri giriş sözü ilə
açan DİA-nın rektorunun müşaviri Zaur Məmmədov Vəkillər Kollegiyasının sədri
Anar Bağırovu salamlayaraq tədbirin əhəmiyyətini vurğuladı, bu kimi tədbirlərin
tələbələrdə peşəkar dünyagörüşünün
formalaşması və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi
baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd etdi. O həmçinin bildirdi ki,
Respublikada yüksək nəticə göstərən hüquqşünas tələbələrin məhz Dövlət İdarəçilik
Akademiyasını seçməsi Akademiyada hüquq təhsilinin keyfiyyətinin və peşəkar
kadr hazırlığı ənənələrinin göstəricisidir.
DİA-nın “Dövlət idarəçiliyinin
hüquqi təminatı” kafedrasının müdiri Mehdi Abdullayev vəkillik institutunun
hüquqi dövlətin inkişafında əhəmiyyətli yer tutduğunu bildirib, vəkil peşəsinin
insan hüquq və azadlıqlarının müdafiəsində mühüm missiya daşıdığını qeyd edib.
O, tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki hüquqi bacarıqlar əldə etməsinin
vacibliyini xüsusi vurğulayıb, hüquq sahəsində peşəkar və milli dəyərlərə sadiq
kadrların hazırlanmasının DİA-nın əsas prioritetlərindən biri olduğunu diqqətə
çatdırıb.
Tədbirin qonağı, Kollegiyanın
sədri Anar Bağırov geniş nitqlə çıxış edərək ölkədə vəkillik institutunun
inkişaf mərhələləri, hüquq sahəsində aparılan müasir islahatlar və gənclər üçün
yaradılan imkanlar barədə ətraflı məlumat verib. Sədr vurğulayıb ki, Prezident
İlham Əliyev tərəfindən hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində həyata
keçirilən siyasət nəticəsində vəkillik institutu yeni inkişaf mərhələsinə qədəm
qoyub.
Anar Bağırov çıxışında
vəkil peşəsinin cəmiyyət üçün əhəmiyyətindən, hüquqi maarifləndirmənin
artırılması istiqamətində görülən işlərdən və gənc hüquqşünasların peşəkar
inkişafı üçün həyata keçirilən layihələrdən bəhs edib. Bildirilib ki, VK tərəfindən
tələbələrin təcrübə proqramlarına cəlb olunması, hüquqi təlimlərin təşkili və
peşəkar fəaliyyətə hazırlıq istiqamətində mühüm addımlar atılır.
İnteraktiv formatda
keçirilən görüş zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb, hüquq
təhsili, vəkilliyə qəbul prosedurları, etik prinsiplər və gələcək karyera
imkanları barədə geniş fikir mübadiləsi aparılıb.
Səmimi və interaktiv formada keçən tədbirdə tələbələr belə görüşlərin onların nəzəri biliklərinin zənginləşdirilməsi və praktiki hüquqi bacarıqlarının artırılması baxımından mühüm əhəmiyyət daşıdığını ifadə ediblər.






